Ağrılar ağ günə çıxarmaz...

Apteklərdən baxanda, dünya çox qara görünür



Fast foodun hökmranlıq, ekologiyanın bərbad olduğu dönəmdə ancaq fəsadlardan danışmaq olar. Xalqın maddi vəziyyəti soyuducudan bilinir deyirlər... Amma sağlamlığın nədən bilindiyini müəyyən etmək bəzən çətin olur. Hər evin soyuducusuna yaxınlaşa bilməsək də, şəhəri gəzdik, vətəndaşlarla danışdıq, umumi sağlamlıq haqda məlumat topladıq. Və bu sahədə apteklər bizim köməyimizə gəldi. Ən çox hansı dərmanın satıldığını öyrəndik. Əvvəlcə metronun 28 may stansiyasının ətrafındakı apteklərdə sorğu keçirdik.

10 ildi "S...” adlı həblə xanımını həyatda saxlayan Azərbaycan Dillər Universitetinin pedaqogika fakültəsinin dosenti İnqilab Xəlilov jurnalist olduğumuzu hiss edincə, özü bizə yaxınlaşıb danışdı. Müəllim heç bir xəstəlikdən əziyyət çəkmir və özünü də çox gümrah hiss edir. Mövsümdə yüngül soyuq dəymələri olur, onu da xalq təbabəti ilə həll edir.

Aptekə gəlməsinin isə bir səbəbi var. O da məlum - yoldaşına neçə illərdir bu aptekdən eyni dərmanı daşıyır.

Əşrəf Əliyev gəncdi, 26 yaşı var, energetikdi. Ona dərmanların qiymətindən razısınızmı - sualını verdikdə cavabı belə oldu:

- Mən dərman istifadə etmirəm və ona görə qiymətlər haqda heç nə deyə bilmərəm. Ancaq qrip olanda qriphot, yüngül baş ağrıları olduqda "pentalgin” qəbul edirəm.

Ülkər Paşayeva 10 ildi əczaçıdı.

Ülkər xanım, ən çox hansı dərmanları axtarırlar?

- Baş ağrısı dərmanları, diş ağrısı, ağrı kəsicilər, iştah artırıcı dərmanlar, kökəldici və arıqladıcı preparatlar..

Ülkər xanımdan bu illərdə aptekdə başına gələn qeyri-adi hadisələrdən danışmasını istədim.

- Əlbəttə ki, olub. Amma danışa bilmərəm (dodaqaltı gülümsədi).

Mövsümə uyğun xəstəliklər var. Məsələn, yaz və payız aylarında allergiyaya qarşı dərmanlar çox satılır. Saç tökülməsi çoxaldığından at şampunlarına tələbat yüksəkdir.

Vətəndaşlar ən çox baş ağrılarından əziyyət çəkirlər. Xüsusi ilə də yaşlılar və hamilə qadınlar.

Bu barədə Hökümə İsmayılova ilə danışdıq. Xanım müsahibə verməyə həvəssiz görünsə də, razı sala bildik. 2-ci dəfə ana olmağa hazırlaşan Hökümə xanım kalsium çatışmazlığına görə həblər qəbul edir.

- Hökümə xanım, heç olubmu həkim məsləhətsiz hansısa dərman qəbul edəsiz?

- Yox, olmayıb. Mən farmasept məsləhətiylə olsa belə, bunu etmərəm. Bu gün saxta dərman çox yayılıb, düzdü, bu halla qarşılaşmamışam, amma uşaqlarımı və özümü düşünməliyəm. Məncə, aptekə gedib hansısa kömək almaq həkimə getməkdən daha rahatdı. Amma o halda ki, əczaçılar bilikli olsunlar. Təəssüf ki belələrinə az rast gəlinir.

Apteklərdə olarkən uşaq ləvazimatlarını da gördüm, doğrusu çox bahadır. Gün ərzində bir körpəyə pampers, yemək, vitamin və s. Orta qiymətlə hesablasaq aylıq 150 manata çıxır. Ortepediya ayaqqablarından, ümumiyyətlə, danışmasam yaxşıdır. Adi ayaqqabıdan 2 dəfə bahadı.

Əllərində resept fikirli halda apteklərdən çıxanlar demək olar ki, daha çoxdu... Sünyə nənə üzünü göstərməsə də, bizə dərdini danışdı... "Şəkər xəstəsiyəm qadası, bacımın nəvəsi ilə qalıram. Pensiyaya ümidliyəm, həm də bu yaşımda məktəblərdə xadimə işləyirəm”.

- Sünyə nənə, dərmanların qiymətləridən razısınızmı?

- Qadası, dərmanlardan, ümumiyyətlə razı deyiləm. Şəkərə 20 yanvar hadisələrindən sonra tutuldum. Tək yaşayırdım. Eşitdim ki, ermənilər gəliblər, ayaqlarım əsdi. O zamanlar baş elə qarışdı ki, heç həkimə də getmədim. Sonra da bir ildən sonra bildim ki, şəkərəm. Mənim narkomanlardan fərqim yoxdu, hər gün bu iynəni damarıma yeritməliyəm. Hər gün mən insulin və şprist alıram. Sağ olsun apteklər də, pulum olmur, nisyə verirlər sonra pensiya alanda aparıb qaytarıram.

"Nisyə verirlər” deyəndə bəzi apteklərdə bu yazıya rast gəlməyim yadıma düşdü.

Deməli, onlar bu hallarla tez-tez rastlaşdıqları üçün bu loqonu yazıblar. "Nisyə dərman verilmir”.

Təbriz küçəsindəki apteklərin heç biri içəridə sorğu aparmağımıza izin vermədilər. Biz də aptekin çıxışında insanları danışdırmağa çalışdıq.

Qətibə Bədirova Səyyad qızı "28 may” ərazisində yerləşən məktəbdə müəllimə işləyir. Ağciyərin iltihabı xəstəliyinin daşıyıcısıdır. Deyir bu aptekdə dərmanlar ucuzdu, həm də keyfiyyətlidi.

Yalnız reseptlə satılan dərmanlar da var. Bəziləri bundan narazıdı. Bunun da cavabnı tapdım.

Bəziləri gəlir göz ağrıları üçün nəzərdə tutulmuş "Terapin” "Medriancsil”ini narkotik əvəzi alıb, qəbul edirlər. Lakin sonradan qadağan olundu və heç bir həkim bunu xəstələrinə yazmır. Amma hələ də gəlib istəyənlər var. Və yaxud əsəb xəstələri sakitləşdirici preparatlarını məlum səbəbə görə reseptsiz istəyirlər.

Təbii yollarla müalicə olunanlar da var.

Məmmədova Sevinc Bioloji aktivlərdən ibarət məhsullarının satılması işi ilə məşğul olur. Xanım, illərdi bu işlə məşğuldu və söylədiyinə görə əsil müalicə içdən və kimyəvi qatqısız olmalıdı.

- Sevinc xanım, bildiyimə görə diş məcunlarının aşağı hissəsində rəngdən onun tərkibini bilmək olur. Bu nə dərəcədə doğrudu?

Bu tamam yanlışdı. Belə olmalıdı, lakin təəssüf ki, bütün məhsullar belə qaydayla hazırlanmır.

Bu gün sivil insanlar öz xəstəliklərini təbii məhsullarla müalicə edir. Apardığım araşdırmadan belə nəticəyə gəldim ki, ən çox yayılmış xəstəlik şəkər, təzyiq, xroniki baş ağrılarıdı. Ən böyük problem də qiymətlərin qeyri standartlığıdı. Əsasları da belədi: "Biz özəl müəssisəyik, qiymətlər bizim məsələmizdi”. Belə sərt cavablar adamda elə bir təəssürat yaradır ki, sanki dərmanları insanlar zinət kimi alırlar, almasalar da olur.

Amma düşünmək lazımdı ki, bir həb bir gün daha yaşamağa səbəb ola bilir.