“Müxalifət artıq bitdi...”

Tahir Kərimli: “Xalqın taleyini əcnəbilərin ixtiyarına buraxmaq istəyən qüvvəni kimsə dəstəkləməz”



Ölkədə keçirilən prezident seçkisi arxada qaldı. Azərbaycan xalqı növbəti beş il müddətinə dövlət başçısını seçib. Seçki prosesi ilə bağlı müşahidələrini öyrənmək üçün Vəhdət Partiyasının (VP) sədri Tahir Kərimli ilə əlaqə saxladıq. Partiya sədri "Şərq”in suallarını cavablandırıb.

- Yəqin ki, müəyyən seçki məntəqələrində oldunuz. Nələri müşahidə etdiniz? Seçkilər necə keçdi?

- Hər şey qaydasında idi. Seçki məntəqələrində texniki işlər və səsvermənin təşkili beynəlxalq standartlara cavab verirdi. Hansısa seçki məntəqəsində Seçki Məcəlləsinə zidd hallarla rastlaşılmadı. Yerli və beynəlxalq müşahidəçilər seçkiləri sərbəst şəkildə izləyə bildilər. Bütün müşahidəçilər prosesin yüksək səviyyədə təşkil olduğunu bildirdi. Məntəqə seçki komissiyalarının üzvləri seçki qanunvericiliyi ilə tam tanış idilər və istənilən sualı izah edə bilirdilər. Qanun pozuntusu qeydə alınmadı”.

- Ötən beş ildə hakim partiya bir çox uğurlara imza atdı. Sizcə növbəti 5 ildə hansı uğurlara nail olunacaq?

- Yeni Azərbaycan Partiyası (YAP) ölkədə bütün ictimai-siyasi vəziyyətə tam nəzarət edir. 600 min təmsilçisi olan böyük bir partiyadır. Çox zəngin inzibati, ictimai və siyasi resursları mövcuddur. Böyük miqyaslı iqtisadi tədbirlərin həyata keçirilməsi, Azərbaycanın iqtisadi inkişafına 150 milyard dollar sərmayənin yatırılması, Dövlət büdcəsinin 25 milyard dollara çatdırılması İ.Əliyevin parlaq gələcəyimizin qarantı olmasının ən mühüm göstəriciləridir. Hətta, növbəti 5 il ərzində Sumqayıtda 37 zavod, Qaradağda və Balaxanıda 100 minlərlə iş yerləri açılacaq. Korrupsiyaya qarşı mübarizə daha da gücləndiriləcək. Əhalinin sosial rifahı yüksəldiləcək. Qarabağ məsələsində də böyük irəliləyişlər olacaq.

- Seçkilərdə rəhbərlik etdiyiniz qurum necə iştirak etdi?

- MSK yekun nəticələri açıqlayan kimi cənab İlham Əliyevə Vəhdət Partiyası adından təbrik məktubu göndərdik. Əslində, bu bizim də qələbəmizdir. Sabitliyi hər şeydən üstün tutaraq İ.Əliyevi dəstəklədik. Vəhdət Partiyası olaraq fərqli mövqeyimiz ondan ibarətdir ki, sistemli islahatlar zamanı kadr siyasəti deyil, yeni kadr siyasəti irəli sürülməlidir. Çünki bu, Azərbaycan xalqının hakimiyyətdə təmsilçiliyinə gətirib çıxara bilər.

- Azəərbaycan müxalifəti yenə də uduzdu...

- Müxalifəti məğlub edən verdikləri açıqlamaların real olmamasıdır. 2003-cü ildə xalqı qələbəyə aparacağıq deyə vədlər verirdilər. Amma, sözlərini tutmadılar. Buna görə də xalq onları dəstəkləmir. Hətta narazı elektoratlar da onlardan imtina edib. Mövcud iqtidara böhtan, şər və iftira kampaniyasını yürütməklə özlərini nüfuzdan saldılar. Hazırda yeni bir "qara piara” başlayıblar. Guya ki, Milli Şuranın namizədi Cəmil Həsənliyə verilən səslər saxtalaşdırılıb. Bu, heç də reallığı əks etdirmir. Baxın hazırkı prezident C.Həsənlidən 5 dəfə artıq səs toplayırsa, MŞ namizədinin hansı qələbəsindən danışmaq olar? Seçkilərə obyektiv qiymət vermək lazımdır. Xalqın mütləq əksəriyyəti indiki dövlət başçısını dəstəkləyir. Adlarını MŞ qoyan bir qurum Avropa ölkərinə bel bağlayır. Xalqın gələcəyini əcnəbilərin ixtiyarına vermək istəyirlər. Bu baxımdan, müxalif cəbhədə təmsil olunanların seçki prosesini qeyri-demokratik saymalarını düzgün hesab etmirəm. İ.Əliyevin qələbəsi realdır. Onu xalq seçdi.

- Müxalifətin gələcəyini necə görürsünüz?

- Ənənəvi müxalifət artıq bitdi. Cəmiyyətdə tutduğu qeyri-real mövqeləri ilə öz müsavatçılıqlarının üstündən xətt çəkdilər. Acizliklərini etiraf etdilər. Bu müxalifətin sonu deyilmi? Bundan sonra radikal müxalifətin baş qaldırması mümkünsüzdür. Xalqın taleyini əcnəbilərin ixtiyarına buraxmaq istəyən qüvvəni kimsə dəstəkləməz. Müxalifət böyük iddialarla kiçik imkanları eyniləşdirməli deyil. Müxalifət narazı elektoratı birləşdirə bilməyəcək. Çünki bunun üçün müxalif partiyaların özlərinin birliyi vacibdir. Bu birlik isə onlarda yoxdur. Olmayacaq da.