Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın oktyabrın 12-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib. İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribatın baş verməsinə imkan verilməyəcək: "Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişik. Onlara xəbərdarlıq ediləcək. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar”.