Azyaşlı uşağın əli ət maşınında qaldı




Bakıda azyaşlı uşağın əli ət maşınında qalıb. Hadisə Qaradağ rayonu, Qobustan qəsəbəsi, Təzəyurd məhəlləsində qeydə alınıb. Adıçəkilən ünvanda yaşayan 3 yaşlı Əsma Vahidovanın əli ət maşınında sıxılaraq qalıb. Valideynləri uşağın sol əlini ət maşınından çıxara bilmədikləri üçün hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Xüsusi Xilasetmə hissəsinin xilasedicilərini çağırıblar. Xilasedicilər balaca Əsmanın əlini xilas etmək üçün təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alətlər vasitəsilə ət maşınını ayırıblar. FHN əməkdaşları xəsarət yetirmədən zərərçəkmişin sıxılmış əlini ət maşınından çıxararaq, onu Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.
Uşağın sol əl barmaqlarının ağır zədə alması səbəbindən balaca Əsma Kliniki Tibbi mərkəzə çatdırılıb. Uşağın 5 barmağı ağır travma aldığına görə əməliyyat olunub. Əməliyyat nəticəsində barmaqlar bərpa edilib. Əsmanın həkiminin sözlərinə görə, uşağın vəziyyəti normaldır. Çəkiliş aparmaq istədiyimiz zaman uşağın valideynləri müsahibə verməkdən boyun qaçırdılar və uşaqla birlikdə xəstəxanadan uzaqlaşdılar.
Azyaşlı uşaqlar arasında bu cür bədbəxt hadisənin baş verməsi ilk belə bir hal deyil. belə bir hadisə Lənkəran rayon sakini 2 yaşlı Əsna Cəfərzadənin də başına bir il bundan əvvəl gəlmişdi. Həmin zaman nəzarətsiz qalan uşaq əlini ət maşınının içərisinə salaraq, ağır zədə almışdı. Bu isə Lənkəranda baş verən 3-cü anologi hadisə idi.