ANARIN KİTABI...



(ədəbi esse)

Hər yazdığın doğru olsun, fəqət hər doğrunu yazmaq doğru deyil türk atalar sözü

Şəxsiyyət fərdiyyət deməkdi, şəxsi fikir hərdən adama baha başa gəlsə də! Amma ədalətli şəxsi fikir olmadan şəxsiyyət, şəxsiyyət olmadan isə xalq mövcud deyil. Şəxsi fikir yalnız razılığa gəlinmiş şəxsiyyətsizlik axınına qarşı nizamla getdiyi anda xəlqi olur. Şəxsi fikir şəxsi tamaha yox, xalqa, qayğıya ünvanlananda xəlqiləşir. Gözlərə və könüllərə dürtülən şəxsi fikir öz-özünün qənimidi. Şəxsiyyət başqalarının müdafiyəsi naminə bağırmadan deyilən şəxsi fikirdən doğulur. Şəxsi fikrin hüquqları pozulduğu halda, xalqın ümumi fikrinin yaranması mümkünsüzdü. Xalqın fikri yuxarıdan fırlanan pərgar yox, məhs şəxsiyyətlərin şəxsi fikirlərinin ümumi cəmidi.

Nə vaxtsa Andrey Platonov bu fikri dahiyanə şəkildə izah etmişdi: "Mənsiz xalq yarımçıqdı”. Əfsuzlar olsun ki, çox zaman kimlərinsə rolu cəmiyyətdə mədhiyyələrlə göylərə qaldırılır, digərləri isə ümumi mexanizmdə siyasət xokkeyinin rezin şaybalarına çevrilir. Bəzən şəxsi fikirlər kinayə ilə qarşılanır, bəzi hallarda isə guya "xalqın fikrinə” əks fikir kimi töhmətlənir. Bizim bütün faciyəvi səhvlərimizin pis niyyətdən doğulduğu bir o qədər də ağla batan deyil. Milyonlarla xalqın "Necə lazımdı?” sualı qarşısına amiranə görünsə də, subyektiv olan "Belə lazımdı!” cavabı çıxırsa, onda bu fikrin əmrə çevrilməsinin mənəvi hüququ yoxdur. Vətəndaş abır-həyası içtimai tərəqqinin mühərriki, keçmiş səhvlərin təkrarlanmamasının qarantıdı. Azadlıq və müstəqillik şəxsi qürur, şəxsi abır-həya olmadan mümkün deyil. Zənnimcə, "Xalq”, "Millət”, "Bəşəriyyət” anlayışı yazıçı Anarın təsəvvüründə ilk öncə şəxsiyyətlərdən ibarətdi. Amma burada söhbət heç də məşhurlardan getmir. Çünki, məşhur adamlar heç də həmişə xalqın, bəşəriyyətin ən ali zümrəsinə aid olmur. Anar üçün şəxsiyyət fərdiyyətin müstəqil tənhalığıdı.

Görkəmli publisist Nikolay Zinkoviç yazır "Hələ ki, küləyin səmtini yalnız yuxarıdakılar müəyyənləşdirir. Biz də hələ ki, burda öz yerimizdə, aşağıda, rişədəyik”.

Əlbəttə ki, o, tamam haqlı deyil. Bu gün onun bir vaxtlar mətbuatda çap edilməsi mümkünsüz olan fikirlərini açıqlamaq hüququ var. Amma dərd burasındadır ki, bizdə bəzən bütün insani münasibətlər sistemi gündəlik mənəvi alçatma üzərində qurulur. Mənəvi alçatma radiyasiya kimi bir şeydi: nə rəngi, nə də iyisi var. Və buna görə də dəhşətlidi. Hesab edirəm ki, insanda olduğu kimi, cəmiyyətdə də ən dəhşətli şey deyiləsi sözləri məcburən içəridə boğmaqdı. Çölə çıxmayan bu fikirlər insanın içini çürüdür, qurudur, onun sağlamlığını söküb-dağıdır. "Ona görə də biz ürəyimizdə çürümüşlərə sığınıb öləcəyik” – Pasternak belə yazır. Içəridən cürümək zahirdən gələn korroziyadı. Ürəyini bağırmadan pıçıltı ilə boşaltmaq imkanı olan insanlar heç bir günah işləməyən mələklərin elçisidir.

Bizim cəmiyyətin ən təhlükəli qəzalarından biri də onun fəlsəfi qidasının məhdudluğudu. Bu zəiflik ilk növbədə uzun illər alternativ fəlsəfənin mütaliəsinə qoyulan qadağalarla izah olunur. 1977-ci ildə Zaqatalada keçirilən Yaradıcı Gənclərin Ümumittifaq Seminarında Rəsul Rza demişdi: "Bizim ədəbiyyatın ən qorxulu cəhəti svetofor sayaq psixologiyadı. İçərimizdəki müxtəlif rəngli şüşələri olan siqnal fənəri əslində səsi çıxmayan yalandı.” Tolstoy baba da yazır ki: "Mənim tarix üçün yazdığım epiqraf belədi: Yalan danışmamaq azdı, gərək susmaqla daha səthi yalandan qaçasan. Özündən müştəbehlik olduqca xoş yuxuların ucbatından və bununla yanaşı, olduqca incik oyanışdan yarana bilər.” Ustadlar yaxşı bilirdilər ki, nəyisə gizləməmək, fəqət nəyinsə barəsində susmaq – vətəndaşlığın oddan qızarmış, dabanları yandıran üçkünc mənəviyyat daşıdı. Azadlıq o daşın üstündə dayanıb və bundan sonra da dayanacaq. Hər zaman özünü "İlahiləşdirən,” özünü "müqqədəsləşdirən” yalançı vətəndaşlığın qarşısında qırmızı xətt çəkilməlidir. Nazim Hikmət Puşkin haqqında yazırdı: "Başqa xüsusiyyətləri lazım deyil, Puşkinin yalnız bir xüsusiyyətini, ümumbəşərilik xüsusiyyətini götürün.”

Anar üçün vicdanda olduğu kimi, demokratiyada da sapmalar yoxdu. Anar üçün demokratiyanın paytaxtı hər bir insanın özünə bütün dünyanı yerləşdirən ürəyidi. Anar üçün demokratiyanın paytaxtı anarxiyanın qəbirstanlığıdı!

Nazim Hikmətin Peredelkinodakı bağının divarına bir şəkil asılıbmış. Şəkil "Rembrandtla ad günüm” adlanır. Eyni gündə, 15 iyulda doğulan iki rəssamın biri Rembrandt 1606-cı ildə Leydendə, o biri, şəklin müəllifi Oleq Talkov 1934-cü ildə Moskvada dünyaya gəlib. Hər ikisinin əlində qırmızı çaxırlamı, ya tarixin alovuylamı doldurulan badə var. Rembrandta sarı əyilən rus elə bil onun qulağına nəsə qeybət edir, ya bəlkə də ola bilsin, nəsə soruşur. Rembrandtın ölümündən sonra planetdə baş verənlərin hamısından xali olan və bu səbəbdən də onun üzərində dəhşətli üstünlüyünü hiss edən gənc rəssamın gözləri iblisanə tərzdə işıldayır. Mağaza, kommunal evlərin mətbəx növbələri, basabas tramvaylardan sallanmaq dərsi, gecə qapı döymələrinin vahiməsi, xaricə buraxılmamaq, şəkillərin sərgiyə qoyulmaması və satışa icazə verilməməsi, sayagəlməz qadağalar və hədə-qorxular məktəbi keçən bu gənc rəssamda yaşamağın necədə tükürpədici ehtirası var. Bu rəsmdə hansı daha güclüdür? Nazim Hikmət bu sualı özünə dəfələrlə veribmiş. Qonaqlardan da soruşub. Yaxşı cavabı Qabriel Qarsiya Markes verib: "Hər ikisi güclüdü”. Ən orijinal cavabı isə yaxın dostu, kinorejissor Əjdər İbrahimov verib: "Badəni aşağıda tutan daha güclüdü”. Şəkildə badəni aşağıda tutan yaşça böyük olandı, yəni rəssam Rembrandt.

Bəli, əsl demokrat tarixin alovu ilə dopdolu badəni aşağıda tutandı. Çünki, dünya görmüş demokrat daha güclüdü. Tolstoy baba məktublarından birində qeyd edirdi: "Mən rusların savadlanması üçün get-gedə daha çox kitab nəşr etməklə məşğulam. Mən "xalq üçün” sözündən qaçıram. Çünki, fikrimin məğzi bundadı ki, xalqı və qeyri – xalqı bir birindən ayırmayım”. Gördüyünüz kimi, dahi rus ziyalısı vətənpərvərliyi öz monopoliyasına almaq istəməyib. Bəzi bizim "vətənpərvərlərə” və onların ədəbi ilhamvericilərinə Tolstoy babadan öyrənməyi məsləhət görərdim.

Anar üçün milli takt ziyalılığın ilk əlamətidi. "Xalq” və "qeyri xalq” kimi ayrı-seçkilik salmaq sosial bəladan daha çox milli bəladı. Milli takta riayət etmək ümumbəşəri dəyərlərdəndi. Amma beynəlmiləlçilik ləyaqəti şəxsi və milli ləyaqətdən heç də az əhəmiyyət daşımır. Milli özündənrazılıq əməldə özgə yox, doğma xalqın alçaldılmasına gətirib çıxarır. Nəinki hər bir xalq, hər bir insan təklikdə fövqəldövlətdi. Dərd burasındadı ki, insandan və xalqdan başqa fövqəldövlət olmadığını dünyada hamı anlamır. Anar kimi mücahidlərin dilində fövqəlinsan humanizm, fövqəldövlət isə müstəbidlik kimi səslənir. Başlanğıcında səmimi olan insanların düşüncəsini öz monopoliyasına alan siyasət onların başına nələr gətirmir?! Məgər zalımlıq, düşmənçilik insanların genindəmi proqramlaşıb? Inanmıram ki, ana bətnində olan embrion artıq oradaca qəddarlığa yoluxub. Hətta quduz itlər də sahiblərinin onlara türmədən qaçanları tutub parçalamaq dərsi keçənə qədər pişik balası kimi ürkəyən olurlar. Ürkəyənin hürəyənə çevrilməsi müsibətmiş!

Anar kimi peşəkar qələm sahibləri çoxdan dərk ediblər ki, bəşər tarixi nəhəng ideallar və nəhəng psixozlar tarixidi. Kütləvi psixozun yaranışı ola bilsin ki, ən əvvəl qədim, tüklü insanın valehedici, hərdən isə öz gücüylə vahimə yaradan təbiətlə görüşərkən duyduğu çaşqınlıq hissindən başlanır. Bəşəriyyətin azadlıq uğrunda mübarizəsi də elə məhz kütləvi psixozdan xilas olmaq mübarizəsidi. Kütlələrin fərdiyyətlərə "nifrət” psixozu sələflərin xələflərini gəmirir. Hətta müharibələr də bu psixozun qarşısını kəsə bilmir. Nadanlıq və cəhalət siyasətin donmuş psixozudu. Assosiativlik kinayəli illuziyalardan deyil, donmuş psixozun labüd ümumi atmosferindən yaranır. Amma bu hal hər ölkədə müxtəlif formalarda təzahür edir.

Donmuş psixozun son nəticəsi "demokraturadı (demokratiya + diktatura)”.

Anar Azərbaycan Sovet ədəbiyyatında qoqol-şedrin gücü ilə "demokratura donmuş psixozdu” deyə bilən ilk yazıçıdı (Molla Nəsrəddin – 66). Anarın hər zaman axına qarşı dayanmağa və şübhələnməyə cəsarəti çatır. Bəzən axın onu bezdirir, özünə qatıb aparır, amma bozarmış sellərin qoynunda belə kəramət tapır, əzilsə də, təklənsə də, söyülsə də o şübhələnməyində davam edir. Anarın şübhələri adamlara və tarixə yuxarıdan baxan, ağrıdıcı şəkildə inadkarlıqla ağıllı görünmək istəyən bir insanın şübhələri deyil. Anarın şübhələri asılqan körpüdən ilk keçən adamın şübhələri kimidir. O, başqa adamlar keçməzdən əvvəl həmin körpüdəki taxtaların hər birindən şübhələnib ayağı ilə bərkliyini-boşluğunu yoxlayır. Anar xəstəyə dərman yazmazdan qabaq onu özündə yoxlayan həkim kimi şübhələnir. Bu cür şübhələr qiymətlidi. Və bu gün bəşəriyyəti ölümün uçurumuna yıxılmaqdan qoruyan məhz bu cür şübhələnən insanlardı. Nəyəsə şübhə etməyənlər təmtəraqlı şəkildə fəlakətə doğru addımlayırlar. Şübhə etməyənlər tərkibini və yükünu dəyişmədən, qabaqcadan müəyyən olunmuş marşrut üzrə hərəkət edən zirehli qatarın paravoz ocaqçılarıdı.

Anar müasirləri ilə deyil, əcdadları ilə bir sırada addımlayır. Heç onların da hamısı ilə yox! Amma Anar müasirlərini əcdadlarından daha çox sevir. Çünki Anar, onları yalnız dəyişkən keyfiyyətlərinə görə tanımır. Əcdadlarımız isə onun təsəvvüründə dumanlı, ziddiyyətli və qeyri-müəyyən şəkildədi. Anar yolundan azmışları da sevməyi bacarır. Həm də onların günahlarını əhf etmiş adam kimi yox, ağrıyla, sancıyla sevir. Anar dayanmadan "düşüncələri və həyacanları” ilə bir qrup ədəbi "psixiatorları” əsəbdən çıxarır. Anarın səbri və şükranlıqı abır-həyasını itirənlər üçün dözülməzdi. Üzeyir bəy, Cavid Əfəndi, Mirzə Fətəli, Dədə Qorqud, Mirzə Cəlil və b. haqqındakı əsərlərində Anar isti, diri insanları dövlətin soyuq, bürünc və tunc rəmzlərindən daha yüksəyə ucaldıb. Anar insana sevginin möcüzəli bənnasıdı. Hacansa atam mənə demişdi: "əgər insanı sevirsənsə bütün təhlükələrdən onu xəbərdar etməlisən. Hətta bu təhlükə onun canında, xasiyyətində, vərdişlərində qərar tutubsa belə”. Xalqla münasibət belə qurulmalıdı. Xalqla əylənmək, xalqı cırnatmaq, xalqı sapdırmaq ona biganəlikdən yaranır. Xalq adından yalnız ondan istifadə etmək məqsədi ilə danışmaq günahdır. Əgər yazıçı xalqa əsl kerçəkliyi bağırtı ilə yox, pıçıltı ilə deyirsə, xalq bundan faydalanır. Çünki, xalq xalqla yalnız yazıçının vasitəsi ilə danışa bilir. Bağırdıqca bağıran gülünc personajlar utopislərdi. Utopiya isə gercəklikdən daha təhlükəlidi. Çünki cəlbedicidi!

Uorren Bitti öz filmlərini demək olar ki, ssenarisiz çəkib. Əslində, tarixin özü də eynən bu cür rejissor – improvizatordu. Pis pyesdə olduğu kimi ziddiyətli tarixin özün də belə hərdən rolu dahiyanə şəkildə ifa etmək mümkün olur. Tarix tərəfindən istedadsız tərzdə yazılmış və çəkilişi milyon ildi davam edən "bəşəriyyət” serialında Anar öz rolunu ləyaqətlə ifa edir.

Anar gerçəkləşə bilməyən ümumbəşəri illuziyaların şirin xatirəsi, altmışıncı illər romantikasının diri, son dərəcə ürəyəyatımlı xronikası, Sındırılmış Nəhəng Ümüdlər epoxasının şərafət və nəcabət sahibi olan laməkan ədəbi heykəllərimizdən biridi. Heykəlləri uçuranda postamentə dəyməyin. Ölülər dirilməsə də, heykəllər qayıda bilər. Tarixdə və ədəbiyyatda oynadığı müşərrəf rol Anarın alın yazısıdı, toxunulmaz və baxımsız coğrafiyasıdı.

Vestministr kolleci prezidentinin evində Çörcill üçün "isveç stolu” tipli yüngül bir nahar hazırlanıbmış. Süfrədəki məxsusi yeməyi ananas, apelsin sousunda hisə verilmiş donuz qabırğası təşkil edirdi. Naharın əvvəlində Çörcill deyir: "mən donuzları sevirəm. Itlər bizə aşağıdan yuxarı, pişiklər isə yuxarıdan aşağı baxır. Yalnız donuzlar bizə özlərinə bab məxluq kimi baxır”. Mərasimdən sonra isə o deyir: "bu donuz öz zirvəsinin təkamülünə çatıb”.

Güman edirəm ki, bu gün Anara kəc baxan bəzi "azar-bezar yazarları” gec-tez ona doğma nəzərlə baxaraq, öz zirvələrinin təkamülünə çatacaqlar.

Güman edirəm ki, bu gün Anara kəc baxan bəzi "giley-güzar yazarları” Mirzə Cəlilin "Anamın kitabını”, Məmməd Arazın "Atamın kitabını” təkrarən oxusalar, "Anarın kitabı” dərk olunacaq. Çünki "Anarın kitabı” Azərbaycan və Azərbaycançılıq məfkurəsidir. Zənnimcə Andrey Platonov Anarın müasiri olsaydı deyərdi ki, Azərbaycan ziyalısı Anarsız yarımçıqdı.