Sosial şəbəkələrdə millət vəkili, bir müddət əvvəl təmsil olunduğu Ana Vətən Partiyasının rəhbərliyindən kənarlaşan millət vəkili Zahid Orucun prezident seçkisindən sonra öz partiyasını yaradacağı haqqında yenidən söz-söhbətlər yayılıb. İddialara görə, Z.Oruc iqtidara yaxın digər siyasi partiyalardan fərqli, yeni və dinamik bir iqtidaryönlü qurum yaratmaq fikrindədir.
Qeyd edək ki, seçkidən öncə də bu kimi iddialar ortaya atılmışdı, amma millət vəkili mətbuata verdiyi açıqlamada qətiyyən belə bir fikrinin olmadığını bəyan etmişdi. Məsələnin yenidən gündəmə gəldiyini nəzərə alaraq deputat Z.Orucla əlaqə saxladıq. Millət vəkili bu haqda yayılan xəbərlərin əsassız olduğunu qeyd edərək hər hansı təşkilat yaratmaq niyyətinin olmadığını bildirib: "Əslində bu barədə mediada və xüsusilə də sosial şəbəkələrdə yayılan söz-söhbətlər mənə xeyli təəccüblü görünür. Çünki bir tərəfdən insanlar ayrı-ayrı partiyaları çox kəskin şəkildə qınayır, həmin qurumları strukturlaşmaq, müxtəlif ideya və mövqe ortaya çıxarmaq prosesində lənglikdə suçlayırlar. Yaxud da partiyaları sanballı kadr yetişdirə bilməməkdə və necə deyərlər, yerlərində saymaqda günahlandırırlar. Amma bununla paralel şəkildə bizdən hansısa partiyanın və ya siyasi qurumun, bəzən isə beyin mərkəzlərinin yaradılmasını tələb edirlər. Açıq şəkildə vurğulayıram, seçkidən öncə də qeyd etmişdim, indi də eyni fikirdəyəm, mənim hər hansı partiya, birlik yaratmaq fikrim yoxdur. Tək istəyim o idi ki, seçkilər uğurlu keçsin və xalqımız bu prosesi nailiyyətlə başa vursun. Bizim hansı tərəfdə dayanmağımızın isə ümumi prosesin gedişinə təsiri yoxdur. Çünki milli həyat çoxcəhətlidir. Burada kifayət qədər aktiv qüvvələr, təşkilatlar iştirak edir”.
Z.Oruc onu da vurğulayır ki, seçki dövründə yaradılmış qərargahdan və ora cəlb edilən insanlardan bir məhək daşı kimi yararlanmaq düşüncəsi olmayıb: "Hər bir halda ölkədə güclü hakimiyyət partiyası mövcuddur və onun cəmiyyətdə kifayət qədər etibarlı dayağı, güclü lideri var. Yenə deyirəm, mənim üçün önəmli olan bu siyasi kursun qələbə qazanmağı idi və bu da oldu”.
Millət vəkili deyir ki, hazırkı durumda parlament üzvü olmağı yetərli bir fəaliyyət sahəsidir ki, öz ideya və siyasi baxışlarını cəmiyyətə çatdıra bilsin: "Təmsil etdiyimiz bölgənin insanlarının problemlərini Milli Məclisin tribunasına gətirə bilirik. Eyni zamanda parlamentin verdiyi imkandan yararlanaraq xarici əlaqələrə kiçik səviyyədə də olsa öz töhfəmizi veririk”.
"Əgər hər hansı partiyadan, məsələn, YAP-dan rəhbərlikdə təmsil olunmaq barəsində sizə təklif gəlsə, buna münasibətiniz necə olar” sualına deputatın cavabı belə olub: "Açığı, bu barədə düşünməmişəm. Ona görə də hər hansı fikir söyləmək mənim üçün çətindir”.