İlqar Altay: “Azərbaycan tərəfi məhkəməyə nümayəndə göndərməlidir”
Rus gəncin qətlində şübhəli bilinən həmyerlimiz Orxan Zeynalova qarşı qeyri-insani rəftar, saxlanılan zaman onun işgəncələrə məruz qalması, qatı cinayətkar kimi xüsusi helikopterlə birbaş Rusiya daxili işlər nazirinin qarşısına gətirilməsi və nazirin də ona ikrah dolu nəzərlərlə baxması təkcə Azərbaycanda deyil, Rusiyanın özündə də sərt təpkilərə məruz qaldı. Neçə gündür ki, ümumilikdə MDB məkanını məşğul edən bu məsələyə artıq beynəlxalq səviyyədə də reaksiyalar verilir. Moldova ombudsmanı Aureliya Qriqoriu cinayət əməli təsdiqlənməmiş bir şəxslə cinayətkar kimi davranılmasını beynəlxalq hüquq normalarına zidd adlandırıb. Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədir Elçin Behbudov isə beynəlxalq hüquqi təsisatlara, həmçinin bu institutların Bakı nümayəndəliklərinə müraciət edib.
Yəni, məsələnin çevrəsi getdikcə böyüyür. Orxan Zeynalov şübhəli bilindiyi əməl sübuta yetirilməmiş artıq zərərçəkmiş qismində tanınır. Ehtimal olunan qətldən öncəki situasiyanı göstərən videokadrlar isə məlum hadisədə xeyli ziddiyyətli məqamlar olduğunu üzə çıxarır. Və bunu xüsusi qeyd etməliyik ki, həmin kadrları məhz rus jurnalisti təhlil və şərh edib və sosial şəbəkələrdə paylaşıb.
Videogörüntülərdəki ziddiyyətlər nədən xəbər verir və istintaqın gedişinə hansı təsirləri göstərə bilər?
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, ekspert-kriminalist İlqar Altay "Şərq”ə açıqlamasında bildirdi ki, bütün bu videogörüntülər, kadrlar, xəbərlər bir hadisə haqqında ilkin məlumatlar yığınıdır. Cinayətin motivi və cinayətkar bunlarla müəyyən olunmur. Hər hansı bir cinayət əməlinin açılması və cinayəti törədənin aşkarlanması üçün zəruri istintaq hərəkətləri aparılmalıdır. Hələ bu da son deyil. Məhkəmə prosesi keçirilməli və prosesin gedişində də həqiqət üzə çıxarılmalıdır. Bəzən məhkəmələrin gedişində elə faktlar, elə sübutlar ortaya çıxır ki, cinayət əməli barədə təsəvvürlər tamam dəyişir. Bəzən cinayəti tamam başqa bir şəxsin törətdiyi ortaya çıxır. Və ya tamam fərqli cinayət əməlləri də açılır. İstintaq da, məhkəmə də çox mürəkkəb bir prosesdir. "Orxan Zeynalov işi”ndə hələ istintaq aparılmayıb, belə bir cinayət əməli olubmu, olmayıbmı, ümumiyyətlə, hələ heç nə dəqiq deyil.
İ.Altay O.Zeynalovun rus gəncini öldürə biləcəyini də istisna etmədi, lakin ən vacib məsələnin ona əməlinə adekvat cəzanın verilməsi olduğunu dedi:
- İstisna olunmur ki, Orxan Zeynalov kimisə bıçaqlasın. Amma o, bu cinayəti Azərbaycanda da törədə bilər, Rusiyada da, Ukraynada da. Həmçinin, ruslar da cinayət törədə bilər. Bilirsiniz, hazırda Rusiya həddindən artıq kriminallaşmış bir ölkədir. Bu, bir həqiqətdir. Orxan Zeynalova aid edilən cinayət Rusiyada hər gün törədilən yüzlərlə cinayətlərdən sadəcə, biridir. Adi məişət zəminində baş verən bu tip cinayətlər Azərbaycanda da baş verir, Rusiyada da, Ukraynada da. Bütün MDB məkanında da. Dünyada da. Harda belə hadisələr olmur ki?! Mən Moskvada təhsil almışam, işləmişəm, oranın məişətinə bələdəm. Ruslar bir məclisdə oturub yeyib-içir, keflənir, sözləri çəp gəlir, dalaşırlar, sonra da bıçaqlaşırlar. Orxan Zeynalovun hələ təsdiqlənməmiş əməli də bu tip adi mübahisə zəminində baş verən hadisədir. Həm də deyilənə görə, qız üstündə. Burada xüsusi ağırlaşdırıcı bir hal yoxdur, xüsusi qəddarlıq elementi yoxdur. Orxan belə görünür ki, idmançı fiziologiyasına malik adamdı. Bəlkə o həmin rus gəncini bir yumruqla da dəf edə bilərdi. Amma biz bilmirik ki, hansı halda o bıçağa əl atıb. Bəlkə rus gəncinə yardım edənlər olub, bəlkə bir neçə nəfər olublar və Orxan da müdafiə olunub. Yəni, bunlar hamısı istintaq zamanı üzə çıxmalıdır. Bizim, həm dövlət, həm də ictimaiyyət olaraq üzərimizə düşən bu işin obyektiv araşdırılmasına və O.Zeynalovun özünü müdafiəsinə nail olmaqdır. Çünki cinayətdə şübhəli bilinən şəxsin də hüquqları var, o vəkillə təmin olunmalıdır və ona özünü müdafiə imkanı yaradılmalıdır. Nəinki cinayət əməli təsdiqlənməmiş, hələ şübhəli şəxs qismində saxlanılan şəxsin, məhkumların, barələrində artıq məhkəmə hökmü çıxarılmış şəxslərin də hüquqları var. Onlar pozulanda bunu beynəlxalq insan hüquqlarına zidd sayır və münasibətin, şəraitin dəyişdirilməsi tələb edilir. Bütün dünya ABŞ-dan Quantanamo, Əbu-Qreyb həbsxanalarındakı rəzalətin hesabını istəyir. Baxmayaraq ki, orada saxlanılanlar terrorçulardır. Orxan nə edib? Lap tutalım, bir nəfəri öldürüb. Yəni, bu, o dərəcədə ağır cinayətdir ki, onu daxili işlər naziri şəxsən "qəbul etməlidir”?!
Heç Moskva-Sankt Peterburq qatarını partladan çeçenlərə, "Nord-Ost” hadisələrinin iştirakçılarına belə münasibət göstərilməmişdi. Halbuki, hər iki cinayət əməli birbaşa dövləti təhdid edirdi. O.Zeynalov hadisəsi Rusiya hüquq-mühafizə orqanlarının zəifliyini, cılızlığını ortaya qoydu. Bu hadisəni millətlərarası münaqişə səviyyəsinə qaldırmaq Rusiyaya böyük zərbə oldu. Adi bir məişət səviyyəsində olan cinayəti ictimai-siyasi hadisə səviyyəsinə yüksəltməklə özlərinə ziyan etdilər. Bu dəqiqə dünyanın əksər ölkələrində həmin videolara baxıblar. İnsanlarda sual yaranır ki, bu oğlan kimdir ki, Rusiya dövləti ondan belə qorxur?! Bir nəfərin üstünə az qala ordu göndərirlər? Xüsusi təyinatlılar əməliyyat keçirir, döyür, təhqir edir, işgəncə verir, sonra da vertolyota mindirib nazirin hüzuruna gətirirlər?! Çəkilişdən görünür ki, Orxan heç bir müqavimət göstərmir, heç belə bir niyyətdə deyil. Sakitcə, xüsusi təyinatlıların əmrinə tabe olur. Məncə, Rusiya hüquq-mühafizə orqanları sadəcə, özlərini biabır etdilər.
İ.Altay yayımlanan videogörüntülərlə bağlı fikirlərini bildirdi:
- Mən də o görüntülərdə ziddiyyətli məqamlar olduğunu izləmişəm. Amma sizə deyim ki, videogörüntüdəki ziddiyyətləri biz Orxanın bu hadisəni törətmədiyinə işarə kimi qəbul etməməliyik. Həmin görüntülərdəki ziddiyyətlər hadisənin şişirdilməsi məqsədilə süni şəkildə yaradılıb. Məqsəd cinayət əməlini daha da sirli-sehirli qələmə vermək və həmçinin Orxanın günahını azalda biləcək məqamları aradan qaldırmaqdı.
O.Zeynalovun cinayət əməlini törətdiyi təsdiqlənəcəyi təqdirdə onu hansı cəza gözləyir?
İ.Altay qeyd etdi ki, bu, işə çıxacaq vəkildən çox asılıdır. Vəkil O.Zeynalovun cəzasını yüngülləşdirəcək dəlillər ortaya qoymalıdır:
- Rusiyada çox güclü vəkillər var. Azərbaycanlı vəkillər də var, illərdir orada çalışırlar. Ancaq düşünmürəm ki, Rusiya tərəfi O.Zeynalovun azərbaycanlı vəkillə təmin edilməsinə razılıq versin. Məncə, bu o qədər doğru seçim də olmaz. Rusların arasında çox təcrübəli, bilikli vəkillər var. Onların arasından vicdanlı birini vəkil tutmaq olar. Əgər vəkil işinə vicdanla yanaşsa və bütün bacarığını ortaya qoysa, O.Zeynalovun əməlini yüngülləşdirəcək dəlil və sübutlar tapa bilər. Bütün hallarda O.Zeynalovun cəzası 10-12 ildən artıq olmayacaq. Rusiya qanunlarına görə, məhkum cəzasının yarısını, hətta bəzən üçdə-birini çəkəndən sonra azadlığa buraxılır. İlk baxışda belə görünür ki, O.Zeynalov sakit, təmkinli, qayda-qanuna riayət edə bilən adamdı. Həbsxana şəraitində qayda pozuntuları olmazsa, onu üçdə-birlə azadlığa buraxa bilərlər. Uzaqbaşı 4-5 il yatıb çıxacaq.
"Orxan Zeynalovun işi” ilə bağlı birgə istintaq qrupunun yaradılması necə, mümkündürmü? İ.Altay bildirdi ki, Rusiya dövlətinin buna razılıq verəcəyi inandırıcı deyil:
- Məncə, buna imkan verməzlər. Birgə istintaq qrupları adətən, hər iki dövlətin ortaq maraqları olanda yaradılır. Bu isə adi cinayət hadisəsidir. Amma biz bu məsələni nəzarətdən çıxarmamalıyıq. Onsuz da bu məsələ kifayət qədər ictimailəşib. Bundan sonra onu arxa plana keçirmək mümkün olmayacaq. Hər kəs bununla maraqlanır. Azərbaycanla Rusiya arasında bütün sahələr üzrə hüquqi anlaşmalar, müqavilələr mövcuddur. Bu anlaşmalara dayanaraq Azərbaycan O.Zeynalovun işinin obyektiv işıqlandırılmasını və həmvətənimizin hüquqlarının qorunmasını tələb edə bilər. Azərbaycan tərəfi məhkəməyə nümayəndə göndərməlidir. Bu, səfirliyin, diaspor təşkilatının nümayəndəsi də ola bilər. O.Zeynalov üçün yaxşı vəkil tutulmalıdır. Bizim də yaxşı mütəxəssislərimiz var. Ancaq daha yaxşı olar ki, vəkil məhz Rusiya vətəndaşı və qeyri-azərbaycanlı olsun. Hesab edirəm ki, Azərbaycan dövləti öz vətəndaşına sahib çıxacaq. Rusiya tərəfi isə artıq prosesi uduzub. Hadisəni bu şəkildə şişirtməklə və ona süni milli münaqişə donu geyindirməklə artıq məğlubdurlar.