Məktəb direktoru məktəbin içini, özünü qoruyur, həyətdən isə xəbəri yoxdur
"Paytaxtın 10 saylı orta məktəbinin ərazisində baş vermiş qətl hadisəsi təhsil sahəsindəki çatışmazlıqların təəssüf ki, hələ də dərin olduğunu sübut edir”. Bunu "Şərq”ə açıqlamasında təhsil eksperti, uzun illər təhsil sahəsində çalışmış Nadir İsrafilov bildirdi.
Təcrübəli pedaqoqun sözlərinə görə, nə qədər ki, təhsil sahəsində köklü islahatlar əvəzinə formal, kosmetik dəyişikliklər aparılacaq, yeniyetmələr arasında kriminal hadisələr səngiməyəcək:
- Bizdə hələ ki, təhsildə "addəyişmə” prosesi gedir. Rüblük qiymətləndirməni yarımillik qiymətləndirmə adlandırırlar, "Əlifba” dəyişib olub "Ana dili”, 5 ballıq qiymətləndirmə sisteminin adı dəyişdirilib, standartlara uyğun qiymətləndirmə olub, "kiçik summativ”, "böyük summativ”, gah adi rəqəmlərlə yazırlar, gah rum rəqəmləri ilə. 6 günlük dərs həftəsini, elədilər 5 günlük. Daha bilmirlər ki, xarici ölkələrdə bu, hansı hallarda baş verir, niyə belə edilir. Mahiyyətinə varmadan, formal dəyişikliyə gedirlər. 10 illik təhsil oldu 11 illik. İndi də deyirlər, 12 illik təhsilə keçməyə hazırlaşırıq. Almaniyada orta təhsil 13 ildir. Bir neçə ildən sonra 13 illiyə keçəcəyik?! Bizimkilər hələ də başa düşmürlər ki, təhsilin müddəti onun keyfiyyətinə dəlalət etmir. Təhsilin keyfiyyəti müddətlə ölçülmür. Bizim ali məktəblərdə 4 il ərzində verilən dərsi Avropa ali məktəbləri bir yarımildə öyrədir. Avropa təhsil sistemində məktəb 6 günlükdür. Sadəcə, həftənin 5 günü təbiət elmləri, riyaziyyat, fizika, kimya dərsləri keçilir, 6-cı gün isə şagirdlərlə əlavə məşğələlər üçün ayrılır. 6-cı gün də şagird məktəbə gəlir, dərnəklərdə, fakültativ məşğələlərdə məşğul olur, şagirdlərə fərdi yanaşma sərgilənir. Bizdə isə guya ki, şagirdin dərs yükünü azaltmaq üçün 5 günlük dərs həftəsinə keçiblər, 6-cı gün məktəb ümumiyyətlə işləmir. Bəs şagird asudə vaxtını necə, harada keçirməlidir? Hazırda bizdə şagirdin asudə vaxt anlayışı tamam yox olub. Şagird məktəbdən çıxdı, qalır avara. Hara getsin, nə işlə məşğul olsun, bilmir. Ya evdə televizor qabağında oturacaq, ya da internet-klublara gedəcək, kimlərləsə yazışacaq, mesajlaşacaq. Mübahisə edəcək, dalaşacaq, vuruşacaq. Çünki uşağın başqa məşğuliyyəti yoxdur.
Azərbaycanda məktəb yalnız tədrisdən ibarətdir. O da hələ normal qaydada olsa. Halbuki tədris deyiləndə ümumilikdə təlim-tərbiyə, bilik, bacarıq, vərdişlər, şagirdin fizioloji, bioloji tərbiyəsi nəzərdə tutulur.
Bizim təhsil sahəsi bütün, tam olmadığından bu cür xoşagəlməz, kriminal hadisələr üçün münbit şərait yaranır.
Orta məktəb ərazisində peşə liseyi şagirdinin qətlə yetirilməsinə gəlincə, N.İsrafilov burada məktəblərin iş qrafikinin düzgün qurulmamasını əsas gətirdi:
- Hələ eks-nazirin vaxtında orta məktəblərin, ali məktəblərin mühafizəsi məsələsi gündəmə gəlmişdi. Neçə ildir ki, bu məsələ ətrafında söhbət gedir. O zaman da deyirdilər ki, mühafizə xidmətinin təşkili üçün maliyyə lazımdır. Sonra təhsil ocaqları bunu öz daxili imkanları hesabına gerçəkləşdirdilər. Daha doğrusu, valideynlərin hesabına. İndi bəzi məktəblərdə mühafizə xidməti var. Amma hansı formada? Mühafizəçi dayanır məktəbin qapısında, işi, vəzifəsi kənar şəxsləri içəri buraxmamaqdan ibarətdir. Kənar şəxs valideyn də olur. Bir çox hallarda valideynləri də içəri buraxmırlar. Halbuki təhsillə bağlı hüquqi normativ aktlarda ictimaiyyətin məktəblə sıx əlaqədə olmasının zəruriliyi qeyd edilib. Valideyn içəri buraxılmırsa, hansı məktəb-ictimai əlaqədən danışmaq olar? Hər hansı bir qurum yaradılanda onun Əsasnaməsi olmalıdır. Mühafizə sistemi varsa, bilinməlidir ki, bu mühafizəçinin vəzifəsi, funksiyası nədən ibarətdir. Orta məktəblərdə növbətçi müəllimlər də olur. Müəllimlər, hətta direktorlar da şagirdlərə nəzarət edir. Məktəbin daxilinə nəzarət var, amma xarici tamamilə nəzarətsizdir. Məktəb həyətinin, məktəb ərazisinin nəzarətsiz qalmasının bir səbəbi də məktəbin bəzən əsas, bəzən də yardımçı qapılarının bağlı saxlanmasıdır. Bakı şəhərində elə orta məktəblər var ki, onların ərazisi əsl "razborka” yeridir. Məktəb direktoru bütün qapıları bağlayıb, ancaq bir qapıdan istifadə edir, digər qapılar, girişlər, həyət qalır nəzarətsiz. Belə yerlər şagirdlərin xəlvəti görüş yerinə, "razborka” yerinə çevrilir. Şagirdlər çəkilir o gözdən uzaq dal-dala yerlərə. Siqaret çəkirlər, mübahisə edirlər. Bəzən də sonda belə faciəli hadisələr baş verir. Məktəb direktoru məktəbin içini, özünü qoruyur, həyətdən isə xəbəri yoxdur. Məktəb direktorları kabinetlərindən kənara çıxmır. Bəzən bağlı saxlanılan xidməti qapıları "açdırmaq” üçün mühafizəçilərə pul da təklif olunur. Bu cür neqativ, faciəli hallara şərait yaranmasın deyə, məktəblər düzgün layihələndirilməlidir. Məktəbin bütün ərazisi əl içi kimi açıq olmalıdır, heç bir qaranlıq günc-bucaq qalmamalıdır. Mühafizəçidən başqa məktəblərdə keşikçi ştatı da olur. Amma keşikçi ştatına direktorlar öz qohumlarını, yaxınlarını götürür, çox vaxt da onlar təqaüd yaşında insanlar olur, ancaq axşamlar gəlir, başlarını atıb yatırlar. Birdəfəlik anlamalıyıq ki, orta məktəb də, ali məktəb də biri-birindən fərqli uşaqların, insanların, müxtəlif mühitlərdə yetişmiş yeniyetmələrin, gənclərin bir araya gəldiyi məkanlardır. Burada hər cür hadisələr ola bilər. Onları öncədən təxmin edib tədbir görmək lazımdır. Məktəb ərazilərinə mühafizə məqsədilə müşahidə kameraları da quraşdırmaq olar. Şagird bilsə ki, müşahidə altındadır, nalayiq hərəkətlər etməkdən çəkinər. Bir gəncin qətlə yetirilməsi faciəli haldır. Şagirdlərin təlim-tərbiyəsi ilə ciddi məşğul olmalıyıq ki, uşaqlarımızı itirməyək. Həm mənəvi, həm də fiziki baxımdan.