Qorxulu ab-hava hələ sürəcək

Rusiya vətəndaşı olan azərbaycanlıların da vəziyyəti ağırlaşdı



Rusiyada cinayətdə təqsirli bilinərək həbs olunan soydaşımız Orxan Zeynalov məsələsi ətrafında yaradılmış ajiotaj orada daimi və müvəqqəti məskunlaşan bütün həmvətənlərimiz üçün ciddi başağrısına çevrilib. Məlum hadisədən sonra nəinki çörəkpulu dalınca bir-iki aylıq Rusiyaya gedən, hətta həmin ölkənin vətəndaşı olan azərbaycanlılara qarşı da təzyiqlər edilməyə başlanılıb. Son iki gündür ki, soydaşlarımız real ölüm təhlükəsi ilə üz-üzə qalıblar.

Artıq bir azərbaycanlının dayanacaqdan meyiti də tapılıb. Onu kimin, nə səbəbdən qətlə yetirdiyi isə bəlli deyil. Mətbuata açıqlama verən həmvətənlərimiz hər addımda sıxışdırıldıqlarını, artıq burada yaşaya bilmədiklərini deyiblər: "Sənədlərimizin olmasına baxmayaraq, bizi tez-tez saxlayıb sənəd tələb edirlər. İşləməyə imkan vermirlər. Yerli əhali də bizimlə çox pis rəftar edir”. Bundan sonra azərbaycanlı miqrantların Rusiyada üzləşə biləcəyi çətinliklərdən bəhs edən Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev son hadisənin yaranmış gərginliyə çox böyük mənfi təsir etdiyini deyib: "Xüsusilə Rusiya KİV-lərinin bu məsələyə geniş meydan verməsi və DİN-in təqsiri sübuta yetirilməmiş şəxsi cinayətkar kimi təqdim etməsi məsələni xeyli şişirtdi. Hər yerdə cinayət törədən şəxsin "azərbaycanlı” olmasının xüsusilə vurğulanması da yerli əhalidə azərbaycanlılara qarşı pis ovqat yaratdı. Nəticədə təkcə Rusiyada müvəqqəti yaşayan azərbaycanlılara qarşı deyil, eyni zamanda ölkənin vətəndaşı olan soydaşlarımıza da münasibət hədsiz dərəcədə korlandı. Bu isə öz-özlüyündə ayrıseçkilik və diskriminasiyadır. Heç kim hansısa etnik azlığa mənsub olduğuna görə təzyiqə məruz qala bilməz, yəni qalmamalıdır. Ancaq təəssüf ki, Rusiyada proses belə getdi”. Ə.Əliyevin fikrincə, indiki olay uzun illərdir Rusiyada aparılan siyasətin mənfi nəticəsidir: "Rusiyada ayrı-ayrı vəzifəli şəxslər müxtəlif cinayətkar qruplara rəhbərlik edirlər. Təsəvvür edin ki, hadisədən sonra yerli əhali kütləvi surətdə azərbaycanlıların əleyhinə qalxır, onları döyür, incidir, işgəncə verirlər, ancaq hadisə yerinə gələn polis orqanlarının əməkdaşları olaya müdaxilə etmək əvəzinə azərbaycanlıları tutub polis bölmələrinə aparırlar. Bütün bunlar Moskvanın gözü qarşısında baş verir. Zənn edirəm, Rusiyadakı bu qorxu ab-havası hələ uzun müddət davam edəcək. Eyni zamanda hadisə müəyyən qrup insanların Azərbaycana qayıdışına da təsir göstərəcək”. Mərkəz rəhbəri insidentdən sonra Moskvada öldürülən qeyri-ruslar haqqında da danışıb: "Bir nəfər Azərbaycan, bir nəfər də Özbəkistan vətəndaşının öldürüldüyü deyilir. Amma bu, bildiklərimizdir. Yəni şəxsiyyəti müəyyən olunanlardır. Hələlik bizə məlum olmayan xeyli faktlar var. Hər gün Moskvada onlarla belə cinayətlər baş verir. Bəzən bir qatil 5-6 nəfəri öldürür, ancaq olay heç bir ajiotaja səbəb olmur. Rusiyanın hüquq-mühafizə orqanları da məlumat vermir, heç mətbuatda da hadisələr işıqlandırılmır. Yəni açıq görünür ki, qərəzli mövqe var”.