"Biz istərdik ki, ATƏT-də son vaxtlar müşahidə etdiyimiz mənfi tendesiyaların qarşısı alınsın". Bu sözləri jurnalistlər müsahibəsində xarici işlər nazirinin müavini Araz Əzimov deyib. O bildirib ki, bu təşkilat bütün üzv ölkələrin təşkilatı olmalıdır. "Daxildə hansısa ayırıcı xətlər olmamalıdır. İkili standartlar əsasında yanaşmalara yol verilə bilməz və verilməməlidir. Bu cür təşkilat çərçivəsində Azərbaycan öz fəaliyyətini davam etməyə hazırdır".
Nazir müavini Azərbaycanın Avropa Birliyinin "Şərq tərəfdaşlığı” proqramının sammitinə dəvət olunması ilə bağlı da danışıb. O, ”Şərq tərəfdaşlığı” sammitində iştirak qərarı ən yüksək səviyyədə qəbul ediləcəyini də deyib.
"Biz hesab edirik ki, Avropa Birliyi ilə münasibətlərimiz hansısa ümumi regional yanaşmaya əsaslanmamalıdır. Mənim fikrimcə, "Şərq tərəfdaşlığı” çox yayğın, rəsmi şəklə salınmamış coğrafi, siyasi və iqtisadi çərçivəyə malikdir. Sadəcə, keçmiş SSRİ-nin yerində yaranmış respublikalardan biri kimi seçilməyimiz doğru deyil. Bu ölkələr qrupunda müxtəlif imkan, resurs, start mövqeyi və məqsədlərə malik dövlətlər var. Ona görə də bizi hansısa ümumi çərçivəyə salmaq o qədər də doğru qərar deyildi”. O, bildirib ki, Bakı AB-dən Azərbaycana bir tərəfdaş kimi daha əsaslı münasibət gözləyirdi.