Gülər Əhmədovanın suçlamaları yersizdir

“Cinayət işi ilə yaxından və uzaqdan əlaqəsi olmayan şəxslərin məhkəməyə cəlb edilməsi hüquqi baxımdan əsassızdır”



Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan sabiq deputat Gülər Əhmədovanın cinayət işi ilə bağlı məhkəmə iclası keçirilib. Hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə G.Əhmədovanın vəkili Əfsər Talıbov vəsatətlə çıxış edib. Vəkil bildirib ki, istintaq işində 3 adamın (Sevinc Babayeva, Elşad Abdullayev və G.Əhmədova) adı çəkilir. S.Babayeva ölüb, G.Əhmədova isə həbsdədir.

E.Abdullayevin Fransada Jurnalistlər Evində yaşadığı məlum olsa da, istintaq orqanı onun prosesə cəlb olunması üçün heç bir tədbir həyata keçirməyib. Məhkəmədən söz alan G.Əhmədova isə qeyd edib ki, özünü siyasətçi adlandıran şəxslər onun həbsdə olmağından istifadə edərək haqqında müxtəlif fikirlər səsləndiriblər: "Cəmil Həsənli hansı haqla mandat alverindən dəm vurur ki, özü də deputat olub və parlamentdə korrupsiya məsələləri üzrə komissiyada təmsil olunub. O dövrdə E.Abdullayev Bakıda at oynadırdı. Amma komissiyanın üzvü kimi C.Həsənli həmin məsələlərə münasibət bildirmirdi. Ona görə də C.Həsənlinin də məhkəməyə gətirilməsini tələb edirəm”. Daha sonra G.Əhmədova vurğulayıb ki, ABŞ Dövlət Departamenti və ATƏT öz hesabatlarında onu cinayətkar adlandırmaqla qanun pozuntusuna yol veriblər: "Məhkəmə qərarı olmadan cinayətkar adlandırılmağımı təqsirsizlik prezumpsiyasının pozulması hesab edirəm. ABŞ səfiri və ATƏT-in Bakı ofisinin nümayəndələrinin məhkəməyə çağırılmasını və bu barədə izahat vermələrini tələb edirəm. Hansı haqla məhkəmə qərarı olmadan məni cinayətkar hesab ediblər?”. Qeyd edək ki, G.Əhmədovanın tələbinə C.Həsənlidən cavab gəlib. "Milli Şura”nın lideri məhkəmədə iştirak etmək fikrinin olmadığını deyib: "Əvvəlcə məhkəmədə özü ilə bağlı məsələləri sübut etsin, sonra bizə nəyisə sübut etməkdən danışsın. O, mənim adımdan istifadə etməklə azadlığa çıxmaq istəyir”.

Məhkəmə prosesini şərh edən tanınmış hüquqşünas Elçin Sadıqovun sözlərinə görə, məhkəmədə adı çəkilən hər hansı bir şəxs prosesdə iştirak edə bilməz. Yəni cinayət işi ilə yaxından və uzaqdan əlaqəsi olmayan şəxslərin məhkəməyə cəlb edilməsi hüquqi baxımdan əsassızdır: "G.Əhmədovanın ittiham etdiyi şəxslər onun barəsindəki informasiyaları prokurorluq orqanlarının rəsmi məlumatları əsasında da verə bilərlər. Ona görə də burda hər hansı qarayaxmadan söhbət gedə bilməz. Bu baxımdan sabiq deputatın suçlamaları yersiz və anlaşılmazdır. E.Abdullayevlə bağlı isə mən də vəkil olaraq hesab edirəm ki, ən azından istintaq qrupu gedib onu Fransada dindirməlidir. Çünki keçmiş rektora məxsus ifadənin cinayət işinin içində olması vacibdir”.

E.Sadıqov bildirir ki, beynəlxalq təşkilatların hesabatlarında G.Əhmədovanın konkret olaraq cinayətkar adlandırılmasından söhbət getmir: "Eks-deputat barəsində deyilən sözlərin faktiki əsasları, dəlil-sübutu var. Yayılan videokadrlarda cinayət amilləri aydın şəkildə öz əksini tapıb. Bundan əlavə istintaq orqanının rəsmi bəyanatları da təkzib olunmayıb. Heç kim deyə bilməz ki, G.Əhmədovaya qarşı qeyri-hüquqi addım atılıb”.