"Moskvada 500-600 min, yaxınlıqdakı vilayətlərdə isə 2 milyona yaxın miqrant yaşayır. Necə xüsusi rejim tətbiq edəcəyik? Bir daha deyirəm ki, biz həm ölkə daxilində, həm də MDB çərçivəsində vahid iqtisadi məkanda yaşayırıq. Ölkə daxilində hansısa sərhədlər çəkmək çox çətindir”.
Bu sözləri Moskva şəhərinin meri Sergey Sobyanin deyib. Viza rejiminin tətbiqini prinsipcə mümkün sayan Sobyanin bunun MDB məkanında iqtisadi əlaqələri dağıdacağını bildirib: "Bunlar beynəlxalq siyasət və iqtisadiyyatla bağlı olan mürəkkəb qərarlardır. Geosiyasi baxımdan bunun mənfi tərəfləri var”. Merin açıqlamalarını və Brilyevo rayonunda yerləşən "Pokrov” meyvə-tərəvəz bazarından çıxarılan bütün azərbaycanlıların yeni salınmış bazara köçürülməsini şərh edən ekspertlərin sözlərinə görə, Rusiyanın əvvəlki "sərtliyi” və sonrakı "yumşaqlığı” tələbatdan irəli gələn düşünülmüş bir addım idi və onlar müəyyən mənada istəklərinə nail oldular.
Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev deyir ki, Rusiyada baş verənlər ən pis halda orada yaşayan azərbaycanlıların 20 faizinə problem yarada bilər. Digər həmyerlilərimiz üçün isə narahatlığa lüzum yoxdu: "Rusiya azərbaycanlı miqrantların tamamilə ölkədən çıxmasında maraqlı deyil. Rusiyanın hüquq-mühafizə orqanlarının və digər siyasilərin çıxışlarını, bəyanatlarını izlədikdə belə nəticəyə gəlmək olar ki, Azərbaycana miqrantların kütləvi axını baş verməyəcək. Çünki Rusiyadakıların böyük əksəriyyəti daimi yaşamaq hüququ əldə etmiş ölkə vətəndaşlarıdır. Onlar Rusiyaya inteqrasiya olunmuş şəxslərdir. Bilirsiz ki, dünyada əsas problemlərdən biri miqrantların inteqrasiyasıdır. Azərbaycanlı miqrantlar isə Rusiya üçün qətiyyən problem yaratmırlar. Bir-iki belə hadisəni siyasi olayların gözünə qataraq azərbaycanlılar haqqında kütləvi rəy formalaşdırmaq mümkün deyil”.
Ə.Əliyev hansısa bir bazarın Moskva meri tərəfindən bağlanması üçün belə bir hadisəyə ehtiyac duyulması fikri ilə razılaşmır: "Yaradılmış insidentdə səbəb başqa idi. Fikrimcə, belə bir ajiotaj Rusiya hökuməti üçün lazım idi və bunu etdi. Onlar bununla Azərbaycandan gözlənilən əlavə miqrasiyanın qarşısını almış oldular. Nəticədə həmin hadisə ölkəmizdə ciddi səs-küyə səbəb olduğuna görə bir il ərzində Rusiyaya getməli olan şəxslərin səfəri ixtisara düşdü. Yəni bu cür davranışla Rusiya planladığı kimi miqrantları çəkindirdi. Xüsusən də qanunsuz şəkildə ölkəyə girən miqrantları. Bilirsiz, əslində məsələ qəlizdir, çox dərinə getmək istəmirəm. Amma Rusiyada yaşayan qanunsuz və sənədsiz miqrantların tədricən ölkəmizə qayıtması baş verəcək. Əldə etdiyim məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyinə xeyli sayda insan müraciət edərək qayıdış üçün şəhadətnamə verilməsini istəyiblər”.