Uşaq bağçalarının yenidən Təhsil Nazirliyinə qaytarılması gündəmə gəlib. Həm də Milli Məclisin deputatı vasitəsilə. MM-in Elm və təhsil komitəsinin sədri, millət vəkili Şəmsəddin Hacıyev Modern.az saytına açıqlamasında bildirib ki, uşaq bağçaları təhsil müəssisəsi kimi məhz Təhsil Nazirliyinin nəzdində olmalıdır:
"Hesab edirəm ki, ölkədəki uşaq bağçaları da bütövlükdə Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərməlidir. Əgər ölkədə təhsil sistemi ilə bağlı bütün məsələlər Təhsil Nazirliyinə aiddirsə, mən uşaq bağçalarının Təhsil Nazirliyindən kənar fəaliyyət göstərməsini qəbul etmirəm. Bütün bunlar bir millət vəkili olaraq mənim fikirlərimdir”.
Xatırladaq ki, bir müddət öncə millət vəkili Əhməd Vəliyev də uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyində olmasının zəruriliyini vurğulamışdı. Deyəsən, məsələ getdikcə ciddiləşir və uşaq bağçaları öz əvvəlki idarəçiliyinə qaytarıla bilər. Bu isə yeni təhsil nazirinin mövqelərini möhkəmləndirməsi kimi yozulur.
Hansı formada yozulmasından asılı olmayaraq uşaq bağçalarının Təhsil Nazirliyinə qaytarılmasının tərəfdarları çoxdur.
Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov "Şərq”ə açıqlamasında uşaq bağçalarının Təhsil Nazirliyindən alınmasının doğru olmadığı fikrində qaldığını dedi:
- İstər nazirliyin tabeliyində olsun, istər icra hakimiyyətlərinin, onsuz da uşaq bağçalarında vəziyyət bərbaddır. Burda dava yorğan davasıdır. Uşaq bağçalarına ayrılan maliyyə vəsaitinin ələ keçirilməsi üçün çalışırlar. Uşaq bağçası təhsillə bağlı sahədir. Hansı əsasla onu icra hakimiyyətlərinə veriblər? İcra hakimiyyətinin tabeliyində olanda uşaq bağçasında nə dəyişir? Burda ancaq maddi maraq güdülür. Mən həmişə Təhsil Nazirliyinin fəaliyyətini tənqid etmişəm. Ancaq uşaq bağçaları struktur olaraq təhsilin bir pilləsidir. Təhsil Nazirliyində də qalmalı idi. İcra hakimiyyətlərinin uşaq bağçaları ilə nə işi ola bilər?! Onlar ancaq əlaqələndirici, nəzarətedici və inkişaf etdirici bir orqan kimi çıxış edə bilərlər. Uşaq bağçası təhsili, tərbiyəni əhatə edən strukturdur. Uşaqların təlim-tərbiyəsi, sağlamlığı, təhsili hamısı bir-biri ilə əlaqəli, vəhdətdə götürülür. Uşaq bağçası təhsilin bir pilləsidir və onu digər pillələrdən ayırmaq qətiyyən olmaz. Uşaq bağçaları üçün xüsusi olaraq müəllim, tərbiyəçi hazırlanır, orada uşaq həkimləri işləyir. Hətta uşaq bağçalarının uşaq qidasının hazırlanma qaydasını bilən məxsusi aşpazları olmalıdır. Uşaq bağçalarında təhsil, təlim və tərbiyə məsələləri birbaşa Təhsil Nazirliyinin öhdəsində olan işdir. İcra hakimiyyətləri neyləyə bilər; məsələn, müxtəlif layihələrin həyata keçirilməsində, uşaq bağçalarının maddi-texniki bazasının möhkəmlənməsinə kömək edə bilər. Gəzintilər, səfərlər, oyunlar təşkil edər. Bizim respublikada oyuncaq fabriki yoxdur. Uşaq oyuncaqları Çindən gətirilir, hamısı da yararsız. Sağlamlıq üçün zərərli. İcra hakimiyyətləri oyuncaq fabrikinin işləməsində, uşaqlar üçün əyləncə yerlərinin yaradılmasında təşəbbüs qaldıra və bu işdə iştirak edə bilər. Ehtiyacı olan uşaqlara himayədarlıq etmək də icra hakimiyyətlərinin əsas vəzifələrindən biri olmalıdır. Amma təlim-tərbiyə işini Təhsil Nazirliyinin öhdəsinə buraxmalıdırlar. Amma uşaq bağçası həm də sosial obyektdir. İqtisadiyyatın möhkəmlənməsi, insan resurslarının yaradılması, qadınların ictimai həyatda aktivliyinin artması uşaq bağçası ilə birbaşa bağlıdır. Əsas odur ki, uşaqların hüquqları qorunsun. Bu iş hansı səviyyədədir, bunu aydınlaşdırmaq lazımdır. İstər dövlət tabeliyində olan uşaq bağçaları, istərsə də özəl uşaq bağçası, hamısında vəziyyət pisdir. Uşaq bağçaları özəlləşdirildi, amma yenə təmirsizdir, yeməklər bərbad gündədir. Uşaq bağçasının əsas funksiyalarından biri odur ki, aztəminatlı ailələrə dayaq olsun. Valideyn uşağını gətirib qoysun bağçaya, özü gedib işləsin. Amma uşaq bağçaları uşaqları qəbul etmir, deyirlər, yer yoxdu. Bəs valideyn neyləməlidi? Uşaq bağçalarının valideynlərə köməyi dəymir. Özəllər bir yana qalsın, dövlət müəssisəsində də valideyndən pul tələb edirlər. Bahalı bağçalar var ki, onlara kasıb ailələr heç yaxın düşə bilmir. Belə getsə, Azərbaycanda müəyyən dövrdən sonra uşaq bağçaları ümumiyyətlə qalmayacaq.