Dünəndən etibarən Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın cinayət işi ilə bağlı məhkəmə prosesi başlayıb. Ölkə ictimaiyyətinin maraqla izlədiyi məhkəmə iclasına Gülər Əhmədova da gətirilib.
Modern.az saytının məlumatına görə, dünən ölkə mətbuatının baş xəbərlərindən birinə çevrilən bu məhkəmə işindən hər hansı görüntü mətbuatda nəzərə çarpmadı. Kürdəxanıdakı istintaq təcridxanasından Penitensiar Xidmətin xüsusi avtomobili ilə məhkəmə binasına gətirilən Gülər Əhmədovanın şəklinin çəkilməsi yasaq edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları həm də məhkəmə iclasında iştirak edən jurnalistlərə dəmir barmaqlıq arxasında əyləşən Gülər Əhmədovanın görüntülərini lentə almağa icazə verməyiblər. Bu səbəbdən də media Gülər Əhmədova ilə bağlı dünənki xəbərlərdə eks-deputatın köhnə şəkillərindən istifadə etməyə məcbur olub. Dünənki prosesdə iştirak edən jurnalistlər Gülər Əhmədovanı başı yaylıqlı, uzun donda və qara eynəkdə görüblər.