Oktyabrın 19-da Bakıda axtarışda olan qadın saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qaradağ RPİ 38-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə axtarışda olan Əsmər Qasımova tutulub. Lent.az-ın əldə etdiyi məlumata görə, 40 yaşlı Ə.Qasımova bir neçə il əvvəl Sahil qəsəbəsində Akif Məmmədov adlı sahibkara məxsus mağazada satıcı işləyib. Bu müddət ərzində o, mağazaya məxsus 5 min manata qədər pulu mənimsəyib. Daha sonra isə işdən çıxıb. Sahibkar isə keçmiş satıcısını məhkəməyə verib. Fakta görə, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə iş başlanılıb. Ə.Qasımova məhkəmə iclasına gəlməsə də, onun cərimə edilməsi barədə qərar çıxarılıb. Lakin qadın həmin cəriməni də ödəməkdən boyun qaçırıb. Buna görə də, bu dəfə onun barəsində Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarının icrasından yayınma) maddəsi ilə iş başlanılıb və həbsinə qərar verilib. Xeyli müddət davam edən axtarışdan sonra Ə.Qasımovanın Bakı-Ələt yolunun kənarındakı kafedə işləməsi müəyyən edilib və o, kafedəcə həbs edilib. Ə.Qasımova Kürdəxanıdakı istintaq təcridxanasına yerləşdirilib.