Rusiya prezidenti Vladimir Putin millətlərarası münasibətlər sahəsində çalışan məmurların səlahiyyət və məsuliyyətini müəyyənləşdirən federal qanunu imzalayıb. Yeni imzalanan sənəddə müxtəlif səviyyəli dövlət qulluqçularının irqindən, milliyyətindən, din və inanclarından asılı olmayaraq, insan hüquq və azadlıqlarının təmin edilməsinə görə məsuliyyət daşımaları əks olunub.
Qanuna görə, həmin məmurlar milli münaqişələrə, insanların, vətəndaşların hüquq bərabərliyinə ziyan vuracaqları təqdirdə vəzifələrindən azad ediləcəklər. Qanunda dövlət qulluqçularının, miqrantların sosial və mədəni uyğunlaşmasına görə tutacaqları vəzifə də müəyyənləşdirilib.
Qeyd edək ki, qanun Rusiya Federasiya Şurasında müzakirə edilib.
Rusiya dövlət başçısının təşəbbüsünü şərh edən politoloq Elşən Manafov "Şərq”ə açıqlamasında qeyd edib ki, Putinin siyasəti Qərbin Rusiya ilə bağlı geosiyasi layihələrini həyata keçirməsinin qarşısının alınmasına və Rusiya xalqları arasında milli münasibətlər zəminində yarana biləcək problemlərin tənzimlənməsinə yönəlib. Siyasi ekspertin sözlərinə görə, bu addımla şimal qonşumuz Avropa Birliyi və Qərb dövlətlərinə bir daha sübut etdi ki, Rusiyada irqindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayan bütün insanlar qanun qarşısında bərabərdirlər. Üstəlik, Rusiyada hüquqi dövlət quruculuğu prosesləri uğurla davam edir: "Rusiya çoxmillətli dövlətdir. Zaman-zaman beynəlxalq aləmdə onun opponentləri olan dövlətlər, ələlxüsus da ABŞ Rusiyanı parçalamaq üçün etnik zəmində münaqişələrin vacib olduğunu bəyan edirdi. Keçən əsrin 60-cı illərində Sovet İttifaqı ilə kosmik və geosiyasi rəqabətdə ciddi uğurlar əldə edə bilməyən Amerika Sİ-ni dağıtmaq üçün sürətlə silahlanmanın zəruri olduğunu qeyd edirdi. Etiraf edək ki, Sİ-nin dağılması keçən əsrin 80-ci illərində etnik zəmində baş verən münaqişələrlə əlaqəli idi. İlk münaqişə də Azərbaycanla Ermənistan arasında yaradılmış Qarabağ konflikti oldu. Bu ziddiyyət Sİ-nin müxtəlif bölgələrində etnik zəmində münaqişələrin alovlanmasına təkan verdi. Yəni Qorbaçov iqtidarına və enerji sahəsində həyata keçirilən siyasətə alternativ mövqelər ortaya qoymaqla Sİ-ni dağıda bildilər. Düzdür, Sİ-nin dağılmasının kifayət qədər obyektiv və subyektiv əsasları vardı. Söhbət ondan gedir ki, Rusiyada 30 milyondan çox müsəlman əhalisi yaşayır. Son siyahıya almalar göstərir ki, Moskvada yaşayan əhalinin 14 faizini müsəlmanlar təşkil edir. Putin məhz bu reallıqları nəzərə alaraq çox ehtiyatla düşünülmüş, təmkinli və etnik zəmində baş verəcək münaqişələrin qarşısını ala biləcək milli siyasət həyata keçirir”.
Siyasi təhlilçi bildirib ki, Dağıstan daxil olmaqla Şimali Qafqazın Rusiyadan qoparılması və bir xilafət yaradılması ilə bağlı məlum geosiyasi layihələr var ki, bunun da arxasında ABŞ xüsusi xidmət orqanları durur: "Əlbəttə, Putinin fərmanı həmin dövlətlərin Rusiyanı parçalamaq istəyinə qarşı hazırlanıb. ABŞ-ın nəinki Şimali Qafqaz, Sibirlə də bağlı konkret geosiyasi iddiaları var. Bu iddialar Rusiyanın xırda dövlətlərə parçalanmasına yönəlib. Qərb Rusiya ilə münasibətlərdə bufer rolunda çıxış edə biləcək dövlətlər yaratmaq istəyir. Bu da Qərbin daha çox təhlükəsizlik maraqlarından irəli gələn məsələdir. Ona görə də Putinin qərarında Qərblə münasibətlərdə yarana biləcək problemlərdən sığortalanmaq istəyi daha çox özünü büruzə verir”.