Prezidentin sərəncamı ilə yeni hökumət kabinetində yer almayan sabiq müdafiə naziri Səfər Əbiyevi gələcəkdə hansı tale gözlədiyi barədə təhlilçilər müxtəlif cür düşünür.
Hakimiyyətin kadr strategiyasını şərh edən bəzi ekspertlərin mövqeyinə görə, Səfər Əbiyevin vəzifədən gedəcəyi hələ beş-altı ay bundan qabaq proqnozlaşdırılırdı. Fəvvarələr bağında keçirilən "əsgər ölümlərinə son” aksiyaları sabiq müdafiə nazirinin orduda nizam-intizamı bərpa edə bilmədiyi, artıq gücdən düşdüyü fikrini formalaşdırdı. Orduda korrupsiya, rüşvət hallarının artması, "dedovşinanın çiçəklənməsi” haqqında mediada yazılanlar da S.Əbiyevin mövqelərinə ciddi zərbə vurdu. Bütün bu faktlar son nəticədə onun vəzifədən getməsinə gətirib çıxardı. 18 il Azərbaycan ordusunun başında duran, onu formalaşdıran bir insanın bundan sonrakı taleyi necə olacaq? Bir qrup təhlilçinin fikrincə, hakimiyyət S.Əbiyevdən birdəfəlik imtina etməyəcək. Onun hərbi sahədəki biliyi və təcrübəsindən hakimiyyətin istifadə edəcəyini söyləyənlər tutarlı arqumentlərə söykənir. Nəzəri və təcrübi hərbi biliyinə görə, S.Əbiyevin Heydər Əliyev adına Ali Hərbi Ümumqoşun komandirlər məktəbinə rəhbər təyin olunma ehtimalı böyükdür. Azərbaycan ordusunun NATO və Qərb standartlarına yaxınlaşdırma siyasətinin tərəfdarı və icraçısı olan S.Əbiyevin bu yöndə də müxtəlif vəzifələr tutma ehtimalı var. O, NATO-nun hərbi-siyasi qərargahında Azərbaycanı təmsil edə bilər. Yaxud ölkəmizin ABŞ-dakı səfirliyinə hərbi atteşə göndəriləcəyini düşünənlər də az deyil. Amma daxili ordu quruculuğu prosesində onun yenidən vəzifə tutması mümkünsüz görünür. Çünki korpus komandirlərin çoxu S.Əbiyevlə işləmək istəməz, yaxud onun əmirlərinə tabe olmaz. Ən dəqiqi isə, S.Əbiyevin taleyi yaxın günlərdə bilinəcək.