"Artur Rasizadə işbilən adamdır. Mən baş nazir olanda müavinim idi. Onun əleyhinə bir söz deyə bilmərəm”. Keçmiş baş nazir Rəhim Hüseynov "Media forum” saytına açıqlamasında belə deyib. Oktyabrın 22-də prezident İlham Əliyev Artur Rasizadəni yenidən baş nazir postuna təyin edib (Artur Rasizadə). Həmin gün dövlət başçısı Nazirlər Kabinetinin yeni tərkibini də qismən formalaşdırıb. Rəhim Hüseynov bildirib ki, Artur Rasizadə yaxşı məmur olsa da, təşəbbüs göstərən deyil: "Özü heç bir məsələni həll etmirdi. Gərək deyəydin, tapşırıq verəydin. Nəsə tapşırmasan, heç nəylə məşğul olmurdu. Amma tapşırılan işi də mütləq həll edirdi. İxtisasını, iqtisadiyyatı yaxşı bilir”. Sabiq baş nazirin fikrincə, Nazirlər Kabineti sosial-iqtisadi məsələlərin həllində mühüm rol oynamalıdır: "Ona görə də baş nazir iqtisadiyyatı yaxşı bilməlidir. Artur Rasizadənin bu sahədə problemi yoxdur”. Rəhim Hüseynov əlavə edib ki, Artur Rasizadə xaraktercə gözütox adamdır: "Əliəyri deyil. Həm də bu sahədə çox ehtiyatlı davranır. Ona görə də onun korrupsiya, rüşvətlə məşğul olmasına inanmıram”. Rəhim Hüseynov Azərbaycanın baş naziri postunu 1992-1993-cü illərdə tutub.