Ötən gün Milli Məclisin iclasında "Məhkəmə-Hüquq Şurası (MHŞ) haqqında” qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb və səsə qoyularaq qəbul olunub. Müzakirələr zamanı deputat Siyavuş Novruzov bir sıra problemlərə toxunub. Millət vəkili vurğulayıb ki, hakimlərin seçilməsi prosesi şəffaf gedir və ayrı-ayrı beynəlxalq qurumlar onlara dərs keçir. Amma elə ki hakimlər gedib çatırlar məhkəməyə, düşürlər oradakı "qoca qurdlar”ın əlinə və öyrəndiklərini yaddan çıxarırlar: "Seçilən zaman özlərini imam övladı kimi aparırlar. Vəzifəyə keçdikdən sonra isə camaatın canına düşürlər”. S.Novruzov digər bir problemin də məhkəmə qərarlarının icrası ilə bağlı olduğunu qeyd edib: "Bu lap BMT-nin qəbul etdiyi qətnamələrinə oxşayır. Məhkəmə qərarının icrası sərf etməyəndə onu icra etmirlər. Elə ki, yanlarından keçirsən, dərhal icra edirlər. Mən ordakı insanları insaflı olmağa çağırıram”. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, tanınmış hüquqşünas İradə Cavadova deyir ki, hakimlər əvvəlcə test vasitəsilə yazılı, daha sonra isə şifahi imtahan verərək seçilirlər. Ancaq test elə bir şeydir ki, bu mərhələdən həqiqətən savadlı və düzgün insanlarla yanaşı, təsadüfi insanlar da keçə bilir: "Düzdür, şifahi imtahanda QHT-lər iştirak edirlər və biz orda namizədlərin verdikləri cavabları eşidirik. Amma sonrakı prosesi izləyə bilmirik ki, görək komissiya yaxşı cavab verəni seçdi, yoxsa hansısa tapşırılanı. Əslində bu cür imtahan proseslərində adətən insanların biliyi və ümumi dünyagörüşü öyrənilir. Ancaq burda əsas məsələ insanın vicdanıdır. Çox təəssüflər olsun ki, vicdanı ölçmək, onu test etmək mümkün deyil. Nə yazılı, nə də şifahi üsulla bunu etmək olur. Ona görə də ilk növbədə hakimin özü vicdanlı olmalıdır ki, onun qərarları da obyektiv olsun”.
Hüquqşünas ümumi olaraq MHŞ-nin fəaliyyətini müsbət qiymətləndirir və qeyd edir ki, vəkil kimi şikayət edəndə qurum dərhal məsələ ilə maraqlanır: "Hakimlər MHŞ-dən bir qədər çəkinirlər. Reallığı əks etdirən şikayət edilirsə, bu araşdırılır və hakimlər cəzalandırılır. Demirəm yüz faiz həmişə belə olur. Lakin bir çox hallarda müşahidə edirik ki, çox kobud qanun pozuntularına yol verən hakimlər öz cəzalarını alırlar. Təbii ki, vəkillərin də hakimlər haqqındakı qiymətləndirməsi obyektiv olmalıdır”.
İ.Cavadova növbəti seçilən hakimləri müəyyən qədər tanıdığını da deyib: "Nisbətən düzgün adamlardır. Ümid edirik və inanmaq istəyirik ki, həmin hakimlər daha vicdanlı işləyəcəklər. Ancaq təəssüflə qeyd edirəm ki, uzun müddət işləyən bir çox hakimlər artıq məhkəmə işlərinə qeyri-obyektiv, səthi və qərəzli yanaşırlar. Ona görə də mütəmadi olaraq gördüyümüz neqativliklər barəsində yazmalı, deməli və ədalətə ləkə gətirən o cür adamları ifşa etməliyik”.