Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Ərəstun Cavadov, Fəzail Ağamalı və Adil Əliyev MDB PA-nın Daimi komissiyalarında və beynəlxalq konfransda iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə səfər ediblər. Səfər zamanı MDB Parlamentlərarası Assambleyasının Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə Daimi komissiyasının iclasında bələdiyyə referendumlarının, seçkilərinin və səsvermənin təşkili və keçirilməsinin ümumi prinsiplərinə dair Tövsiyə layihəsi müzakirəyə çıxarılacaq.
Bir sıra model qanunlara baxılacaq. MDB-yə üzv dövlətlərin regionlararası əməkdaşlığına dair Konvensiyanın layihəsi ətrafında fikir mübadiləsi aparılacaq. MDB PA-nın Nəzarət-büdcə komissiyasının iclasında qurumun maliyyələşdirilməsi məsələsi gündəmdə olacaq. Həmçinin bu komissiyanın 2014-cü ilə dair iş planı nəzərdən keçiriləcək.”Avropa və MDB dövlətlərinin sosial-iqtisadi inkişafında regional və yerli hakimiyyət orqanlarının rolunun artırılması yolları” mövzusunda beynəlxalq konfransda əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində müzakirələr aparılacaq. Bunun üçün müasir strategiyalardan istifadə edilməsinə, innovasiya texnologiyalarının tətbiqində informasiya mübadiləsinə xüsusi maraq göstəriləcək. Regionlararası və sərhədyanı əməkdaşlıq sahəsində mövcud olan təcrübə, həmçinin perspektivlər müzakirə obyektinə çevriləcək.
Azərbaycanlı deputatların Rusiya səfərini dəyərləndirən Əlövsət Əliyev bildirib ki, bunun Rusiyanın siyasətinə heç bir təsiri olmayacaq: "Şimal qonşumuzun öz siyasətində hər hansı bir dəyişiklik etməsi inandırıcı deyil. Hər halda deputatların səfərini normal sayıram. Heç olmasa gedib orda 5-6 miqrantla görüşəcəklər. Amma yaxşı olardı ki, deputatlar xaricdə yaşayan və Azərbaycana qayıdan immiqrantların inteqrasiyası ilə bağlı qanuna əlavə dəyişikliklər etsinlər. Eyni zamanda immiqrantların inteqrasiyası ilə əlaqədar dövlət siyasətini müəyyən edən sənəd hazırlayıb ortaya qoysunlar. Bu siyasət davamlı olmalıdır. Bir səfərlə bütün problemləri deyil, yalnız beş nəfərin məsələsini həll etmək olar. Vətənlərinə qayıdan immiqrantların problemlərini çözmək üçün azərbaycanlı deputatlar başqa dövlətlərin təcrübəsindən faydalanmalıdırlar. İndiki halda həmyerlilərimiz yalnız Rusiyada deyil, qardaş Türkiyədə, Ukrayna və Qərbi Avropa ölkələrində də bu cür hadisələrlə üzləşə bilərlər. Azərbaycan Respublikası vətəndaşlarının kütləvi şəkildə ölkəyə qayıdışı haqqında layihələr hazırlamalıdır. Proqramlar təsdiq etdirilməlidir. Mövcud problemlər dövlət məmurunun iradəsindən asılı olaraq həll olunmalı deyil. Bu bir proqram çərçivəsində və hüquqi müstəvidə reallaşmalıdır. Bu cür addımlar atılmayacağı halda, ölkəmizə qayıdacaq immiqrantların həyatlarının dəyişdirilməsi və onların müdafiəsi mümkünsüz olacaq”.