Elxan Şahinoğlu: “Çox təəssüf ki, müxalifət üzləşdiyi acı təcrübələrdən heç vaxt nəticə çıxartmır”
Prezident seçkilərindən sonra məğlubiyyətin hesabatını aparan "Milli Şura” rəhbərliyi qurumda "təmizləmə” işləri aparmağa başlayıb. Belə ki, bu gün keçirilən növbəti sessiyada təşkilatın iclaslarında iştirak etməyənlər və mütəmadi olaraq qurumu tənqid edənlər MŞ-dən xaric ediləcəklər. Şurada təmsil olunan bir sıra partiyalar isə seçkilərdə öz namizədlərinin uğur əldə edə bilmədiyini əsas gətirərək qurumdan ayrılmaq qərarına gəliblər.
Məlumata görə, təşkilatdan çıxarılması gözlənilən üç nəfər - eks-spiker Rəsul Quliyev, Açıq Cəmiyyət Partiyasının Ali Məclisinin sabiq sədri Zəminə Dünyamalıyeva və Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyevadır. Qeyd edək ki, eks-spiker R.Quliyev "Milli Şura”ya ünvanladığı açıq məktubda bildirib ki, MŞ qarşısına qoyduğu "tarixi missiya”sını nəinki yerinə yetirə bilmədi, əksinə, çox ağır məğlubiyyətə uğradı. Son günlər "Milli Şura”nın aqibəti ilə yanaşı, quruma sədrlik etmək məsələsi də müzakirə obyektinə çevrilib. Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlının verdiyi məlumata görə, R.İbrahimbəyovun "Milli Şura”nın sədrliyindən uzaqlaşdırılması və qurumun prezident seçkilərində namizədi olmuş C.Həsənlinin sədrlik postunda onu əvəzləməsi məsələsi şura daxilində müzakirəyə çıxarıla bilər.
Ancaq məsələyə münasibət bildirən C.Həsənli isə vurğulayıb ki, şuranın sədri R.İbrahimbəyovdur və biz onun rəhbərliyi altında fəaliyyətimizi davam etdirəcəyik: "Milli Şura”da sədr yeri boş deyil ki, kimisə sədr seçək”.
Qurumda cərəyan edən prosesləri şərh edən siyasi ekspertlərin məsələyə münasibəti fərqlidir. Şuranın saxlanmasına ehtiyac duyanlarla yanaşı, qurumun gələcək perspektivinə inanmayanlar da var.
Məsələn, politoloq Azər Rəşidoğlu deyir ki, R.Quliyev və L.Şövkət Azərbaycanın siyasi müstəvisindən kənarda qalmış şəxslərdir. Bu baxımdan həmin şəxslərin MŞ-ni bu şəkildə tənqid etmələri absurddur: "Düşünürəm ki, hazırkı mərhələdə MŞ-nin bir qurum olaraq qalması müxalifət üçün sərfəlidir. Bu mənada ki, əgər şura müxalifət daxilindəki mərkəzdənqaçma tendensiyasının qarşısını alarsa və sivil mübarizə metodunu seçərsə, müəyyən uğurlar əldə edə bilər. Sivil mübarizə metodunun tətbiq edilməsi marginal və radikal müxalifətin meydana çıxmasına da şərait yaratmaz”.
A.Rəşidoğlunun sözlərinə görə, aparıcı müxalifət təşkilatlarının və rəhbərlərinin MŞ-də cəmlənməsi müxalifətin siyasətini küçə qarşıdurmasından daha ciddi formaya transfer etməsinə səbəb ola bilər. Bütün bunları nəzərə alsaq, qurumun "həyatda qalması” daha məqsədəuyğun olar”.
Ekspertin fikrincə, "Milli Şura”nın sədri mütləq dəyişdirilməlidir: "Amma yeni sədr axtarmağa da ehtiyac yoxdur. Çünki C.Həsənli rəhbərliyə gətirilə bilər. Yəni ölkənin siyasi həyatında aktiv və təsiredici rol oynamaq istəyən bir qurumun rəhbəri mütləq öz ölkəsində olmalı və proseslərdə yaxından iştirak etməlidir”. A.Rəşidoğlu İctimai Palatanın (İP) artıq bir tarix olduğunu deyir: "Milli Şuranın yaradılmasından sonra həmin birliyin fəaliyyətinə ehtiyac yoxdur. Ona görə də İP təcili buraxılmalı və bütün qüvvələr MŞ-də birləşməlidir”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə müxalifətin indiki durumunu bəyənmir: "Adama deyərlər ki, ay Rəsul Quliyev, sən yol göstərməyi bilirsənsə, onda zəhmət çək, özün dur gəl Azərbaycana, müxalifəti formalaşdır və rəhbər kimi irəli apar. Okeanın o tayında oturaraq, internetlə camaata ağıl vermək heç bir məsələni həll etmir. Amma R.Quliyevin "Milli Şura” ilə bağlı haqlı tezisləri var. Bu gün müxalifətin vəziyyəti heç də ürəkaçan deyil. Əvvəl kimi gəldi yığırdılar "Milli Şura”ya, sonra da onlarla bir-bir xudahafizləşməyə başladılar. Elə əvvəlcədən də bəlli idi ki, prezident seçkilərindən sonra "təmizləmə” prosesi aparılacaq. Ancaq zamanında qurumu elə formalaşdırmaq olardı ki, indiki vəziyyət yaranmasın. Çox təəssüf ki, müxalifət üzləşdiyi acı təcrübələrdən heç vaxt nəticə çıxartmır. 20 ildə nə qədər belə formatlar yaradılıb, amma seçkidən qısa müddət sonra dağılıblar. Siyasi bloklar konkret strateji maraqlar üzərində formalaşmalıdır. Hakimiyyətdən narazı olan bütün adamları bir yerə toplayaraq siyasət aparmaq düzgün format deyil”.
E.Şahinoğlu indiyə qədər danışılmayan məsələyə də toxunub: "Xatırlayırsınızsa, seçkidən əvvəl "Milli Şura”nın müxtəlif sahələr üzrə komissiyaları yaradılmışdı. Hətta komissiya rəhbərləri də təyin olunmuşdu. Ancaq sual verirəm, bu müddət ərzində kimsə həmin komissiyaların fəaliyyəti barəsində nəsə eşidibmi? Yox, eşitməyib. Bu da təbiidir, çünki onlar heç bir iş görməyib. Prezident seçkisi arxada qaldı. Artıq ölkə daxilində və beynəlxalq aləmdə cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsi ilə prezident seçilməsinin legitimliyi qəbul olunub. Bundan sonra "Milli Şura”nın qarşısında duran missiya qarşıdan gələn parlament seçkilərinə hazırlaşmaqdır”.
Siyasi ekspert "Milli Şura”da sədrlik məsələsinin də komediyaya çevrildiyini bildirib: "R.Quliyev haqda dediklərimizi eyniylə R.İbrahimbəyova da aid etmək olar. Əgər bu adam qorxusundan Azərbaycana gələ bilmirsə, ya da gəlmək istəmirsə, hansısa siyasi quruma necə sədrlik edə bilər? Fikrimcə, onun özü sədrlikdən imtina etməli və qurumda sıravi üzv kimi qalmalıdır. Yox əgər R.İbrahimbəyov "Milli Şura”nın rəhbəri olaraq qalacaqsa, o halda qurumun gələcək perspektivinə ümid bağlamaq olmaz”.