Fazil Mustafa: “Borclar üst-üstə yığılır və bir günadam görür ki, artıq müflis durumdadır. Evi, mülkü əlindən gedib”
Milli Məclisdə idman qumarı yenidən gündəmə gəlib. "Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı millət vəkili Fazil Mustafa mərc oyunlarından danışıb və bildirib ki, bununla bağlı yaş həddi müəyyən edilməlidir. Millət vəkili yaş həddinin 18 olmasını təklif edib və buna ciddi nəzarət edilməsinin vacibliyini vurğulayıb. F.Mustafanın fikrincə, 18 yaşı tamam olmamış uşaqların mərc oyunlarında iştirakı bəzi hallarda faciəli sonluqla bitir. Ona görə də 18 yaşadək uşaqların mərc oyunlarında iştirakına icazə verilməməlidir.
Qeyd edək ki, mərc oyunları ilə bağlı Milli Məclisdə bir neçə dəfə müzakirələr olub. Bir neçə millət vəkili, o cümlədən Sosial siyasət komitəsinin üzvü, xanım millət vəkili Məlahət İbrahimqızı da "Topaz” kimi mərc oyunlarının ailələri fəlakətə düçar etdiyindən danışıb. Xatırlayırsınızsa, MM-in mart ayında keçirilən iclasında M.İbrahimqızı "Topaz” kimi mərc oyunlarını sərt tənqid etmişdi və Bakı və Azərbaycanın ətraf rayonlarında təşkil edilən "Topaz” mərc oyunlarının Azərbaycanın gələcəyi üçün ciddi təhlükələr yarada biləcəyini qeyd etmişdi:
"Təkcə Nəsimi rayonundan 13 ana mənə müraciət edib. Guya ki, bu oyunlar gənclərin asudə vaxtlarını keçirmək üçün nəzərdə tutulub. Amma adamlar orada evlərini uduzur. Universitetlər də şikayət edirlər ki, tələbələri oradan yığmaq olmur. Bu günlərdə mənə 3 müraciət də daxil olub. Daha çox analar müraciət edir. Hətta bir müraciətdə qadın qeyd edib ki, onun həkim olan həyat yoldaşı "Topaz”da külli miqdarda pul uduzub və evini satmaq məcburiyyətində qalıb. Digər iki müraciətdə isə analar bildirir ki, övladlarını həmin yerdən çəkə bilmirlər. "Topaz”ın işi gənclərin, insanların asudə vaxtının təşkili ilə bağlı, dövlət başçısının, parlamentin, dövlətimizin həyata keçirdiyi siyasətin tam əksinə olan bir fəaliyyətdir. Yəni bir yerdə ki pulla oyunlar var, bunun nəticəsi də artıq məlumdur, hansı formada oynanılmasının fərqi yoxdur. Başlanğıc, nəticədə və niyyət eynidir”. Parlamentdəki çıxışında xanım deputat "Topaz” bukmeker kontorlarını "mənəviyyatsız yer” adlandırmışdı.
Mərc oyunlarına qarşı çıxanlardan biri də millət vəkili Fazil Mustafadır. Millət vəkili şəxsi "Facebook” hesabında bunları qeyd edib:
Dünən Milli Məclisdə "Topaz”la bağlı müzakirələr oldu. Vaxt qısa olduğundan məsələyə epizodik olaraq toxundum. Əslində idman qumarı dünyanın hər yerində böyük gəlir gətirən biznesə çevrilib. Azərbaycanda da uzun illərdir bu gizli şəkildə mövcud idi və yığılan vəsaitdən Dövlət Büdcəsinə heç nə daxil olmurdu. Hökumət bunu leqallaşdırmağı təklif etdi və Milli Məclis də qanunvericilik yolu ilə tənzimlədi. Əks halda bu pullar başqa ölkələrin bazarlarına yönələcəkdi. Artıq bu vəsaitlərin əhəmiyyətli hissəsi Dövlət Büdcəsinə və İdman təşkilatlarına gəlib çatır. Mən qumarın bütün variantlarının əleyhinə olsam da, bu prosesin Qanunla tənzimlənməsini doğru hesab edirəm. Bu yerləri bağlamaqla yenidən hər şeyin "qara bazara” dönməsinə şərait yaradıla bilər. Sadəcə burada proqnozlarda iştirak edənlər üçün 18 yaşdan yuxarı yaş məhduddiyyətinin olması normaldır. Bəzi məsuliyyətsiz insanlar bu prosesdə ailəsinin son qəpiyinə qədər uduzaraq müflisləşirlər, acınacaqlı duruma düşürlər. Bu kateqoriyadan olan insanların da belə fəaliyyətlərdən çəkindirilməsi üçün təbliğat işləri gücləndirilməlidir. Maarifləndirmə işləri aparılmalıdır.
Deməli, nə qədər qanuniləşsə də, mərc oyunlarından əziyyət çəkən nə qədər insan var. Xüsusən də gənclər mərc oyunlarının əsirinə çevrilir. Bir dəfə bəxti gətirib pul qazanana elə gəlir ki, həmişə uğur əldə edəcək. Amma sadə qumar oyununda olduğu kimi, qanuniləşmiş idman mərc oyunlarında da məğlubiyyət acısını dadanlar təkcə mənəvi zərbə almır, eyni zamanda külli miqdarda vəsait itirirlər. Alışqanlıq sindromu onları borc-xərclə də olsa bu oyunlarda iştiraka cəlb edir. Nəticə isə faciəli olur. Borclar üst-üstə yığılır və bir gün adam görür ki, artıq müflis durumdadır. Evi, mülkü əlindən gedib. Çiyninə də borc yükü yığılıb.
Millət vəkillərinin qaldırdığı məsələyə münasibət bildirən Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Mirkamil Rəhimov "Şərq”ə açıqlamasında 18 yaşadək yeniyetmələrin mərc oyunları keçirilən yerlərə buraxılmasının qadağan edildiyini bildirdi:
- Mərc oyunlarının keçirildiyi yerlərə tam nəzarət olunur. 18 yaşı tamam olmamış şəxslərin bu oyunlarda iştirakı qanunla qadağandır. "Topaz” mərc oyunlarının Əsasnaməsində də bu qeyd edilib. Ola bilsin, kimsə sui-istifadə hallarına yol verir, yeniyetmələrin mərc oyunlarında iştirakına göz yumur. Belə hallar ola bilər. Amma tərəfimizdən nəzarət həyata keçirilir və belə hallar aşkarlanan zaman lazımi ölçü götürülür. Mərc oyunları keçirilən ofisləri işlədən adamlar buna görə məsuliyyət daşıyır. Bilirsiz, mərc oyunları bütün dünyada var. Əvvəllər bu tip oyunlara heç bir nəzarət yox idi. Gizli oynanılırdı. Bəzən böyük pullar yığılırdı və bu pulları götürüb qaçırdılar. Dəfələrlə belə müraciətlər olub ki, oyunda udan adamların pulu verilməyib. Pulu götürüb gedənləri də axtarıb tapmaq, məsuliyyətə cəlb etmək mümkün olmurdu. Amma sonra bu məsələlər qanuniləşdi, dövlət tərəfindən nəzarət olunan bir qurum yaradıldı və artıq dövlət təminatı var. Udan adamlar rahatca pullarını alır. Hər bir oyunda uduzan olduğu kimi, udan da var. Elə insanlar var məhz "Topaz” sayəsində xeyli pul qazanıb, özünə ev, avtomobil alıb. Bəs bunlardan niyə danışmırlar?! "Topaz” oyunlarında 250 min manatadək udmağa icazə var. Ağlı başında olan adam ağılla oynayır. Və gəlir əldə edir. Mərc oyunlarının dövlətin nəzarəti altında olması müsbətdir, çünki insanları daha aldada, kiminsə pulunu qanunsuz mənimsəyə bilmirlər.