Tana de Zuluetanın nəsli insan alveri ilə məşğul olub




"ATƏT DTİHB-nin Azərbaycandakı seçkiləri müşahidə missiyasının rəhbəri xanım Tana de Zuluetanın demokratiya və insan haqlarının müdafiəçisi kimi çıxış etməsi mənim üçün çox müəmmalıdır”. Bu sözləri AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov yazdığı məqaləsində qeyd edib. Millət vəkili ATƏT/DTİHB-nin mövqeyi ilə razılaşmadığını vurğulayır: "Məlumata görə, xanımın nəsli (familiyası) çox əvvəllər insan alveri ilə məşğul olub. Onlar Afrikadan alınmış qulları digər ölkələrə satmaqla böyük var-dövlət və sərvət sahibi olublar. Demokratik cəmiyyətdə isə insan alveri insanlığa qarşı ən böyük cinayətdir. Azərbaycanda belə bir məsəl var - "Ot kökü üstə bitər”. Mən xanımın kökünü sizlərə açıqladım. Azərbaycanın uğurlarına kölgə salan bəzi "demokratların” mənə hücumlar edəcəyini çox yaxşı anlayıram. Mən həmin "demokratlardan” soruşuram - Sizlər sovet quruluşunun qurucuları olan Leninin, Stalinin, Beriyanın və digərlərinin nəslindən olan övladlarını bu gün insan haqlarının carçısı kimi qəbul edərək hər hansı bir demokratik dövlətin imicini formalaşdırmağı onlara tapşırardınızmı?”.