Üzeyir Cəfərov: “Qətiyyən bundan çəkinməməliyik”
Müdafiə Nazirliyindəki dəyişiklikdən sonra orduda aparılması vacib olan islahatlardan danışan parlamentin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Türkiyə ordusuna məxsus zabitlərin, model və təlimatların Azərbaycan Silahlı Qüvvələrinə gətirilməsini təklif edib.
Deputat türk generallarından biri və ya ikisinin Müdafiə Nazirliyində mühüm vəzifəyə gətirilməsini, hərbi müşavirlə yanaşı, hətta yüksək vəzifələr daşımasını olduqca faydalı sayıb: "2011-ci ildə qardaş ölkə ilə Strateji Əməkdaşlıq Şurasının yaradılması bunları etməyə əsas verir. Baxın, bir neçə ay əvvəl Qaraheybət düşərgəsində və Naxçıvanda birgə hərbi təlimlər keçirildi. Çox arzulayıram ki, birgə hərbi birləşmələr də yaradılsın”. Millət vəkilinin təklifinə münasibət bildirən "Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri, polkovnik Üzeyir Cəfərov deyib ki, bu gün Azərbaycanın demək olar ki, bütün strukturlarında türklər var. Dövlətimiz müstəqillik əldə etdikdən sonra türk zabit heyəti milli ordumuzda təlimatçı funksiyasını daha geniş şəkildə həyata keçirməyə başlayıblar: "Əvvəlki illərlə müqayisədə sayları o qədər çox olmasa da, kifayət qədər var. Türkiyəli zabitlər Azərbaycan Müdafiə Nazirliyində və Silahlı Qüvvələrin sıralarında təmsil olunurlar. O ki qaldı türk modelinin Azərbaycan ordusunda tətbiq olunmasına, buna sadəcə olaraq istək və cəhd lazımdır. Təəssüflər olsun ki, bizdə yeniliyə çox da həvəs göstərmirlər. Amma yenilik etmək vacibdir. Xüsusən də, nəzərə alsaq ki, Türkiyə NATO-nun aparıcı dövlətlərindən və ordularından biridir, bu halda onların geniş bilik və bacarığını ordumuzda sınaqdan keçirmək faydalı effekt verər”.
Ekspertin sözlərinə görə, bu məsələ nazir dəyişəndən sonra gündəmə gəlməyib:
"Əvvəllər şəxsən mən özüm bu cür təkliflər etmişəm. Əslində burda elə ciddi problem yoxdur. Amma görünür, bəzi "tənbəllər” bu işi görməmək üçün bilərəkdən yubadırlar və müharibə şəraitində olduğumuzu bəhanə edirlər. Müharibə qurtarandan sonra da yeni "problemlər” ortaya çıxaracaqlar. Ancaq vaxt gözləmir, gecikmədən türk ordusundakı yenilikləri tətbiq etməliyik. Çünki həm döyüş hazırlığı, həm nizam-intizam, ən önəmlisi də mənəvi baxımdan türk ordusundakı təcrübə bizim üçün çox əhəmiyyətlidir. Onların ordu sistemində psixoloqlar və din adamları fəaliyyət göstərir. Bu amillər ordu quruculuğunda böyük rola malikdir. Ancaq bizdə hələ də psixoloqların ordu sistemində ştatlara salınması məsələsi yubadılır”.
Ü.Cəfərov qeyd edir ki, Azərbaycan heç kimin qarşısında öhdəlik götürməyib: "Hansısa ölkə ilə yaxınlaşmalı, hansısa ölkədən uzaqlaşmalıyıq deyə məsuliyyət daşımırıq. Müstəqil siyasət yeridirik. Rusiyanın yeni yaratdığı birliklərə də üzv olmamışıq ki, NATO-ya doğru addımladıqda rusların bizə "acığı tutsun”. İndiki halda bizim üçün ən məqbul variant Türkiyə Silahlı Qüvvələri ilə yaxınlaşmaqdır. Qətiyyən bundan çəkinməməliyik. Türkiyə ordusu NATO qüvvələri üzrə formalaşıb, Azərbaycan da qərbə interqasiyanın sadəcə sözdə olmadığını sübut etməli və türklər vasitəsilə qərb ordusunun təcrübəsindən əyani şəkildə yararlanmalıdır”.