Sığorta şirkətləri əhalidə inamsızlıq yaradıb

“Ölkədəki sığorta şirkətlərinin əksəriyyəti inzibati və cinayət məsuliyyətinə cəlb edilməlidirlər”



"Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” qanuna dəyişiklik edilib. Parlamentin ötən gün keçirilən iclasında sözügedən qanun layihəsi haqqında məlumat verən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, hərbiçilərin icbari sığortası vacibdir.

Qanuna dəyişikliklərə əsasən, sığorta olunan həqiqi hərbi xidmət zamanı həlak olduqda və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmənin qərarı ilə ölmüş elan olunduqda, həmçinin xəsarət aldıqda, habelə hərbi xidmətdən azad edildikdən 3 il sonra dünyasını dəyişdikdə, ailəsinə sığortanın 100 faizi həcmində müavinət veriləcək. Hərbi xidməti yerinə yetirərkən xəsarət alan və ya xəstəliklə əlaqədar 3 il müddətində sığorta olunana əlillik müəyyən edildikdə, birinci qrup əlilə sığortanın həcminin 80 faizi, ikinci qrup əlilə 60 faizi, üçüncü qrup əlilə 40 faizi, ağıq xəsarət aldıqda 25 faizi, yüngül xəsarət alana isə sığortanın 5 faizi miqdarında müavinət veriləcək. Layihə səsə qoyularaq qəbul olunub.

"Sığorta şirkətləri cinayət məsuliyyətinə cəlb olunmalıdır”

"Əhalinin sağlamlığı haqqında” qanuna edilən dəyişikliklərlə bağlı müzakirələr zamanı fikir bildirən millət vəkilləri sığorta şirkətlərini sərt şəkildə tənqid ediblər. Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib ki, ölkədəki sığorta şirkətlərinin əksəriyyəti inzibati və cinayət məsuliyyətinə cəlb edilməlidirlər: "Bu haqda düşünmək lazımdır. Sığorta şirkətləri insanlarda inamsızlıq yaradıblar. Onlar vətəndaşların haqlı ödənişlərini etmirlər”. Deputat qeyd edib ki, sığorta şirkətləri vətəndaşların sığorta ilə bağlı alacaqlarına mane olarsa, süründürməçilik yaradılarsa, cinayətə cəlb edilməlidirlər.

Parlamentin vitse-spikeri Ziyafət Əsgərov deputat həmkarı ilə razılaşdığını söyləyib: "Doğrudan da bu gün insanların sığorta şirkətlərinə inamı azdır. Bu sahədə problemlər olduğu üçün vətəndaşlar sığorta şirkətləri ilə müqavilə bağlamağa ehtiyac duymurlar.

"Əhali ekstrasenslərə, İrana və türkə-çarəyə üz tutur”

"Azərbaycanda tibbi sığorta modelinin tətbiqinə süni əngəllər törədilir. "Tibbi sığorta haqqında” qanun 1999-cu ildə qəbul edilsə də, qanunun reallaşması gecikir”. Bunu isə Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov deyib. Millət vəkili vurğulayıb ki, tibbi sığortanın tətbiq edilməməsinə görə bu gün minlərlə vətəndaş xaricə müalicə olunmaq üçün üz tutur. Bu qanun xəstənin xəstəxana xərclərinin ödənilməsinə, dərmanların alınmasına kömək edərdi. Amma bu gün qanun reallaşmır. Dövlət Sığorta Agentliyinin yaradılması haqqında prezidentin sərəncamı var. Amma bu qurum fəaliyyət göstərmir. Mən bu məsələni araşdırdım. Məlum oldu ki, məsələnin kökündə agentliyin tabeçilik məsələsi dayanır. Səhiyyə Nazirliyi agentliyin öz tabeçiliyinə verilməsinə, Nazirlər Kabineti isə hökumətə bağlı müstəqil fəaliyyət göstərməsini istəyir. Zənnimcə, Nazirlər Kabinetinin qərarının üstündə durmaq lazımdır. Nə qədər ki, dövlət və özəl təşkilatlarda "qara maaş” məsələsi var və nə qədər özəl təşkilatlar yoxlamalara görə qeyri-qanuni haqq ödəyəcək, bu məsələ öz həllini tapmayacaq. Zənnimcə tibbi sığortanın tətbiq edilməməsinin səbəbi korrupsiya və kölgə iqtisadiyyatının genişlənməsidir. Bu da əhalinin ekstrasenslərə, İrana və türkə-çarəyə qaçmasına səbəb olur. Nəyə görə vətəndaşlarımız müalicə olunmaq üçün İrana üz tutmalıdırlar? Bu haqda düşünmək lazımdır”.

Anar Bayramoğlu

"Kilsədəki arqan 1992-1993-cü illərdə yoxa çıxıb”

Şəmkir rayon icra hakimiyyəti "Yeni Müsavat”ın yazdıqlarını təkzib etdi

Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun arqan musiqi alətini satması haqqında "Yeni Müsavat” qəzetinin yazdığı yazı həqiqətə uyğun deyil.

Şəmkir rayonunun icra başçısının müavini Tariyel Məmmədov "Şərq”ə deyib ki, A.Aslanovun 1998-ci ildə kilsədəki arqan musiqi alətini satması ilə bağlı deyilənlər cəfəngiyyatdır: "Bu kilsə hələ 1992-1993-cü ildə yandırılıb, yararsız vəziyyətə gətirilib. Həmin yararsız kilsədə isə arqan elə həmin dövrdə yoxa çıxıb. Bu halda A.Aslanov onu necə sata bilərdi? Bu, həqiqətə uyğun olmayan bir məlumatdır”. Onu da deyək ki, A.Aslanov hər zaman Azərbaycanın tarixinə həssaslıqla yanaşan şəxsiyyət olub. Bir çox azərbaycanlı tarixi şəxsiyyətlərin ev muzeylərinin formalaşmasında, Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin büstlərinin qoyulmasında qəbirlərinin təmir-bərpa edilməsində rol oynayıb. Tariximizə belə həssaslıqla yanaşan bir şəxsin hansısa qədim kilsədən musiqi alətini götürüb gürcülərə satması inandırıcı deyil.