Professorun nikah mətnində xətalı dini terminlər var

“İslamda hansısa konkret dini mətn yoxdur”



Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə hesab edir ki, bu gün toylarda kəbin kəsilən zaman oxunan nikah mətni dini inamımızı və milli mentalitetimizi əks etdirmir. Buna görə də professor yeni nikah mətni hazırlayıb. Bu məqsədlə N.Şəmsizadə ədliyyə naziri Fikrət Məmmədova açıq məktub ünvanlayıb. Məktubda qeyd olunur ki, "bir ziyalı, filoloq alim olaraq dövlətimizə, millətimizə, dini mənəviyyatımıza layiq bir nikah mətni yazmağı özümə borc bildim”.

Qeyd edək ki, professorun yazdığı yeni nikah mətni din alimlərinin müsbət rəyini qazanmayıb. Çünki ilahiyyatçılar mətndə islama zidd ifadələrin yer aldığını söyləyiblər. Mətnin xülasəsi belədir: "Siz müqəddəs qanunlarımız əsasında Allahın əmri, Peyğəmbərin şəriəti və qohumların şəhadəti ilə nikaha daxil olursunuz. Müqəddəs Qurana and için ki, həyatın ən çətin anlarında bir-birimizi qoruyacaq, ilahi sevginin əbədi həzzini əsirgəməyəcək....

And içirik! Tanrı hökmü, dinimizin hikməti, müstəqil Azərbaycan dövlətinin qanunu ilə sizi ər və arvad elan edirəm”.

Professorun təklifinə münasibət bildirən ilahiyyatçı-alim Elşad Miri nikah mətnində yer alan dini anlayışların yanlış ifadə edildiyini və ümumiyyətlə, islam dinində hansısa konkret kəbin mətninin olmadığını bildirib: "Mətndə "Qurana and içirəm”, "Peyğəmbər şəriəti” kimi ifadələr yazılıb. İslam dinində Qurana və ya hansısa əşyaya and içmək kimi bir anlayış yoxdur. Eyni zamanda Peyğəmbərin şəriəti deyilən məfhum da yanlışdır. Çünki şəriət Allahın qoyduğu yoldur və yalnız Ona məxsusdur, Peyğəmbər şəriəti olmaz”.

İlahiyyatçı vurğulayır ki, nikahda əsas məsələ hansısa mətnlərin ifadə edilməsi deyil: "Kəbin əhdində əsas şərtlər oğlan və qız tərəfinin razılığı, hər iki tərəfdən şahidlərin olması və kəbinin ətrafa elan edilməsidir. Həmçinin nikahın islama uyğun olması üçün oğlan tərəfindən qıza verilən və mülkiyyət haqqı sayılan mehrin verilməsidir. Vəssalam, bundan başqa dinin tələb etdiyi, nikahda əlahiddə olaraq hansısa mətnin oxunması kimi bir zərurət yoxdur. Sadəcə olaraq yeni evlənmiş cütlüklər Allaha üz tutaraq istədikləri şəkildə dua edirlər, Allahdan xeyir-bərəkət arzulayırlar. Ətrafdakılar da onlara xeyir-dua verir, xoş arzularını dilə gətirirlər. Peyğəmbərimizin də hədislərində insanlara tövsiyə olunanlar məhz bunlardır. Əgər kimsə hansısa mətn oxumaq istəyirsə, oxusun. Ancaq bunu xətalı dini terminlərlə bəzəmək və dinimizin tələbi kimi göstərmək yanlışdır”.