Bədii Şura - güclü senzura

Mənəvi terroru aradan qaldıracaq bu nəzarət mexanizmi aktuallığını artırır




Xalq artisti, kaman ustası Habil Əliyevin ötən həftəsonu işlətdiyi "ən mədəniyyətsiz insanlar mədəniyyət adamlarıdır” iti və cəsarətli fikri bu çağımızın ən əhəmiyyətli sitatı, bəlkə də aforizmə çevriləcək ən dürüst mövqedir.

Uzun illər televiziya tribunasından ən əxlaqlı davranışı, ən əxlaqlı geyim tərzini, sənət peşəkarlığını cəmiyyətə mədəniyyət adamları sərgiləyirdi. İş elə gətirib ki, televiziyaların tribunaları indi də onların əlindədir, amma əvvəllər yüksək mənəvi dəyərlər, əsl sənət nümayiş olunurdusa, bu zamanda isə əksinə, hazırkı örnəklər toplumu çox ciddi mənəvi deqradasiyaya, sənət kasadlığına məruz qoyur. Ölkənin xeyli sayda yeni nəsil mədəniyyət nümayəndələri, köhnə nəslə mənsub bir qrup sənətkarlar sanki mənəvi terrorla məşğul olmaq öhdəliyi götürüblər və bu terror dörd bir yanımızı sarıb. Nədir bunun başlıca səbəbi? Səbəb öz işini ucuz metodlar, reytinq prinsipləri üzərində quran özəl radio və televiziyalara tutarlı nəzarət mexanizmlərinin müəyyənləşdirilməməsidir. Bəlkə əski çağlarda da sənəti olmayan televiziyanın dəhlizlərinə yol tapa bilirdi, bəlkə də bir-birini kobud və ədəbsiz ifadələrlə aşağılayan xalq artistləri onda da var idi, təfəkkür yoxsulluğunun məhsulu olan bayağı verilişlər onda da hazırlanırdı, lakin bütün bunların qarşısını güclü "senzura”-Bədii Şura alırdı. Yeganə televiziyamız olan AZ.TV-nin Bədii Şura süzgəci əsl sənəti, xalis sənətkarı, ən yüksək əxlaqi dəyərləri efirə buraxıb, toplumun zövqünü, tərbiyəsini formalaşdırırdı. O, bu gün də köhnə bazasına dayanaraq bu ənənəni saxlayır. Gör, bu nümunə cəmiyyəti necə razı salmışdı ki, indi insanlarda keçmişin həmin qayda-qanunlarına bir nostalgiya var. Cəmiyyət yeni sənət imicinə, sənətkarın yeni davranış uslubuna, yeni aparıcıların maneralarına, onların verilişlərinə, mövzularına, ümumiyyətlə, bizi köhnədən qoparıb, yeni tələblərə bağlayan belə tendensiyalara tolerant yanaşa bilmir, mədəni sferada tüğyan edən anarxiyanın dəyərlərə söykənməyən gələcək vəd etməsinə qorxuyla yanaşır.

Televiziyalarda nitq mədəniyyətinin və dil normalarının kobudcasına pozulması faktlarına nəzərən bu ilin başlanğıcından qərara gəlindi ki, efiri bürüyən savadsızlığı ürəkaçan tabloya dəyişmək üçün Bədii Şura mexanizmindən istifadə etmək gərəkdir. Aprel ayından etibarən bir neçə televiziyada Bədii Şuranı yaratdılar. Lakin adı Bədii Şura olub, özü dil qüsurlarını araşdıran monitorinq qrupu formatında çalışan həmin şuralar onun tərkibinə daxil mütəxəssislərin etiraf etdiyi kimi, heç tam tərkibdə toplana bilmir, o ki qala naqislikləri aradan qaldırmaq mümkün olsun. Demək ki, həmin monitorinq qrupunun varlığı, ya formal xarakter daşıyır, ya dilin təmizliyinə, neologizmlərin işlənmə həddinə, orfoepik tələblərə riayət olunmasına məsul insanlar gördüyü işin qarşılığını əməlli-başlı qonorarla ala bilmir, ya da onların təklifi, düzəlişi tənqidlərə dözümsüzlüklə, bu sahədəki insanların müştəbehliyi ilə rastlaşır.

Onu da qeyd etmək lazımdır ki, burada adın özü belə düzgün seçilmədi, çünki hədəf düzgün qoyulmadı. Əgər problemin böyüyü diktor və aparıcıların nitqindəki çatışmazlıqlar idisə, bunun adı ya Dil komissiyası, ya da monitorinq qrupu olmalıydı. Yox, əgər biz mənəvi süqutumuzdan qaçmaq naminə televiziyalardakı verilişlərin səviyyəsini artırmaq, xalq artistlərinin söyüş və təhqirlərinin qarşısını almaq, səhnəyə gələn qeyri-peşəkarlara baryerlər qoymağı vacib hesab edirdiksə, onda yaradılan nəzarətin modeli Bədi Şura tipli olmalıdır. Adı ilə təyinatı uzlaşmayan mövcud Bədii Şuralar hələlik dilin mühafizəsi istiqamətində çalışır. Soyunmaqla ictimai maraq yaradan, vulqar ifadələrlə zəngin leksikonunun sayəsində sənətin, məhşurluğun zirvəsini "fəth” edənlərin, zövqsüz, məna yükü olmayan plagiat verilişlərin, vəhşilik, vandalizm, əxlaqsızlıq aşılayan xarici filmlərin qarşısında möhkəm sədd çəkəcək Bədii Şura haqqında isə nə ziyalı zümrədən sistemli təşəbbüslər gəlir, nə proyektlər ortaya qoyulur, nə Mədəniyyət Nazirliyi, MTPŞ təkliflər hazırlayır, nə də qanunverici orqan bu sahə üçün vacib olan qanunları qəbul edir.

Bir necə ay bundan öncə bir qrup xalq artistlərinin savaşması ərəfəsində Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov belə hallarda onlara verilən titulların geri alınması məsələsinin mümkünlüyünü demişdi. Prosesi başlamaq üçün fürsət yaranmışdı, lakin özünü apara bilməyənlərə bunun əlverişli təzyiq metodu olması inandırıcı görünmədi. Yalnız Əkrəm Əylislinin səhvi tipli bir səhv mədəniyyət insanlarını tituldan məhrum qoya bilərdi. Mənəvi keyfiyyətlər prizmasından yanaşılsa, son illərdə xalq artisti adını alanların əksəriyyəti onlara verilən adı əbədi özündə saxlaya bilməz. Bir halda ki, onlar cəzasızlıq şəraitində, ictimai qınağı saymadan mənəvi terrorlarını davam etdirir, bununla yeni dəyərlər sistemi, yeni əxlaq kodeksi müəyyənləşdirirlər, özəl televiziyalar bu işdə onlarla birgə hərəkətdən qaçmalı, onların fəaliyyətini, yaradıcılığını boykot etməlidirlər. Amma müşahidə etdiyimiz odur ki, mədəniyyət insanları arasındakı şəxsi intriqa və ədavətlərin, ucuz şouların, evlənmə proqramlarının efirə verilməsi onların tamaşaçı auditoriyasının genişlənməsi, reklam bazarının formalaşması üçün çox sərfəlidir. Bu cəhətdən onlar keyfiyyətsiz verlişləri qayçılayan, sənəti dayaz, amma populyar olan müğənnilərə meydanı dar edən Bədii Şuranı elə öz beşiyindəcə boğarlar.

İş ondadır ki, televiziyalar nə qədər özəl strukturlar olsalar da, onlar ayrıca "muxtariyyat” deyillər, təkcə öz qanunları ilə idarə olunmurlar və əgər söhbət açdığımız məsələlərdə möhkəm qanunverici baza yaranarsa, o zaman cəmiyyətin mental dəyərlərinin qorunması borcundan heç kəs yaxasını kənara çəkə bilməz. Bədii Şuranı hətta televiziyalardan kənarda, dövlət statusunda nəzarətedici bir qurum, agentlik, komissiya və .s adlar altında formalaşdırmaq da mümkündür. Təki belə qurum üçün səlahiyyətli orqanlardan təkliflər ortaya qoyulsun. Əks halda bu mənəvi terror milli varlığı, mənəviyyatı, əsl sənəti büsbütün məhv edəcək.