Aqil Abbas Zeynəb Xanlarovadan narazı qalıb

“Deputatları qarabağlı və qeyri-qarabağlılara bölüblər?”

Milli Məclisin dünən keçirilən iclasında millət vəkili Zeynəb Xanlarova çıxış zamanı parlamentdə təmsil olunan qarabağlıların Qarabağdan danışmadıqlarını qeyd edib. Xanım millət vəkilinin sözlərinə görə, başqa ölkələrdə baş verən hadisələrin MM-də müzakirəyə çıxarılması düzgün deyil: "Xaricdə yaşananların Azərbaycan parlamentinə daşınmasına heç bir lüzum görünmür. Əcnəbi ölkədə yaşananlar nəyimizə lazımdır? Xalqımız Qarabağda qırılıb, ondan danışaq. Hər iclasda Qarabağdan danışmaq lazımdır. Parlamentdə qarabağlılar var. Amma onlar heç danışmırlar. Qarabağdan danışanlar başqa yerlərdən olanlardır”. Xanım deputatın özünə və fikrinə hörmətlə yanaşdığını deyən qarabağlı millət vəkili Aqil Abbas "Şərq”ə açıqlamasında bildirib ki, danışmaq deyil, önəmli işlər görmək lazımdır: "Deputatları qarabağlı və qeyri-qarabağlılara bölüblər? MM-də təmsil olunan qarabağlı deputatlardan biri də mənəm. Zənn edirəm ki, "danışmaq gümüşdürsə, susmaq qızıldır” prinsipini əsas tutaraq ciddi işlər görmək lazımdır. Ümumiyyətlə, populist çıxışlardan heç xoşum gəlmir. Kim danışmaq istəyirsə, danışsın. Mən iş görməyə üstünlük verirəm”.