Şair və yazıçıların ordu ilə görüşü ziyalıların da ürəyincədir
Müdafiə Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi arasında 2017-ci il üçün birgə tədbirlər planı imzalanıb. Müdafiə Nazirliyindən bildirilib ki, sənədə əsasən, keçiriləcək tədbirlərin yeri, icra müddəti, icraya məsul qurumlar və şəxslər müəyyən edilib.
İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə, təhsil və tədris müəssisələrində şair, yazıçı və elm xadimlərinin iştirakı ilə görüşlər, "dəyirmi masa”lar keçiriləcək. Bundan əlavə, vətənpərvərlik mövzusunda müsabiqələrin, şeir saatlarının, müharibəyə dair əsərlərin oxucu müzakirələrinin təşkili və digər fəaliyyətlər də nəzərdə tutulub.
Bəs bu görüşlər necə təşkil olunmalıdır ki, darıxdırıcı olmasın?
Bu layihənin qocaman yazıçı və şairlərin ümumi təşəbbüsü nəticəsində reallaşdırıldığını deyən Xalq şairi Sabir Rüstəmxanlı hələ ötən il müdafiə naziri ilə görüş zamanı bu qərara gəldiklərini deyib. Ordu ilə yazarlar arasında ünsiyyətin gücləndirilməsini zəruri hesab edən S.Rüstəmxanlının sözlərinə görə, əsgərlərlə şair və yazıçılar arasında mütəmadi görüşlərin keçirilməsi və hərbi vətənpərvərlik mövzusunda yazılan əsərlərin təbliğ olunması gənclərdə hərbi döyüş əhval-ruhiyyəsinin formalaşmasında müstəsna rol oynayacaq:
"Artıq müqavilə bağlandığına görə, mütəmadi olaraq bu cür görüşlər keçiriləcək. Bu görüşlər zamanı isə əsgərlərin ruhlandırılmasında sözün, poeziyanın mühüm rolunun olduğu, Azərbaycan hərb tarixinin öyrənilməsinin vacibliyi onların diqqətinə çatdırılacaq. Doğrudan da bu cür tədbirlərin keçirilməsinin və əsgərlərə hərbi vətənpərvərlik ruhunda yazılan əsərlərin aşılanmasının zəruri olduğunu hesab edirəm”.
Müdafiə Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi arasında imzalanan tədbirlər planının təqdirəlayiq olduğunu vurğulayan AYB İdarə Heyətinin üzvü, şair Qəşəm Nəcəfzadə də hesab edir ki, layihə çərçivəsində Azərbaycan əsgərlərinin rəşadəti, döyüş əzmi hərarətlə tərənnüm olunmalıdır:
"Hər birimizin borcudur ki, ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan mübarizədə iştirak edib, hər hansı bir formada töhfə verək. Təbii ki, torpaqlarımızın qorunması istiqamətində əsas yük gecə- gündüz Vətənin keşiyində dayanan əsgərlərimizin üzərinə düşür. Amma biz ədəbiyyat adamları da öz mübarizəmizi sözlə aparmalı və əsgərlərimizdə yüksək əhval-ruhiyyə yaradaraq onları qələbə ruhunda yetişdirməliyik. Yəni vaxtaşırı cəbhə bölgələrinə səfər edib, əsgər və zabitlərimizlə görüşmək biz yazarların borcudur. Orduda güclü əhval-ruhiyyənin yaranması üçün belə tədbirlərin təşkili vacibdir. Yazıçı və şairlər, ziyalılar əsgərlərlə görüşsələr, bunun ancaq xeyri olar. Necə ki, ötən illərdə ön cəbhədə döyüşən əsgərlər, arxa cəbhədə çalışan əməkçilər kimi şair və yazıçılarımız da ilk gündən öz
fəaliyyətlərini xalqın faşizm üzərindəki qələbəsi naminə səfərbər edib, əsgərlərimizə şeirlər həsr ediblər. Biz də eyni təcrübəni davam etdirməliyik. Xalq şairi Səməd Vurğunun:
Bilsin ana torpaq, eşitsin Vətən,
Müsəlləh əsgərəm, mən də bu gündən
- misraları bütün yaradıcı insanların devizi olmalı və daim əsgərlərimizin yanında olduğunu hiss etdirməlidir. Necə ki, S.Vurğunun hər sətirbaşı qəhrəmanlıq təbliğ edən şeirləri döyüşçülər arasında sevilərək yayılırdı. İndi də əsgərlərimiz o cür əhval-ruhiyyəyə köklənməlidir”.
Dəfələrlə əsgərlərlə keçirilən görüşlərdə iştirak etdiyini vurğulayan Q.Nəcəfzadə onu da qeyd edib ki, bəzən əsgərlər bu cür görüşlərdə sadəcə əsgərlərə həsr olunan və hərbi vətənpərvərlik ruhunda olan şeirlər dinləmək istəmir. Tədbirin məhz bu formatda təşkil olunması onları yorur, darıxdırır: "Əsgərlərimizə sevgi şeirləri oxumaq lazımdır. Yaxud da anaya, ataya həsr olunan şeirlərə üstünlük verilməlidir. Şair və yazıçıların iştirakı ilə keçirilən görüşlərdə iki şeir Vətən haqqında oxunursa, iki şeir də sevgi ilə bağlı olmalıdır. Ən yaxşısı da odur ki, görüşdə iştirak edən ədəbiyyat adamları əsgərlərin nə istədiyini öyrənsinlər və onların zövqünü oxşayacaq mövzulardan danışmalı, sevdikləri şeirləri oxumalıdırlar. Axı hər adam əsgərlərə, Vətənə həsr olunan ənənəvi şeirləri sevmir. Kiminsə könlündən sevgi şeiri keçir?! Səngərdə keşik çəkən əsgərlərimizin ürəyi Vətən eşqi ilə döyünsə də, əlləri-ayaqları qarın, buzun içində üşüyür. Onların canından bu soyuğu isə ancaq sevgi şeirinin hənirtisi çıxara bilər”.
Yazar Qismət Rüstəmov isə deyib ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə, təhsil və tədris müəssisələrində şair, yazıçı və elm xadimlərinin iştirakı ilə görüşlər keçiriləcək deyən kimi hamının ağlına ilk gələn o olur ki, bu görüş sırf hərbi vətənpərvərlik formatında təşkil olunmalıdır. Halbuki bununla həm tədbirdə iştirak edəcək əsgərləri, həm də şair və yazıçıları məhdudiyyətə salırlar. Bu da son nəticədə görülən işin effektivliyinə kölgə salır, iştirakçıları darıxdırır: "Onsuz da əsgərlərlə, hərbiçilərlə bütün günü hərbi vətənpərvərlik mövzusunda mühazirələr oxunur. Onların işi də, fəaliyyəti də bu istiqamətdə qurulub. Kənardan gələn adamlar da onlarla eyni səpkili məsələləri müzakirə edəndə heç bir marağı qalmır. Yaxşı olar ki, bu cür görüşlərdə hər hansı bir şairin həyat və yaradıcılığından danışılsın, onun müxtəlif mövzulara həsr olunan şeirləri səsləndirilib, əsərləri haqqında müzakirələr təşkil edilsin. Bu zaman əsgərlər də hərbin gündəlik iş qrafikasından uzaqlaşıb, özlərini sərbəst hiss edərlər. Hətta bu cür görüşləri sırf əsgərlərin istəyinə uyğun da təşkil etmək olar. İki gün əvvəlcədən sorğu keçirilsin ki, kim hansı şairi və yazıçını görmək, onun şeirlərini dinləmək istəyir. Sorğunun nəticəsinə uyğun olaraq da həmin şəxs dəvət olunmalıdır”.
Şəymən