Diyarbəkirdə zəlzələdə həlak olan küftəçinin arzusu yarımçıq qalmadı
6 fevral 2023-cü il tarixində baş verən Kahramanmaraş mərkəzli zəlzələlər zamanı Diyarbəkirdə həyatını itirən və şəhərdə “Uçan Küftəçi” kimi tanınan Kadir Arslanın hekayəsi filmə çəkilib. Film Diyarbəkirdə ilk dəfə tamaşaçı qarşısına çıxıb.
Sherg.az xəbər verir ki, 43 yaşlı Kadir Arslan Diyarbəkirdə səyyar küftəçiliklə məşğul olurdu. Yamaş paraşütü və paramotorla həyata keçirdiyi uçuşlara görə o, “Uçan Küftəçi” ləqəbi ilə tanınırdı.
Rejissor Rezan Yeşilbaş onun həyatından ilhamlanaraq film çəkmək qərarına gəlib.
Kadir Arslan 6 fevral 2023-cü ildəki zəlzələlər zamanı Diyarbəkirdə dağılan Galeria yaşayış kompleksində həyat yoldaşı, üç övladı, anası və atası ilə birlikdə həlak olmuşdu.
Onun ağ pərdəyə köçürülən hekayəsi 3-cü Amed Film Festivalında tamaşaçı ilə görüşüb.
NTV-yə danışan rejissor Rezan Yeşilbaş bildirib:
“Çəkiliş prosesi boyunca o, bizimlə idi. Aktyorlarıma paraşüt təlimini də özü verdiyi üçün daim birlikdə olurduq. Kadir mənim üçün çox dəyərli dost olmuşdu.”
Film İstanbul və Koza Film festivallarında da nümayiş etdirilib. Ekran əsərində Kadir Arslanı canlandıran Nazmi Kırık “Ən yaxşı kişi rolu” nominasiyası üzrə mükafata layiq görülüb.
Aktyor Nazmi Kırık deyib:
“Mən Kadirdən çox şey öyrəndim. Onun davranışları, hərəkətləri - kamera qarşısında oynayarkən də sanki Kadir oradadır.”
Kadir Arslanın qardaşı oğlu isə belə söyləyib:
“Həm qürurluyuq, həm də kədərliyik. Kaş belə olmasaydı, əmimin hekayəsi yarımçıq qalmasaydı.”
“Uçan Küftəçi” filmi 2026-cı ilin mart ayında nümayişə çıxacaq.