Analitik: Gürcüstanın Rusiya ilə normal münasibətlər qurması mümkün deyil

 Rusiya xoşməramlı siyasət yürütmək istəyirsə əraziləri öz həqiqi sahiblərinə qaytarmalıdır

Abxaziya və Cənubi Osetiya Gürcüstan üçün nə qədər dəyərlidirsə, Dərbənd də bizim üçün eyni dəyərə malikdir

Rusiya-Gürcüstan münasibətləri uzun illərdir ki, mürəkkəb və ziddiyyətli xarakter daşıyır. Xüsusilə Abxaziya və Cənubi Osetiya məsələsi iki ölkə arasında əsas mübahisə predmeti olaraq qalır. Bu fonda rəsmi Tiflis münasibətlərin normallaşması ilə bağlı mövqeyini açıq şəkildə ifadə edir.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, münasibətlərin bərpası üçün əsas şərt Rusiyanın Gürcüstanın ərazi bütövlüyünü tanımasıdır. Onun sözlərinə görə, Gürcüstan dialoqun tərəfdarıdır, lakin bu proses yalnız ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipi əsasında mümkün ola bilər. Papuaşvili həmçinin qeyd edib ki, hazırkı mərhələdə Rusiya bu prinsipə əməl etmir.

Siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında Rusiyanın Gürcüstanın ərazi bütövlüyünə təcavüz etdiyini söyləyib:

"Hazırda Gürcüstana məxsus Abxaziya və Cənubi Osetiya bölgələri Rusiyanın işğalı altındadır. Rusiya bu əraziləri psevdo-dövlətlər kimi təşkil edib, özü onları tanıyıb. Moskva iddia edir ki, guya həmin ərazilər müstəqil dövlətlərdir və Rusiya da onlarla bərabərhüquqlu tərəf kimi münasibətlər qurur. Əlbəttə ki, bunların hamısı uydurmadır. Çünki hamımız 2008-ci ildə Rusiya tanklarının Tiflisdən cəmi 30 kilometr məsafəyədək irəlilədiyini gördük. Rusiya Gürcüstana qarşı genişmiqyaslı işğal hücumuna keçdi. Təbii ki, Gürcüstan kimi kiçik bir dövlətin Rusiyanın qarşısında duruş gətirməsi mümkün deyildi. Nəticə etibarilə Rusiya Abxaziya və Cənubi Osetiyanı faktiki olaraq tam işğal etdi. Bu gün də həmin ərazilərdə öz hərbi qüvvələrini saxlayır və nəzarətini davam etdirir. Belə bir şəraitdə Gürcüstanın Rusiya ilə normal münasibətlər qurması, mümkün deyil. Ona görə də özünə hörmət edən bir dövlət kimi Gürcüstan Rusiya ilə ikitərəfli, tamhüquqlu və hərtərəfli münasibətlər qurmur və bu mövqeyi tamamilə haqlıdır".

Siyasərçi Rusiyanın təcavüzkar siyasətini davam etdirdiyi təqdirdə qonşu dövlətlərlə münasibətlərinin normallaşmasının mümkün olmayacağını bildirib:

"Azərbaycanla münasibətlər də faktiki olaraq gərgin olaraq qalır. Bizim də bir sıra ciddi problemlərimiz var. Azərbaycanın ən qədim şəhərlərindən biri olan Dərbənd hazırda Rusiyanın işğalı altındadır və bu, tarixi faktdır. Əgər Rusiya doğrudan da xoşməramlı siyasət yürütmək istəyirsə, bu cür torpaqları və əraziləri öz həqiqi sahiblərinə qaytarmalıdır. Abxaziya və Cənubi Osetiya Gürcüstan üçün nə qədər dəyərlidirsə, Dərbənd də bizim üçün eyni dəyərə malikdir. Bundan əlavə, Rusiyanın işğalı altında olan digər qonşu dövlətlərin əraziləri də mövcuddur. Məsələn, Asiya hissəsində yerləşən Orenburq vilayətinin bəzi torpaqları Qazaxıstana aid olsa da, Rusiyanın nəzarəti altındadır. Eyni zamanda Moldovanın Dnestryanı bölgəsi Moldova ərazisi olduğu halda, Rusiyanın işğalı altındadır. Bundan başqa, Rusiya 1939-cu ildə Finlandiya ilə sərhəddə yerləşən torpaqları işğal edib və bu günə qədər həmin əraziləri əlində saxlayır".

Ekspert Rusiyanın 17 milyon km² ərazisinin ən azı 16 milyon km²-ı ruslara aid deyil, işğal edilmiş torpaqlar olduğunu vurğulayıb: 

"Bu səbəbdən də Rusiya daxilində də milli və vətəndaş kimliyi ilə bağlı ciddi problemlər mövcuddur. Belə bir dövlətlə, o cümlədən Gürcüstan daxil olmaqla, heç bir ölkənin normal və hərtərəfli münasibətlər qurması mümkün deyil. Bu baxımdan Gürcüstan parlamentinin sədrinin səsləndirdiyi fikirlər yerinə düşür. Rusiya bunu diqqətə almaq məcburiyyətindədir".