Rus millətçiləri Moskvanı başqa obrazda görmək istəyir

Orda nə bazarlar var, nə də miqrantlar...

Rusiya vətəndaşı Yeqor Şerbakovun ölümündə təqsirli bilinən həmyerlimiz Orxan Zeynalovun fiziki təzyiqlərə məzruz qalması, Rusiya hüquq-mühafizə orqanları tərəfindən şərəf və ləyaqətinin alçaldılması və daxili işlər nazirinin onunla qərəzli davranması bütün MDB ölkələrinin gündəmini məşğul edən mövzulardandır.

Hətta beynəlxalq institutlar da Rusiya hökumətini bu cür qeyri-insani davranışlara görə tənqid obyektinə çevirdilər. Amma dəyişən heç nə olmadı. Rusiyadakı soydaşlarımızla münasibətdə vəziyyət daha da qəlizləşdi. Belə ki, O. Zeynalovun həbsindən sonra rusiyalı milliyyətçi -şovinistlərin həmyerlilərimizə təzyiq və basqıları artdı. "Parçala və hökm et” şüarını əsas tutaraq əllərinə keçirdikləri həmyerlilərimizə divan tuturlar. Soydaşlarımıza axşam saatlarında evdən çıxmamaları ilə bağlı göstərişlər verilib. Azərbaycanlılara məxsus bazar, kafelərin və mağazaların fəaliyyəti dayandırılıb. Kütləvi deportasiyalara başlanıb. Qeyri-qanuni yaşayan əməkçi miqrantlar kütləvi şəkildə ölkədən çıxarılır. Çoxlu sayda azərbaycanlı ailələrinin ölkəmizə deportasiya olunmaları faktı belə deməyə əsas verir. Diqqət kəsb edən məsələ ondan ibarətdir ki, O.Zeynalov məsələsi Rusiya KİV-ləri tərəfindən mütəmadi olaraq gündəmə gətirilir. Ölkənin tanınmış teleməkanları azərbaycanlıların mənfi obrazını yaratmaqda maraqlıdırlar. Azərbaycanlılara qarşı "qara piar” kampaniyasına start veriblər. Amma televiziyaların atdıqları addımlar Rusiya dövlət rəsmilərinin mövqeyi ilə üst-üstə düşmür. Çünki həmyerlimizə göstərilən qeyri-etik münasibətə görə Rusiya prezidenti Vladimir Putin yerlərdə daxili işlər üzrə idarə rəhbərlərini günahlandıraraq Moskvanın Qərbi Biryulevo rayonunun da daxil olduğu Cənub dairəsinin Daxili İşlər İdarəsinin rəisi, general-mayor Aleksandr Podolnıyı vəzifəsindən uzaqlaşdırıb. Həmyerlimizlə bağlı jurnalistlərə açıqlama verən V.Putinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy da bildirib ki, Rusiyanın Azərbaycanla münasibətlərə dair hər hansı sualı və şübhəsi yoxdur. Azərbaycanla münasibətlər Rusiyanın xarici siyasətinin prioritetlərindən biridir. Bu siyasət hansısa məqamlardan, xüsusən kriminal hadisələrdən asılı deyil”.

O.Zeynalov olayı ilə əlaqədar Rusiya dövlət rəsmiləri və KİV-lərinin sərgilədiyi münasibəti şərh edən elmlər doktoru, politoloq Qabil Hüseynli qeyd edib ki, əvvəllər Rusiya KİV-lərinə fitnə-fəsadı qızışdırmağa və anti-Azərbaycan obrazının yaradılması üçün bütün vasitələrdən istifadə olunmasına Putin hakimiyyəti sərəncam vermişdi. Sonradan hadisələr onların gözlədiyi ssenaridə inkişaf etmədi. Gözlədikləri nəticələri ala bilmədilər. Yavaş-yavaş geri çəkilməyə başladılar: "Rusiyada nəzarətdənkənar müstəqil KİV demək olar ki, yoxdur. Görünür, KİV-lər öz keçmiş ənənələrindən uzaqlaşa bilmirlər. Ola bilsin ki, hakimiyyətin içərisində güclü qruplaşmalar var ki, onlar anti-Azərbaycan isteriyasının yaranmasının tərəfdarıdırlar”.

Ekspert O.Zeynalov hadisəsini anti-Putin mövqeyində olan millətçi dairələrin və rus şovinizmini dirçəltməyə çalışan qüvvələrin əməli sayır:” Bu qüvvələrin sıravi üzvləri də var. Bunları təmsil edən partiyalar da mövcuddur. Sözügedən qüvvələrə hakimiyyət eşalonunun müxtəlif dəstələrində də rast gəlinir. Rusiyada demoqrafiya, alkoqolizmin geniş yayılması, ölkənin sürətlə qocalması və bu zəmində əhalinin sayının azalması proseslərinə diqqəti artırmaq üçün anti-Azərbaycan ideologiyasından istifadə olunur. Həmin ideologiyanın fonunda hazırlanmış obrazdan faydalanırlar. Əslində yatmış Rusiyanı yenidən oyatmağa bənzər missiyanın həyata keçirilməsi bir prosesdir. Prosesin özünü doğrultmadığı mərhələsində də davam etməsi onu təzahür edir ki, O.Zeynalov məsələsinin gündəmdə saxlanılması bəlli bir siyasi dairələrlə əlaqəlidir. Məsələn, Jirinovskinin danışığı bu gün də davam edirsə, deməli o, ölkəsinin siyasi həyatında qarşıya qoyulan hədəflər uğrunda təbliğatını davam etdirir”.

Q.Hüseynlinin sözlərinə görə, Daxili İşlər Nazirliyinin "OMON” təşkilatı indiki halda bazarları istənilən vaxt alt-üst edə bilir: "Çünki miqrantların təqib edilməsi, bazarlardan çıxarılması və bazarların dağıdılması prosesi yenə də gedir. Buna səbəbkarlar Rusiyadakı milliyyətçi qüvvələrdir. Rusiya Moskvanı yeni bir obrazda və yeni bir imicdə görmək istəyir. Bu imicdə Rusiya bazarları yoxdur. Miqrantlar azdır və yaxud heç yoxdur. Düşünülür ki, miqrantlar olmayacağı təqdirdə oradakı işləri rusların özləri görmüş olacaq. Beləliklə, dövlət rusiyalıları tənbəllikdən və alkoqolizmdən uzaqlaşdıracaq”.

Siyasi şərhçi onu da əlavə edib ki, şimal qonşumuzda heç bir əndazəyə sığmayan və dünya ölkələri tərəfindən pislənilən proseslər həyata keçirilir: "Bu proseslər isə oyanan rus millətçiliyi şəklində dünyanı təhdid etməkdədir”.