1000 manat alsa da, müəllimlərə azlıq edəcək

Yenə narazı qalacaq, əvvəlcə, cəmiyyətin tərbiyəsini düzəltmək lazımdır

Təhsil ekspertləri müəllimlik ixtisasına qəbul ballarının artırılmasını təklif edir. Təhsil Nazirliyi də təkliflərə müsbət reaksiya verib. Nazirlikdən bildirilib ki, müəllimlik ixtisaslarına qəbulda balların artırılması təklifi ilə razıdırlar. Təbii ki, aşağı balla müəllimlik ixtisasına qəbul olunmuş abituriyentin yaxşı tələbə və yüksək ixtisaslı kadr kimi yetişəcəyini gözləmək absurddur.

Əslində, eyni fikri bütün digər ixtisaslar haqqında söyləmək mümkündür. Eyni məntiqlə bu ölkəyə işinin bilicisi olan mexanik, memar, avtomobil ustası, körpü tikən, yol çəkən də lazımdı. Əks halda, yollarımız yenə də su basacaq, binalarımız da əyiləcək. Hələ bağça müəllimlərini demirik. Məlumdur ki, sadalanan bu ixtisaslara ən aşağı balla tələbə qəbulu gerçəkləşdirilir. Qəbul imtahanlarında 150-200 bal "barajını” keçən abituriyent papağını göyə atır; ali məktəbə daxil oldum! Məsələn, Texniki Universitetə, Memarlıq və İnşaat Universitetinə daxil olmaq üçün hətta 120-130 bal da yetərlidir. Ödənişli, ödənişsiz, fərq etməz. Təki "ali təhsil” olsun. 200-dən aşağı balla hansı ali təhsildən danışmaq mümkündü? İbtidai sinif, bağça müəllimliyinə 200 balla tələbə qəbulu həyata keçirilir. Halbuki təhsilin özülü məhz uşaq bağçasında, daha sonra ibtidai təhsildə qoyulur. Binanın möhkəmliyi isə özüldən asılıdır. Aşağı balla ibtidai sinif müəllimi ixtisasına daxil olmuş abituriyendən güclü sinif müəllimi olmasını gözləmək yersizdir.

Təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında təhsil sahəsində köklü islahatlar aparılmayınca, bütün danışılanların, təklif və rəylərin söhbət olaraq qalacağını dedi:

- Bilirsiz, hər şey marağa bağlıdır. Övladı 600-dən yuxarı bal toplamış hansı valideyn Bakı Dövlət Universitetinin hüquq, beynəlxalq hüquq, beynəlxalq münasibətlər ixtisasını bir kənara qoyub müəllimliyi seçər? Həmin o təklifi irəli sürən şəxslərin hansı biri bunu edər?! Məncə, heç biri. 3-cü ixtisas qrupunu seçənlərin "amalı” hüquq fakültəsi, 2-ci qrupda beynəlxalq iqtisadiyyat, beynəlxalq münasibətlər, 1-ci qrupda gömrük işi, 4-cü qrupda həkimlikdir. Abituriyentlərin bütün fikri buna yönəlir. Savadlısı da, savadsızı da özünü yüksək mərtəbədə görmək istəyir. İmtahandan sonra isə artıq onun nəticələrinə uyğun seçim edirlər. 650 bal toplamış abituriyent ilk növbədə hüquq ixtisasını, gömrük işini seçir. Niyə? Çünki bu sahələrdə maddi gəlir, pul var. Açıq danışmaq lazımdır. Azərbaycan insanı gələcəyini pula bağlayır. Həm də pul deyiləndə, halal yox, daha çox haram qazancdan söhbət gedir. Çoxu belə fikirləşir ki, hardasa işə düzələcək, rüşvət alacaq, dolanacaq. Əlbəttə, elmi, biliyi, savadı hesabına qazanc əldə edənlər də var. Götürək, müəllimləri. Hazırda təhsil bazarında alıcı da var, satıcı da. Yaxşı təhsil verənə tələbat olur. Bu dəqiqə elə güclü müəllimlər var ki, heç də vəkildən, prokurordan az qazanmırlar. Amma bir var, "rahat” iş, "rahat qazanc”, bir də var, beynin işləməsi, əqli əmək. Əqli əməyin dəyəri həmişə yüksək olmalıdır. Bizdə belə olmadığından heç kim könüllü müəllimliyə getmir, məcbur olur, başqa yolu olmadığından müəllimliyi seçir. Çünki müəllimlik peşəsinə hörmət azalıb, müəllimlik peşəsi hörmətdən salınıb, dəyərsizləşdirilib. Müəllimlik peşəsini yüksək qiymətləndirmədən bu sahəyə meyli artırmaq mümkün olmayacaq. Bunun üçün də təhsildə köklü islahatlar aparılmalıdır. Mən bunun tərəfdarı deyiləm ki, müəllimlərin əməkhaqqı birdən-birə artırılıb 1000 manata çatdırılsın. Bu, vəziyyəti dəyişməcəyək. 1000 manat da müəllimlərə azlıq edəcək. Yenə narazı qalacaqlar. Əvvəlcə, cəmiyyətin tərbiyəsini düzəltmək lazımdı. Bizdə cəmiyyətin tərbiyəsində problem var.