Ali məktəblərin yataqxanalarının olmaması reytinqə təsir edir

Təhsil eksperti isə reytinq üçün digər kateqoriyaları önəmli sayır



Son dönəmlər Azərbaycanda təhsilin inkişafı istiqamətində müəyyən addımlar atılır. Təhsilin səviyyəsinin yaxşılaşdırılması üçün təhsil xərcləri çoxaldılır. Təhsil müəssisələrində maddi və texniki bazanı gücləndirmək üçün mütərəqqi layihələr həyata keçirilir. Bununla belə ali təhsil ocaqlarının yataqxana məsələsi hələ ki diqqətdən kənarda qalıb. Bir çox universitetlərin yataqxanaları yoxdur.

Olan düşərgələr isə bərbad və acınacaqlı durumdadır. Bir çox "campus”lar artıq istismar müddətini başa vurub. Həmin binalarda yaşamaq real təhlükə mənbəyinə çevrilib. Yeni düşərgələrin salınmasına ehtiyac duyulur. Düzdür, zaman-zaman bu haqda vədlər verilib. Amma məsələnin həlli hələ ki, mümkünsüz görünür. Azərbaycan təhsilinin dünyanın ən inkişaf etmiş ölkələrinin təhsili ilə müqayisə olunacaq səviyyəyə çatdırılmasında yataqxanaların mövcudluğu önəmli şərtlərdəndir. Xarici ölkə universitetlərinə nəzər salsaq, hər bir universitetin özünün tələbə düşərgəsinin olduğunun şahidi olacağıq. Sözsüz ki, həmin düşərgələrdə tələbənin savadlanması, yüksək intellektə malik olması və dərin biliklər alması üçün istənilən şərait yaradılıb. Düşərgələrdə tələbələr bilik mübadiləsinə qatılırlar. Azərbaycan universitetlərində isə bu mexanizmlər işləmir. Tələbənin pənah tapacağı yer kirayələrdir ki, bu da nə tələbəyə, nə də dövlətə rentabellidir. Hətta ölkə mediası da məsələnin həlli istiqamətində səylərini davam etdirmir. Çünki aidiyyəti şəxslər yaxın perspektivdə universitetlərin şəhərətrafı rayonlara köçürüləcəklərini bildirirlər. Bu isə onların məsələdən ən yaxşı yayınma vasitəsidir. Bu baxımdan, dünən Azərbaycanın 2014-cü il dövlət büdcəsinin layihəsinin Milli Məclisin 6 komitəsinin birgə iclasında müzakirəsi zamanı millət vəkili, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov çıxışı zamanı ölkədəki universitetlərin yataqxana probleminə toxunub. Rektor bildirib ki, dünyada reytinqə daxil olmuş ilk 500 universitetin siyahısına daxil olmamağımızın səbəbi də yataqxananın olmamasıdır: "Hazırda dünyada 150 mindən artıq universitet fəaliyyət göstərir. Onlardan yalnız 20 mini reytinqə daxil edilir. BDU dünyanın 678-ci universitetidir. Bizim ilk 500 universitetin siyahısına daxil olmamağımızın səbəbi də yataqxana problemi ilə bağlıdır. Deməli, universitetin yataqxana problemi həll olunsa, biz dünyanın ən hörmətli 500 universitetinin siyahısına daxil ola bilərik. Buna görə də zənn edirəm ki, dövlət büdcəsində təhsil xərclərinə ayrılan vəsait daha da artırılmalıdır”.

Rektorun təşəbbüsünü dəyərləndirən təhsil eksperti Etibar Əliyev isə "Şərq”ə açıqlamasında A.Məhərrəmovun yanaşmasına münasibət bildirərək qeyd edib ki, universitetlərin reytinqə daxil olması prosesində yataqxanalar həlledici kriteriya kimi götürülmür: "Çünki bunun üçün universitetin tədqiqatlara cəlb olunması, elektron məkanda tanınması, ali təhsil müəssisəsində məxsusi jurnalların fəaliyyət göstərməsi, universitet alimlərinin "Nobel” kimi yüksək mükafatlara layiq görülməsi əsas götürülür. O kriteriyalar içərisində yataqxana məsələsi önəmli faktor deyil”.

Ekspert bildirib ki, hər bir universitetin "kampus”unun olması vacibdir: "Universitet düşərgələri çox önəmlidir. Dünyanın bütün tanınmış universitetlərində düşərgələr mövcuddur. Belə düşərgələr tələbəyə maddi və rahatlıq baxımından çox sərfəlidir. Amma Azərbaycan universitetlərinin yataqxanaları demək olar ki, yoxdur. Ölkənin bir nömrəli universiteti sayılan BDU-nun belə düşərgəsi yoxdur. Olsa belə o binalarda yaşamaq mümkünsüzdür”.