Kütləvi köç başladı

Rusiyadan qayıdanların sayı 10 minə çatır

Əlövsət Əliyev: "Kütləvi surətdə ölkədən çıxarılma insan hüquqları ilə bağlı konvensiyaların tələblərinə uyğun deyil”

Elxan Şahinoğlu: "Rusiyadan çıxmaq məcburiyyətində olan həmvətənlərimiz işsizlik ucbatından Azərbaycana deyil, digər ölkələrə, Ukraynaya gedirlər”

Orxan Zeynalov olayından sonra Rusiyanın azərbaycanlı miqrantlara qarşı tutduğu qərəzli mövqe davam etməkdədir. Şovinist ruhlu millətçilər tərəfindən hər cür təhqirlərə məruz qalan həmvətənlərimiz bu yetməzmiş kimi siyasi dairələrin də təzyiqi ilə üzləşirlər. Belə ki, Dövlət Sərhəd Xidməti ölkədən çıxan əksər soydaşlarımızın pasportlarına onların bir daha Rusiyaya qayıtmasını əngəlləyən möhür vurur.

Bu barədə Rusiyada qorxu altında yaşayan həmyerlilərimiz məlumat veriblər. Soydaşlarımız bildirir ki, "qaralara” məxsus iş yerləri bağlandığı üçün azərbaycanlıların vətənlərinə köçü başlayıb. Amma əksəriyyət bu ayın sonunadək gözləməyi qərara alıb. Həmyerlimizin verdiyi məlumata görə, son günlər Azərbaycandan Moskvanın "Damadedova” hava limanına enən üç təyyarənin hərəsindən on-on beş azərbaycanlıya Rusiya ərazisinə daxil olmağa icazə verilib. Qalan yüzlərlə sərnişin isə geri qaytarılıb. Çünki onlar bu ölkəyə qazanc dalınca gedənlər olub. Soydaşımızın dediyinə görə, son iki ayda Azərbaycana 10 minədək adam qayıdıb: "Adamların qayıtması Bakıda ona görə hiss olunmur ki, onların əksəriyyəti əyalətlərdə yaşayanlardır. Misal üçün, Şəmkir və Gəncəyə gedənlərin sayı xeyli çoxdur. Kürdəmirə, Ucara gedənlər də az deyil”.

"Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev isə deyir ki, həmvətənlərimiz Rusiyadan Azərbaycana geri döndükləri zaman pasportlarında heç bir qeydiyyat aparılmır: "Rusiyanın Sərhəd Buraxılış Məntəqələrində artıq elektron sistemlər mövcuddur. Həmin məntəqələrin mərkəzi məlumat mərkəzlərində sadəcə bəzi şəxslərin qayıtmasına qadağa qoyulur. Məsələn, müxtəlif kriminal hərəkətlərdə adı keçənləri, ictimai asayişin pozulmasında iştirakı ehtimal olunanları arzuolunmaz şəxslər kimi ölkəyə buraxmırlar. Bu, rəsmi və ya qeyri-rəsmi bütün ölkələrdə var. Dünyanın hər yerində həmin şəxslərin ölkəyə girməsinə qadağa qoyulur. Heç bir qanun və ya beynəlxalq təşkilat Rusiyaya irad tuta bilməz ki, "sən niyə filan miqrantın Rusiyaya qayıtmasını məhdudlaşdırırsan”. Çünki hər müstəqil dövlət ölkəsinə kimin girib-girməyəcəyini özü müəyyən edir”.

Amma ekspert Rusiyada bu halın kütləvi xarakter almasına çox təəssüf edir və deyir ki, kütləvi surətdə ölkədən çıxarılma insan hüquqları ilə bağlı konvensiyaların tələblərinə uyğun deyil: "Məsələnin bir tərəfi ilə razı olmasam da, digər tərəfi ilə razılaşıram ki, azərbaycanlıların Rusiyaya girməsinə bilərəkdən maneələr yaradılır”. Ə.Əliyev Rusiyadan gələn miqrantlardan hər gün müraciətlər aldığını bildirərək iki ayda ölkəyə qayıdanların 10 minə çatmasına inanmadığını qeyd edib: "Ən çoxu 5-6 min ola bilər, heç o da inandırıcı deyil. Çünki Moskvada baş verən hadisələrdən sonra qısa vaxtda hava, su və quru yolu ilə bu qədər adamın gəlməsi texniki baxımdan mümkün görünmür”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, soydaşlarımızın kütləvi köçünü göz önündə tutaraq ciddi tədbirlər görülməlidir. Hətta mümkündürsə, hökumət "soydaşlarımızın vətənə qayıdışı” adlı bir proqram da hazırlamalıdır: "Daha nə qədər həmyerlilərimizin aşağılanmasına göz yumacağıq? Rusiyanın azərbaycanlılara qarşı təzyiqləri günü-gündən sərtləşir və artıq sistemli hal alır. Əslində Orxan Zeynalov hadisəsi olmasaydı belə, Moskva başqa bəhanə taparaq indiki prosesə start verəcəkdi. Sözügedən qətl olayı Kreml üçün "gözəl” fürsət oldu. Hadisədən dərhal sonra hakimiyyət strukturlarının verdiyi bəyanatlar da onu göstərdi ki, Rusiya bunu əvvəlcədən planlayıb”.

Politoloq əldə etdiyi məlumata əsasən qeyd edir ki, Rusiyadan çıxmaq məcburiyyətində olan həmvətənlərimiz işsizlik ucbatından Azərbaycana deyil, digər ölkələrə, Ukraynaya gedirlər: "Ukrayna Rusiya qədər geniş bazar olmasa da, orda rahat yaşamaq və işləmək olur. Çünki bu ölkədə millətçilik yoxdur”. E.Şahinoğlu bildirir ki, əgər Rusiyadan çıxanların pasportlarına kütləvi şəkildə geri dönüş qadağası möhrü vurulursa, məsələ dövlətlər səviyyəsində müzakirə edilməli və Kreml buna aydınlıq gətirməlidir: "Miqrasiya siyasətini sərtləşdirmək qərarı alan Rusiya ümumiyyətlə soydaşlarımızın həmin ölkəyə girməsinə qadağa qoymaq istəyirsə, onda açıq şəkildə bunu bəyan etsin ki, Azərbaycan dövləti də buna adekvat addım atsın”.