Tıxaclara əncam çəkilir

Bakıda 8 mərtəbəli nəhəng avtodayanacaq açılır

Bakının Qara Qarayev prospektində, 8-ci km bazarının qarşısındakı nəhəng avtomobil dayanacağı tikilir. 8 mərtəbəli dayanacaqda həm yeraltı, həm də yerüstü ərazidə təxminən 400 avtomobilin parklanması mümkün olacaq. Azərbaycan Memarlar İttifaqından ANN.Az-a verilən məlumata görə, artıq yeraltı hissə hazırdır, yerüstü hissə tikilir. Tikinti işləri gələn ilin ilk aylarında yekunlaşacaq və dayanacaq artıq istifadəyə veriləcək.

İş icraçısı Fuad İbrahimovun ANS PRESS-ə verdiyi məlumata görə, dayanacaqda 4 lift piyadalar üçün xidmət göstərəcək. Liftin ikisi çıxışda, ikisi isə giriş hissədə olacaq. Avtodayanacaq istifadəyə veriləcək gündən həmin ərazidəki dəhşətli tıxaca son qoyulacaq. Avtodayanacaqda xidmət haqqına gəlincə, iş icraçısı bildirib ki, burada maşın saxlama qiymətləri adi yerlərdən baha olmayacaq. "İndi küçədə avtomobil saxlayırlar. Orada maşınlar təhlükədən və qəzalardan sığortalanmır. Lakin bu dayanacaqdakı bütün maşınlar sığortalanacaq”.