Prezidentin Türkiyə səfəri gözlənilən idi

Ekspertlər hesab edir ki, Qarabağ münaqişəsi, “Avroasiya İttifaqı” kimi məsələlər diqqət mərkəzində olub

Qardaş Türkiyə və Ermənistan sərhədlərinin açılması son günlərin ən başlıca müzakirə mövzusudur. Bu prosesləri işğalçı Ermənistan mətbuatı zaman-zaman gündəmə gətirir. Azərbaycan-Türkiyə münasibətlərinin gərgin durumda olduğunu yazır. Amma bu günlərdə Türkiyənin Xarici işlər naziri Əhməd Davudoğlunun sərhədlərin açılmasına gedən yolun Dağlıq Qarabağ münaqişəsinin uğurlu həllindən keçdiyini söyləməsi Ermənistan tərəfinin məkirli planlarını alt-üst etdi.

Bu baxımdan son dönəmlər Azərbaycan-Türkiyə arasındakı münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini söyləsək, heç də yanılmarıq.  Azərbaycan respublikasının prezidenti İlham Əliyevin Türkiyəyə səfəri isə bunun əyani sübutudur.

Azərbaycan və Türkiyə münasibətlərinin hazırkı durumunu şərh edən Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli də "Şərq”ə iki ölkə arasındakı münasibətlərin ürəkaçan səviyyədə olduğunu söyləyib: "Türkiyə-Ermənistan sərhədlərinin açılması yenidən aktuallaşıb. Buna isə səbəb Ə.Davudoğlunun məsələyə adekvat mövqe bildirməsidir. Təəssüf ki, türk nazirin açıqlaması bir sıra KİV-lərdə təhrif olunmuş şəkildə yayılıb. Düzdür, Ə.Davudoğlu  Türkiyənin Ermənistanla sərhədlərin açılmasında maraqlı olduğunu söyləyib. Amma nəzərə almaq lazımdır ki, Türkiyə bunu müəyyən şərtlər çərçivəsində istəyir. Rəsmi Ankara tələb edir ki, Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymaqla bağlı konkret addımlar atmalıdır. Yalnız belə olan halda Türkiyə sərhədlərin açılmasına baxa bilər. Amma Azərbaycan və Ermənistan arasında status-kvo saxlanıldığı bir halda Türkiyənin sərhədləri açması mümkünsüzdür. Hesab edirəm ki, hazırda Azərbaycan-Türkiyə münasibətlərinin soyuqlaşdığını iddia edənlər təxribatla məşğuldurlar. Həmin qüvvələr iki dost və qardaş ölkə arasındakı əlaqələrə soyuqluq gətirmək istəyirlər. Bir daha deyirəm ki, Türkiyənin Ermənistanla sərhədləri açması ilə bağlı mövqeyində heç bir dəyişiklik yoxdur. Sadəcə, həmin reallığa başqa çalarlar geyindirmək istəyən qüvvələr var ki, onların təxribatları fiaskoya uğrayacaq”.

Dövlət başçısı İ.Əliyevin Türkiyəyə səfərindən söz açan politoloq bunun ənənəvi səfər olduğunu bildirib: "Bu dəfə də İ.Əliyev prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə edib. Bu, iki ölkə arasındakı münasibətlərin xüsusi önəm daşıması və strateji tərəfdaşlıq istəyinin olması ilə əlaqəlidir. Zənn edirəm ki, səfər çərçivəsində iki ölkə arasındakı ikitərəfli və çoxtərəfli əlaqələr, enerji təhlükəsizliyi, Tanap, Tap layihələri və ən başlıcası Dağlıq Qarabağ məsələsi haqqında müzakirələr aparılacaq”.

E.Nəsirlinin qənaətinə görə, ölkə başçısının səfərində "Avroasiya” ittifaqı ilə bağlı məsələlərin müzakirəyə çıxarılması istisna deyil: "Amma bu proseslərdə Azərbaycan konkret mövqe ortaya qoyub. Bildirib ki, Azərbaycan inteqrasiyada maraqlı tərəfdir. Bir şərtlə ki, inteqrasiya Azərbaycanın milli maraqlarına xələl gətirməsin. Azərbaycan "Gömrük” ittifaqı ilə bağlı müsbət mövqe sərgiləsə, deməli, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı maraqları təmin edilir. Əks mövqedən çıxış etsə, milli maraqlarımıza təhlükəli olan məqamların olması faktı aşkara çıxır. Türkiyədə bu istiqamətdə müəyyən fikir mübadiləsinin aparılması mümkündür”.

Siyasi təhlilçi vurğulayıb ki, Ermənistan tərəfi Azərbaycan və Türkiyə arasındakı münasibətlərin korlanması üçün əlindən gələni əsirgəmir: "Ermənistan elə bəyanatlarla çıxış etmək istəyir ki, iki qardaş ölkə bir-birinə inamsız və şübhə ilə yanaşsın. Hətta 2009-cu ildə bu oyunu oynayıblar. Türkiyə və Azərbaycan arasındakı münasibətlərdə müəyyən gərginliklər yarada bilmişdilər. Amma həmin problemlər çox qısa zamanda aradan qaldırıldı. Düşünürəm ki, Ermənistanın bədnam niyyətləri elə niyyət olaraq da qalacaq. Çünki Azərbaycan və Türkiyə dövlətləri bir-birinə o qədər yaxındılar ki, belə təxribatlara gedən deyillər. Ermənistan tərəfi anlamalıdır ki, münaqişənin həlli ilə bağlı addımlar atacağı təqdirdə, düşdüyü ağır böhrandan çıxa bilər. Bunu dərk etmədən mürəkkəb oyunlarla kombinasiyalar qurmağın heç bir mənası yoxdur. Çünki separatçı rejimin yürütdüyü siyasət özünə qarşı çevrilib”.