Erməni faktoru arxa plana atılır: Hayların köhnə bayatılarla narahatlıq duymaları təəccüblü deyil -RƏY

Türkiyənin Osmanlı İmperiyasını bərpa etməyə necə başladığını görə bilərsiniz. Bu, Rusiya və İran üçün böyük məğlubiyyətdir. Ukrayna ruslar üçün prioritetdir, bu isə bizim üçün çox təhlükəlidir, çünki Rusiya Qafqazda da eyni seçimi edə və bu bölgədən geri çəkilə bilər.
Bu sözləri erməni ekspert, siyasi elmlər doktoru Artur Xaçikyan yerli mediaya açıqlamasında deyib. O, iddia edib ki, Türkiyədən deyirlər ki, növbəti sizsiniz, biz buranı (Suriyanı – red.) bitirib, Zəngəzura gələcəyik. Xaçikyanın sözlərinə görə, İrana hücum ola bilər “Belə məlumatlar ABŞ mənbələrindən gəlir. İran da sarsıdıcı cavab verəcəyi ilə hədələyir. Əgər İrana hücum olsa, bizim tərəfimizdə dayanan sonuncu ölkə çox məşğul olacaq, dünyanın diqqəti başqa yerə yönələcək. Biz isə 1915 rəqəminə qayıdacağıq (Xaçikyan qondarma soyqırımı, əslində isə türklərə arxadan zərbə vurmaqlarını və xəyanəti xatırladır – red.)”.


“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, ermənilər həmişə öz himayədarlarının hesabına mövcudluqlarını qoruyublar:

“Müasir dövrdə ermənilərin himayədarları problemlərlə üzləşməkdədir. Ona görə də Ermənistan cəmiyyətində və siyasi dairələrində ciddi xof yaşanır. Bu səbəbdən də gələcəyə yönəlik pessimist və xəbardarlıq xarakterli açıqlamalar verirlər. Guya Ermənistan cəmiyyətini vahid mərkəzdə birləşdirməyə çalışırlar. Ancaq müasir dövr erməni faktorunu arxa plana atmağa başlayıb. Hazırda dünyada erməni faktorundan istifadə olunsa da, sözügedən proses öz əhəmiyyətini itirir. Yaxın gələcəkdə erməni faktoruna önəm veriləcəyi də inandırıcı görünmür. Erməniləri narahat edən əsas məsələlərdən biri də bundan ibarətdir. Gələcəkdə Ermənistan İran, Amerika Birləşmiş Ştatları və Avropa Birliyinin dəstəyini itirmə reallığı ilə barışmalı olacaq. Hətta Fransada Emmanuel Makron hakimiyyəti dəyişdikdən sonra onların Ermənistan siyasəti indiki məzmun və keyfiyyətdə qalmayacaq. Bundan sonra Fransa Azərbaycanla daha normal münasibətlərə üstünlük verəcək, çünki Azərbaycanın regional və beynəlxalq əhəmiyyəti getdikcə güclənir. Hesab edirəm ki, heç bir Qərb dövləti öz maraqlarını erməni faktoruna qurban verməz. Sadəcə olaraq ermənilərdən alət kimi istifadə olunur. Bütün bunları nəzərə aldıqda ermənilərin köhnə bayatılarla narahatlıq duymaları təəccüblü deyil. Ermənilər himayə altında qalmağa öyrəşiblər və həmin himayənin itirilmə təhlükəsi ilə üzləşəndə hay-küy salmağa başlayırlar”.