Azərbaycan sülhə hazırdır, Ermənistan yox

Səməd Seyidov: “Dağlıq Qarabağ Respublikasının” tanınması ilə bağlı məsələnin müzakirəyə çıxarılmasının əhəmiyyəti yoxdur”

"Ermənistan parlamentində "Dağlıq Qarabağ Respublikasının” tanınması ilə bağlı məsələnin müzakirəyə çıxarılmasının əhəmiyyəti yoxdur. Ona görə ki, bu mənasız prosesi başlatsalar, Ermənistan dünya qarşısında özünü birbaşa işğalçı dövlət kimi təqdim edəcək. Digər tərəfdən isə Ermənistan danışıqlar prosesinə ən böyük zərbə vuran tərəf kimi qiymətləndiriləcək. İşğalçı dövlət dünya ictimaiyyəti qarşısında üzərinə götürdüyü öhdəliklərin tam şəkildə pozulmasını büruzə verəcək. Yəni, bu, Ermənistan parlamentində yalnız və yalnız populist və hansısa dairələrin sifarişini yerinə yetirməkdən başqa bir şey deyil”.

Bu sözləri Avropa Şurasının Parlament Assambleyasında (AŞ PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov Ermənistan parlamentinin "Dağlıq Qarabağ Respublikasını tanıması haqqında” qanun layihəsinin müzakirəyə çıxarılmasına münasibət bildirərkən deyib. S.Səmədov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Ermənistan tərəfində və dünya güclərinə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu və beynəlxalq qanun çərçivəsində həllinə hazırdır. Buna baxmayaraq Ermənistan parlamenti bu cür qərarları gündəmə gətirməklə danışıqlar aparmaq və sülh yolu ilə məsələnin həlli iqtidarında deyil: "Hesab edirəm ki, ermənilərin bu niyyətlərinin heç bir nəticəsi olmayacaq. Hətta hər hansı nəticə olsa belə, bu ancaq Ermənistanın özünə mənfi təsir göstərəcək”.

Erməni əsgərlərinin Azərbaycan və Türkiyə bayrağına qarşı hörmətsizliyini əks etdirən kadrlara da münasibət bildirib: "Azərbaycan və Türkiyənin bayraqları müqəddəsdir. Odur ki, bu bayraqları heç vaxt heç kəs tapdalaya bilməz. Ermənilər bu cür məntiqə sığmayan hərəkətləri ilə bir daha onu göstərirlər ki, sülhə hazır deyillər. Öz üzərlərinə götürdüyü öhdəlikləri icra edə bilmirlər. Bu cür hərəkətlərlə onlar regionda distabilizasiya faktoru kimi özlərini dünyaya nümayiş etdirirlər. Əminəm ki, ermənilər ordu daxilində belə bir məsələləri həyata keçirirlərsə, deməli, həmin ordu bir qrup qanunu pozan və başqa dövlətin torpağını işğal etmiş insanlar kimi qiymətləndirilməlidir. Bu o deməkdir ki, Ermənistanda sözün əsl mənasında ordu yoxdur. Ermənistan ordusu bir qrup silahlı quldurdan ibarətdir. Bunlar əllərinə silahları götürüb başqa dövlətlərin bayraqlarını təhqir edirlər. Mən də baxdım bu kadrlara. Bilirsiniz, bütün bunlara bir söz demək olar. Belə hərəkətlər gücsüzlüyün əlamətidir. Yəqin ki, erməni əsgərinin gücü yalnız buna çatır. Ona görə də televiziyada göstərməkdən başqa heç bir imkanı və əlacı qalmır”.

Deputat beynəlxalq təşkilatların Azərbaycana qarşı təzyiqindən də danışıb: "Demokratiya, insan haqları, qanunun aliliyi məsələlərindən istənilən qurum tərəfindən hansısa ölkəyə qarşı alət kimi istifadə olunması düzgün deyil. Bu məsələlər dövlətə qarşı təzyiq alətinə çevrilməməlidir. Azərbaycan tərəfi bütün beynəlxalq təşkilatlara elan edib ki, istənilən məsələlərdə müzakirələrə hazırdır və heç bir müzakirədən imtina etmir. Hətta heç bir tənqiddən də çəkinmirik. Amma biz xüsusilə insan haqlarından dövlətə təzyiq vasitəsi kimi istifadə olunmasının əleyhinəyik. İmkan verməyəcəyik ki, demokratiya və insan hüquqları məsələlərindən bizə qarşı istifadə olunsun”.