Ermənilər video yaydılar

Bunun adı tərbiyəsizlikdir

İllərdir hər platformada Türkiyə və Azərbaycan əleyhinə fəaliyyət göstərən ermənilərin yeni bir həyasızlığı da ortaya çıxıb. Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağda hərbi keçid təşkil ediblər.

"Nümunəvi” göstərilər zamanı Azərbaycan və Türkiyənin dövlət bayraqları təhqir olunub. Bir neçə gündür sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan videoda erməni hərbçilərinin hərbi bacarıqlarını nümayiş etdirdikləri görünür. Daha sonra isə onlar Azərbaycan və Türkiyə bayrağı əks olunmuş daşı sındırıblar. Türkiyə mediasının məlumatına görə, təlimlər Azərbaycanın işğal olunmuş ərazilərində, qondarma Dağlıq Qarabağ respublikasının paytaxtı olan Xankəndində baş tutub.

Əvvəlcə separatçılar sıraya düzülərək "AZƏRBAYCAN” sözündən ibarət 10 daş lövhəni əllərində saxlayıb, eyni sayda qrup isə dövlətimizin adının hərfləri yazılmış həmin daşları eyni anda sındırıblar. Daha sonra hər biri üç daş lövhə üzərində çəkilmiş Azərbaycan və Türkiyənin bayraqları təhqir olunub. Bayraqlar önündə hərbi salam verən ermənilər həmin daş lövhələri də sındırıblar. Əslində bu hərəkətlə erməni dığaları öz gücsüzlüklərini sübut etdilər. Çünki daşa Azərbaycanın adını həkk edib onu sındırmaqla, Azərbaycan və Türkiyənin bayraqlarını yumşaq daşın üzərinə çəkib sonradan yerə çırpmaqla öz acizliklərini göstərmiş oldular. Qeyd edək ki, sosial şəbəkələrdə yayılmış bu videogörüntülər Azərbaycan və Türkiyədə ciddi etirazla qarşılanıb. Türkiyənin əksər telekanalları həmin görüntüləri əsas xəbər blokunda nümayiş etdirib, hər iki ölkənin bayrağının təhqir olunmasını pisləyiblər. Ermənilərin bu həyasızlığına beynəlxalq aləmin hansı reaksiyanı verəcəyi isə hələlik sual altındadır. Əgər Türkiyə və ya Azərbaycanda bu cür işlər görülsəydi, indi Avropa və ABŞ bizi topa tutmuş, linc etmişdi. Başqa vaxt insan haqları və demokratiyadan dərs keçən həmsədrlər görəsən ermənilərin bu iyrəncliklərinə hansı donu geyindirəcək. Çox güman ki, həmsədrlər həmişəki kimi bu dəfə də erməni tərbiyəsizliyinə susqunluq nümayiş etdirəcək. Ermənistanda Azərbaycan bayrağının təhqir olunmasından danışarkən "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov deyib ki, hər bir xalqa məxsus dəyərlər var. Heç bir xalqın, millətin mənəvi dəyərlərini alçaltmaq, təhqir etmək yolverilməzdir.

O.Əkbərov bildirib ki, bu cür addım Ermənistan hökumətinin xalqa aşılamaq istədiyi dözümsüzlük siyasətinin göstəricisidir: "Biz tolerantlıq, regionda sülhdən danışırıq, amma ermənilər bu cür addımlar atırlar. Yeri gələndə, Ermənistan Azərbaycandan qorxduğunu, təhlükəsizliyini təmin edə bilmədiyini deyir. Lakin bu video-çarxda gördüklərimiz bunların tam əksini göstərir. Azərbaycan əsgərləri həmin hərəkətlərdən qat-qat artığını edə bilərlər. Təbii ki, biz burada mənəvi zənginlik nümayiş etdiririk. Görüntülərlə bağlı dünya ictimaiyyəti sərt münasibət bildirməlidirlər. Bu cür hərəkətlər Ermənistan-Azərbaycan dövlətləri arasında aparılan Qarabağ danışıqlarına mənfi təsir edə bilər”. Şura sədri qeyd edib ki, bununla bağlı beynəlxalq ictimaiyyət qarşısında məsələ qaldırılacaq.

Ermənilərdə həmişə Azərbaycan və Türkiyəyə qarşı aqressiya olduğunu deyən Milli Məclisin Müdafiə və təhlükəsizlik şurasının üzvü, millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, bu videonun yayılmasında məqsəd Azərbaycanda qıcıq yaratmaq və danışıqlar prosesində hələ də işğalçı qüvvələrin aparıcı olduğunu nəzərə çatdırmaqdan ibarətdir.

Məlum videoda baş verənləri tərbiyəsizlik adlandıran millət vəkilinin sözlərinə görə, sivil dünyada hətta düşmən ölkələrə qarşı bu cür münasibət sərgilənmir. Bizə qonşu olan Ermənistan silahlı qüvvələrinin BMT üzvü olan iki ölkənin bayraqlarını təhqir etməsini uşaq oyunu adlandıran A.Mirzəzadənin sözlərinə görə, "cığal” qonşularımız hələ də dərk etmir ki, Azərbaycan bayrağı bu gün dünyanın mötəbər təşkilatlarında qalib olaraq dalğalanır. Ermənilər bu video ilə bir daha sivil düşüncə tərzinin onlar üçün əlçatmaz olduğunu sübut etmiş oldular.

Mənfur qonşularımızın bu addımına rəsmi Bakının mövqeyinə gəldikə isə A.Mirzəzadə "hər halda buna rəsmi reaksiya olacaq”- deyə cavab verib.

Hərbi ekspert Üzeyir Cəfərov da ermənilərin bu addımını tərbiyəsizlik kimi qiymətləndirib: "Bütün bu vəhşiliyin arxasında Azərbaycan və Türkiyəni təhqir etmək niyyəti dayanıb. Həmin kadrlarda bizim üçün təəccüblü bir şey yoxdur, onsuz da ki, ermənilərin kimliyi bizə bəllidir və onlardan hər cür şərəfsizlik gözləmək olar”.

Ermənilərin bu həyasızlığına ən tutarlı cavabın Türkiyə- Azərbaycan arasındakı münasibətlərin daha da yaxınlaşması olduğunu vurğulayan ekspert bu mənada ölkə başçısının Ankara səfərinin tam yerinə düşdüyünü vurğulayıb: "Qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında çox maraqlı proseslər gedir. Bildiyiniz kimi, son zamanlar 5 ətraf rayonun da Azərbaycana qaytarılma məsələsi dövriyyəyə buraxılıb. Fikrimcə, bütün bunlar da vaxt uzatma ssenarisinin tərkib hissəsidir. Yəni xristian təəssübkeşləri olan beynəlxalq güclər işğalçılıq siyasətini davam etdirmək üçün ermənilərə şərait yaradırlar. ATƏT-in Minsk Qrupu olan ölkələr açıq-açığına Ermənistana havadarlıq edir. Ermənilər də bundan cəsarətlənib, Azərbaycan və Türkiyəni istədikləri kimi təhqir edirlər. Sözsüz ki, həmin videonun yayılması təsadüfi deyil. Bu kadrlar birbaşa Azərbaycanın Dövlət bayrağı gününə hesablanıb. Bir şeyi də qeyd edim ki, ermənilər hər nə qədər özlərini ağıllı göstərməyə çalışsalar da, onların savadsızlığı hər addımlarında ifşa olunur. Əgər kadrlara diqqət yetirsəniz, Azərbaycan bayrağının ay-ulduzu doğru çəkilməyib. Gözü daim Azərbaycanın torpaqlarında və sərvətlərində olan mənfur qonşularımız hələ də bilmir ki, Azərbaycan bayrağı 6 yox, 8 guşəlidir”.

Ü.Cəfərovun sözlərinə görə, Azərbaycan dövləti bu hadisəyə reaksiya verməli və məsələni beynəlxalq səviyyədə qaldırmalıdır. "Əslində ermənilər tərəfindən vaxtaşırı dövlətimizi və milli dəyərlərimizi təhqir edən videoların yayılmasının bir cavabı da özümüzdədir. Biz ermənilərə və beynəlxalq güclərə başa salmalıyıq ki, Azərbaycan xalqının hissiyatı və duyğuları ilə oynamağa onların haqqı yoxdur. Odur ki, biz yaxın zamanlarda ortaya siyasi iradə qoymalı və ermənilərə torpaqlarımızdan çıxmalı olduqlarını çatdırmalıyıq. Lazım gəlsə, hədə-qorxu da gəlməliyik. Bu günə qədər beynəlxalq aləmə güvəndik də nə oldu? Hər halda işğal altında qalan bizim torpaqlarımızdır və hansı yolla olur-olsun azad etməliyik. Bu yolda heç bir təşkilatın bizə mane olmaq haqqı yoxdur”.