“Azərbaycan ordusu”nun baş redaktoru da vəzifədən gedir

İbrahim Rüstəmovu kimin əvəzləyəcəyi də bəllidir

Müdafiə naziri Zakir Həsənovun kadr islahatları davam edir. Məlumata görə, bu dəfə nazirliyin mətbu orqanı olan "Azərbaycan ordusu” qəzetinin baş redaktoru, polkovnik-leytenant İbrahim Rüstəmov vəzifəsindən kənarlaşdırılıb. Baş redaktorun işdən azad edilməsi ilə bağlı hələlik əmr imzalanmasa da, o, müalicə üçün hospitala göndərilib. Qeyd edək ki, İ.Rüstəmov baş redaktor vəzifəsinə 3 ay əvvəl təsdiqlənmişdi. Məsələyə aydınlıq gətirən baş redaktor "Azərbaycan ordusu” qəzetində fəaliyyətini davam etdirdiyini bildirərək yayılan xəbəri təkzib edib. Hazırda hospitalda olduğunu deyən baş redaktor işdən azad olunacağı ilə bağlı ona heç bir məlumatın verilmədiyini bəyan edib. Müdafiə Nazirliyindən əldə edilən məlumata görə isə, İ.Rüstəmovun hospitalda müalicə kursu yaxın günlərdə başa çatacaq. Bundan sonra baş redaktorun öz xahişi ilə işdən azad edilməsi barədə ərizəsi alınacaq. Adı açıqlanmasa da, artıq "Azərbaycan ordusu” qəzetinin baş redaktoru vəzifəsinə kimin təyin ediləcəyi də bəllidir.