Jirinovski peşiman olub

O, Qafqazla bağlı dediklərindən təəssüflənir

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Dövləd Dumasındakı çıxışında bildirib ki, Qafqaz və miqrasiya siyasəti ilə bağlı kəskin ifadələrindən təəssüflənir. Musavat.com xəbər verir ki, məlumatı RİA "Novosti” yayıb. "Çoxluq məni dəstəkləsə də, təəssüflənirəm”, - Jirinovski deyib. "Mənim verilişdə dediklərim qanun normalarında nəzərdə tutulan tədbirlərə aid idi. O ki qaldı "tikanlı məftil” ifadəsinə, bu, blokpostlardır. Nə demişəmsə, hamısı cinayətkarın yaxalanması üçün əməliyyat keçirilməsi halını nəzərdə tutur. Amma hər zaman düzgün başa düşülmürsən”, - RLDP sədri əlavə edib. Xatırladaq ki, Vladimir Jirinovski televiziya çıxışı zamanı bəyan etmişdi ki, terrorçuluğun profilaktikası üçün Şimali Qafqazda əhali artımına nəzarətin gücləndirilməsini və bu bölgənin Rusiyanın qalan hissəsi ilə tikanlı məftillərlə ayrılmasını təklif etmişdi. Bu ifadələr kəskin etirazlara səbəb oldu.