Parlamentdə büdcə müzakirələri başladı

Millət vəkilləri təhsil və səhiyyə işçilərinin maaşlarının artırılmasını vacib sayırlar

Dünəndən etibarən Milli Məclis 2014-cü ilin büdcə layihəsinin müzakirəsinə başlayıb. Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsindən danışıb. O bildirib ki, Azərbaycanın dövlət büdcəsi Ermənistan dövlət büdcəsindən 6 dəfə, Gürcüstan büdcəsindən isə 5 dəfə çoxdur. Həmçinin deputat qeyd edib ki, bəzi regionlarda işçilərin əmək haqları çox aşağıdır: "Hesab edirəm ki, əmək haqları mütləq artırılmalıdır. Bizim buna imkanımız var”.

Bundan sonra toplantıda Maliyyə naziri Samir Şərifov və Hesablama Palatasının sədrinin səlahiyyətlərini icra edən Adil Məhərrəmov büdcə layihəsi haqqında çıxış edib.

Hər iki məmur millət vəkillərini dövlət büdcəsi haqqında qanun layihəsini qəbul etməyə çağırıb.

"Sumqayıtdan paytaxta gəlmək üçün insanlar çətinliklərlə üzləşirlər”

Büdcə ilə bağlı fikirlərini bildirən deputatlar ümumilikdə layihənin təqdirəlayiq olduğunu söyləyiblər. Lakin həllini gözləyən problemləri də diqqətə çatdırıblar.

Millət vəkili Leyla Abdullayeva təmsil etdiyi Sumqayıt şəhərinin problemlərini sadalayıb. O bildirib ki, "Sumqayıt stansiya” deyilən yaşayış massivində tibb məntəqəsi, məktəb, yol və marşrut problemləri mövcuddur: "Sumqayıta dövlət büdcəsindən ayırmalar nəzərdə tutulmasa da, hesab edirəm ki, problemlərin həlli barədə hökumət düşünməlidir”. Deputat deyib ki, Sumqayıtdan paytaxta gəlmək üçün insanlar çətinliklərlə üzləşirlər: "Yollarda tıxaclar insanların gəliş-gedişini çətinləşdirir. Düşünürəm ki, Bakı ilə Sumqayıt arasında metro olmasa da, elektrik qatarları yaradılmalıdır. Bu, problemlərin qarşısını ala bilər”.

"Yüksək dağlıq ərazilərdə yaşayış məskənləri salınsın”

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli büdcədən mənzil-kommunal sahələrinə ayrılan məbləğdən danışıb. O bildirib ki, sözügedən sahəyə büdcədən ayrılan məbləğ kifayət qədər çoxdur: "Mənzil-kommunal sahəsinə ayrılan vəsaitləri daha da azaltmaq və başqa sosial layihələrə yönəltmək lazımdır”. Deputat həmçinin bildirib ki, insanların dağ yerlərində yaşayışının təmin edilməsi üçün addımlar atılmalıdır: "Azərbaycanın dağlıq hissəsinin böyük bir qismi işğaldadır. Ona görə də insanlar dağlıq ərazidə yaşamaq və ora uyğunlaşmaq vərdişlərini itirir. Yeni müdafiə nazirimiz dedi ki, biz dağlıq ərazidə vuruşmaq vərdişlərinə yiyələnməliyik. Ona görə büdcədən müəyyən vəsait yüksək dağlıq ərazilərdə yaşayış məskənlərimizin salınmasına da yönəldilə bilər. Bu, genefondumuzun formalaşmasına müsbət təsir edər. Biz Dağlıq Qarabağı qaytaracağıq. Amma bununla bərabər elə etmək lazımdır ki, insanlar o yaşam vərdişlərini unutmasınlar”.

"Təhsil naziri düşünməlidir”

Millət vəkili Musa Qasımlı büdcədən elm sahəsinə ayrılan vəsaitdən danışıb. O deyib ki, elmin inkişafı üçün əvvəlcə sağlam rəqabət lazımdır: "Elmə rəqabət gəlməsə, büdcədən nə qədər vəsait ayrılsa da, bu sahə inkişaf etməyəcək. Hesab edirəm ki, bunun üçün qabaqcıl ölkələrin təcrübəsindən yararlanmalıyıq. Elm üçün nəzərdə tutulan xərclərin keçən illə müqayisədə 12,5 faiz artmasının müsbət addımdır. İstedadlı gənclər üçün vəsaitin ayrılması dövlətin istedadlı olan gənclərə qayğısının nəticəsidir. Ən ucqar dağ kəndlərində ən müasir avadanlıqlarla məktəblər tikir. Düşünürəm ki, təhsil naziri təhsilə keyfiyyətin gəlməsi barədə düşünməlidir. Bu çox ciddi məsələdir”. M.Qasımlı həmçinin ölkədə uşaq televiziyasının yaradılmasının vacib olduğunu qeyd edib: "Mütləq uşaq televiziyası yaradılmalıdır. Bu telekanal özəl yox, AzTV-nin nəzdində fəaliyyət göstərməlidir. Niyə bizim uşaqlar başqa dəyərləri qavramalıdırlar? Öz milliliyimizlə bağlı verilişlər həmin kanalda yayımlansın ki, bu, gələcəyimiz üçün vacibdir”. Deputat həmçinin təmsilçisi olduğu Sumqayıt şəhərindəki yataqxanalar problemini qaldırıb. O deyib ki, həmin yataqxanaların normal vəziyyətə gətirilməsi üçün hökumət addımlar atmalıdır.

"Müəllimlərin, həkimlərin maaşları acınacaqlı vəziyyətdədir”

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, deputat Fərəc Quliyev büdcədən partiyalara ayrılan vəsaitin azlığından şikayət edib. Bununla yanaşı, millət vəkili hökumət üzvlərinə sual ünvanlayıb: "Siz hesab etmirsinizmi sosial ipoteka üçün 40 milyon vəsait azdır və artırılmalıdır. Və ya mütləq yoxsulluqla mübarizə siyasəti həyata keçirilməsi nəzərdə tutulursa, ehtiyac meyarı, yaşayış minimumuna yanaşma dəyişməlidir? Siz hesab etmirsinizmi ki, əlillərin sosial infrastrukturdan maneəsiz istifadəsi təmin olunmalı, müavinətləri artırılmalıdır, kölgə iqtisadiyyatına yönəli siyasət hazırlanmalıdır. Hesab edirəm ki, dövlətin maliyyə nəzarətindən çıxan, buna baxmayaraq bazarın doymasında əhəmiyyətli rol oynayan gizli biznesin aktivliyini aradan qaldırmaq lazımdır”. Deputat deyib ki, Milli Məclisin Ehtiyat Fondunun yaradılmasına ehtiyac var: "Mən bu haqda məsələ qaldırmışdım. Deputatlara bu fonddan limitin ayrılması və yerlərdə hesabata söykənən fəaliyyət üçün bu vacibdir. Həmçinin siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi mütərəqqi hadisə olmaqla yanaşı, bu vəsaitin azlığı dəfələrlə hökumətin nəzərinə çatdırılsa da, vəsait artırılmayıb. Ölkədə müəllimlərin, həkimlərin maaşları acınacaqlı vəziyyətdədir. Bu sahədə çalışanların maaşları əhəmiyyətli dərəcədə artırılmalıdır”.

"Qiymətləri artırmağa hazırlaşırsız?”

Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa deyib ki, 2014-ci il büdcəsində büdcə təşkilatlarının kommunal xərclərində artım düzgün deyil: "Bu artım nədir, burada hansı təşkilatlardan söhbət gedir? Yoxsa hökumət gələn il kommunal xidmətlərin qiymətlərini artırmağa hazırlaşır? Onsuz da ölkədə kommunal xidmətlərin qiyməti ucuz deyil. Xüsusilə enerjinin qiyməti kifayət qədər bahadır. Neft hasil edən ölkələrlə müqayisədə baxsaq, görərik ki, bizdə neftin qiyməti onların bir çoxundan bahadır. Kommunal xərclərin artımı ilə yanaşı, maaş və pensiyaların artımı isə çox azdır”.

Millət vəkili büdcə gəlirlərin 4 mənbə üzrə 2,2 milyard manat azalmasının gözlənildiyini qeyd edib: "Burada narahatlıq doğuran məsələ odur ki, həmin azalmalar nə hesabına qapadılacaq? Həmin mənbələrin sahibkarların deyil, vətəndaşların xərclərinin artması hesabına kompensasiya olunacağı ilə bağlı ciddi narazılıqlar var. Gələn il olacaq artımların yarısından çoxu dövriyyə vergilərinin artması hesabına baş verəcək. Hökumətin bu suala cavab verməsi lazımdır. Dövriyyə vergiləri nəyin hesabına artacaq? Qiymətlərin artması və ya xidmətlərin həcminin genişlənməsi hesabınamı? Əgər qiymətlərin artması hesabına olacaqsa, o zaman hökumət neft gəlirlərinin azalmasını inflyasiya hesabına kompensasiya etmək istəyir. Belə olanda hökumətin 5-10 fazilik maaş, pensiya artımı əhalinin rifah halını yaxşılaşdırmaq prinsipini yox edəcək. F.Mustafa vurğulayıb ki, Azərbaycanda çoxlu sayda yeni binalar tikilir, geniş tikinti işləri aparılır: "Amma nədənsə, bu, özünü yerli vergi büdcəsində göstərmir. Baxmayaraq ki, əksər tikinti materialları regionlardan gətirilir”.

"Təhsil kreditləri verilsin”

Millət vəkili Jalə Əliyeva təklif edib ki, əhalinin aztəminatlı hissəsinin mənzil problemini həll etmək üçün sosial mənzillər tikilməlidir. Onun sözlərinə görə, ölkədə internatlar və uşaq evlərindən məzun olan gənclər sonradan ev problemi ilə üzləşirlər: "Bu qəbildən olan insanların normal vətəndaş kimi yaşaması üçün hökumət bu problemi həll etməlidir”.

Deputat Əhməd Vəliyev isə büdcədə təhsil kreditlərinin öz əksini tapmasının vacib olduğunu söyləyib: "Bu gün məktəbi bitirən 20-25 faiz gənc sonradan təhsilini davam etdirə bilmir. Minlərlə gənc özünə iş tapa bilmir. Azərbaycanda təhsil ala bilməyən gənclərin böyük əksəriyyəti xaricə gedirlər. Bu da Azərbaycandakı maliyyə vəsaitlərinin xarici dövlətlərə axmasına səbəb olur. Düşünürəm ki, bunun qarşısı alınmalıdır. Çünki gənclərin əksəriyyəti xaricdə layiqli təhsil almırlar. Bu vəsaitin xaricə axınının qarşısını almaq üçün bir təhsil strategiyası hazırlamalıyıq və hər bir Azərbaycan gənci öz ölkəsində təhsil alıb, burada da işlə təmin olunmalıdır”.

Millət vəkili Əli Məsimli isə Maliyyə Nazirliyinin əsasnaməsinin yenidən işlənilməli olduğunu deyib: "Bu qurumun səlahiyyətləri artırılmalıdır. Sonra nazirlik daha çox vəsait cəlb edərək büdcəyə köçürə biləcək. Həmçinin, regionları daha da inkişaf etdirərək büdcəyə əlavə vəsaitlər cəlb etmək mümkündür. Həmçinin düşünürəm ki, əmək haqları artırılmalıdır. Əsas diqqət təhsil sisteminə yönəlməlidir. Azərbaycanda müəllimlərin maaşı heç 150 manata, məktəb direktorlarının maaşları isə heç 300 manata çatmır”.

Deputat əhalinin aztəminatlı hissəsinin evlə təmin edilməsi məsələsini də gündəmə gətirib. O, Almaniyanın müharibədən sonrakı təcrübəsini misal gətirərək deyib ki, insanları evlərlə təmin etmək, iqtisadiyyatın böyük irəliləyişinə səbəb ola bilir: "Bu təcrübəni Azərbaycanda da tətbiq etməklə biz iqtisadiyyatın inkişafına nail ola bilərik. Bunun üçün ucuz qiymətə - hər kvadratmetri 50-100 manata olan "xalq evləri” tikilməlidir. Bununla biz həm aztəminatlı təbəqənin evlə təmin olunmasına nail oluruqsa, digər tərəfdən, iqtisadiyyatın güclənməsinə nail olacağıq”. Əyalətlərdəki vəziyyətdən danışan deputat dövlətin qarşısında əsas 4 problemin durduğunu söyləyib: "Bunlar elektrik, su, qaz və yol probleminin həllidir. Əgər buna nail olunarsa, o zaman regionlarımızın da sürətli inkişafına nail ola bilərik. Digər əsas məsələlərdən biri də bölgələrdə yüksək maaşlı iş yerlərini açmaqdır. Bu bir daha özünü son dövrlərdəki Rusiyada yaşanan miqrasiya problemində göstərdi. Biz yerlərdə yüksək maaşlı iş yerləri açmaqla həm miqrant probleminin, həm də regionların inkişafını təmin etmiş olacağıq”.