Sərdar Cəlaloğlunun atdığı daşlar...

Onun məntiqi ilə çox böyük sayda insana haqsızlıq yarana bilər




İctimai qınaq zəif silah deyil, amma deyəsən, ADP sədri Sərdar Cəlaloğlu üçün çox zəif oldu. Çünki Səməd Vurğunla bağlı iddialarını kampaniyaya çevirməyə maraqlı görünür, bu dəfə şairə qoyulan heykəlləri diqqət mərkəzinə gətirir.

Adamda istər-istəməz belə bir sual yaranır: əgər Cəlaloğlunun gənclik yaşları sovet ideologiyasının ən qorxunc etapına düşsəydi, ona universitetlərin birində fəlsəfə dərsinin tədrisi tapşırılsaydı, o, ateizmin yerinə panteizmin təbliğatını keçirə bilərdimi? Yaxud, Mərkəzi Komitədə yüksək bir görəvdə olsaydı, hakim partiyanın tələblərindən boyun qaçırıb, istefa verərdimi?

Bəs, o, 30-40 ildən sonra özünü gözləyəcək mühakimələrə inanmırmı? 1993-cü il hadisələrinin qaranlıqlarında gizlənən Rəsul Quliyevi bu xalqa lider kimi sırıdığına görə ona tutulacaq iradları ağlına gətirmirmi? "Demokratiyaya doğru yol” (R.Quliyevin ) kitabına ön söz müəllifliyi ona baş qaxıncı olmayacaq ki? Gələcək nəsillər koalision hökumət təklifinin kökündə onun şəxsi maraqlarını axtarmayacaq ki? Axı heç kəs mühakimələrdən sığortalanmayıb?!

Fəlsəfəni, məntiqi yaxşı bilməsinə şübhə etmədiyimiz ADP sədrinin tarixə nabələdliyini iddia etməkdən uzağıq. Son zamanlar sistemli şəkildə tarixin predmeti olan faktlar ətrafında gəzişmələr edir, amma dəqiq bəllidir ki, yeni mənbələr kəşf etməyib, əlinə yeni tədqiqatlar keçməyib, sadəcə, o, tariximizi öz zehniyyəti ilə təftiş edib, müəyyən nəticələrə gəlib. Onun yeni nəsil tarixçilərə Babək, Koroğlu, Qaçaq Nəbi ilə bağlı araşdırma üçün mövzu verməsi yaxşı haldır. Amma pis olan odur ki, tarixçilərin yerinə danışır, özünün "kəşf”lərini cəmiyyətə çılpaq həqiqət kimi qəbul etdirməyə çalışır. Daha pis olan odur ki, ədəbiyyatımızın dəyərli simalarının şəxsiyyətinə, istedadına olan sevgini insanların içindən söküb qoparmağa cəhd edir. Bununla da onun Anarın üzərinə hücuma keçən bir qrup yeni yazardan heç bir fərqi qalmır.

S.Cəlaloğlu S.Vurğunu hansısa bir yanlışına görə inkar etməyə çalışarkən, onun yaradıcılığına tarixi şəraitin zorluqları ilə paralel baxmaqdan qaçır. Ədəbi yaradıcılığının poetik üstünlüyünü hansısa səhvlərin güdazına verməklə yaradıcı keyfiyyətlərinin də üstündən xətt çəkmək yolunu tutur. Halbuki azacıq insaf kifayətdir ki, səməd vurğunların bəlasını mütləq-hakim ideologiyada, sistemdə, sistemin başında dayananlarda axtarmaq lazım gəlsin.

Kimə məlum deyil ki, ədəbiyyat, mədəniyyət, kino, mətbuat sovet ideologiyasının ruporu idi?! Bugünkü siyasi sistemlərin də, siyasi sistemin idarəçiliyinə can atan hakimiyyət iddiaçılarının da ruporu təxminən eyni deyilmi, eyni olmayacaqmı? Zəlimxan Yaqub hakimiyyəti vəsf edib, Ramiz Rövşən müxalifəti. Anar Heydər Əliyevin yanında olub, Rüstəm Behrudi Əbülfəz Elçibəyin... Əgər biz hamıya bu məntiqlə yanaşsaq, sənət də, sənətkar da inkar olunacaq, bütün ədəbiyyat, bütün kitablar kürünüb, dənizə axıdılacaq. Ədəbiyyat isə faktlara, tarixi hadisələrə baxışa yox, sözün qüdrətinə, poetik gözəlliyə cavabdehdir. Ədəbiyyat hadisələrin təqdimatına görə yox, ifadələrin gözəlliyinə, poeziyanın məftunedici dilinə görə sevilir. S.Vurğun ona qoyulan heykəlləri Qacarı fars hökmdarı kimi göstərməklə qazanmayıb, böyük bir nəsli sevgi dolu şeirlərinin cazibəsində saxlamaqla, haqqı çatdığını alıb.

...O, "Vaqif”i yazana qədər artıq sovet tarixçiləri Qacar dövrünü araşdırıb (?) başa vurmuş, ədəbiyyat, mətbuat üçün "etibarlı” istinad mənbəsi ortaya qoymuşdular. Kimin ixtiyarı var idi ki, sovet tarixşünaslığına şübhə ilə yanaşıb, öz ehtimal və fəhmi əsasında ədəbi əsər yazaydı. Axı Səməd Vurğun tədqiqatçı deyildi ki, arxivləri alt-üst edib, həqiqətləri sovet tarixçilərindən oğurlayaydı.

S.Cəlaloğlunun barmaqla tuşlamaq istəmədiyi, əslində ədəbiyyatı gözdən salan baş təqsirkar-sovet rejimi bizim etnik kimliyimizə, mədəniyyətimizə balta çalmaqla məşğul olub. Bu yaxınlarda məlum oldu ki, ölkəmizin sərhədləri Avropa qitəsinə düşdüyü halda, sovet coğrafiyaşünasları bizi avropalı kimi təqdim etməkdən çəkinib, bu qitəyə düşən 161 hissəsini məqsədli şəkildə Asiyada göstəriblər. Əgər çox da uzaq olmayan keçmişdə böyük Çin Rusiyaya torpaq iddiası irəli sürməsəydi, Lev Qumilyovun "Türklərin tarixi” kitabı heç vaxt işıq üzü görməyəcək, türk xalqları milli mənşəyin davasını başlada bilməyəcəkdi. Bu davanın sonu tarixçilərə Qacar və onun kimi onlarla tarixi fenomenin gerçək kimliyini tanıtmağa imkan yaratsa da, bizim tarixçilər arxivlərin altını üstünə çevirdilərmi? Son 20 ildə Qacarla bağlı əlimizə gəlib çatan tədqiqat fransız Jan Gevrin "Xacə Şah” tarixi romanıdır ki, bu tarixi şəxsiyyətin xacə olmasının səbəbi ilə bağlı üç ehtimaldan biri üzərində belə, inamlı şəkildə dayanılmayıb. Zaman və məkandan başqa düz olmayan tarixdə hadisələr, faktlar və nəticələr həmişə maraqlara uyğun təhrif olunub, ya da şişirdilib. İstənilən dövrdə belə, araşdırmalar gerçəkliyi tam ortaya qoymur. Odur ki, Vurğun poeziyasının əzəməti bir tarixi səhvə və hətta bu gün də hərtərəfli araşdırılmayan keçmişə niyə qurban getməlidir? Fakt budur ki, S.Vurğun qılıncının dalı-qabağı kəsən rejimdən, saxta tarix kitablarından irəli gələn xətaları öz poeziyasının möhtəşəmliyi gölgəsində buraxmağı bacarıb.

Bu gedişlə Cəlaloğlunun atdığı daşlardan biri Üzeyir Hacıbəyovu da gözləyir. Çünki qəhrəmanlığı, şəxsi keyfiyyətləri şübhə altına alınan Koroğlu üçün Hacıbəyov ən möhtəşəm üvertüranı, operanı yaradıb. Bu gedişlə həmin daşlardan biri xalq artisti Bülbülə dəyir. Çünki Koroğlunun obrazını o yaradıb. Daha bir daş Ziya Bünyadovu gözləyir. Çünki Babək dövrünün Azərbaycanda sanballı araşdırıcısı Z.Bünyadov olub. Gəlin baxaq: bir siyasətçinin məntiqiylə nə qədər qiymətli insanın üzərindən xətt çəkilə bilər?! Halbuki onların ruhunu incitmək yerinə, bütün bunlara səbəbkar sovet ideologiyasının ölmüş cəsədini bir daha tapdalamaq daha ədalətli mövqe olardı.

...ADP sədrinin məntiqiylə həmin daşlar müstəqillik dövr mətbuatına, onun aparıcı imzalarına da tuşlanır. Yeni nəsil ədəbiyyatçılarına da. Hətta siyasətçi nəslinə də. Çünki heç bir ideologiyada, heç bir siyasi sistemdə büsbütün müstəqil olmaq mümkün deyil. Əminik ki, o daşlardan biri mütləq Sərdar Cəlaloğluna da dəyəcək.