“...Müdafiə olunacağıq”

Hikmət Babaoğlu: “Niyə sadəcə “Yeni Azərbaycan” qəzetini hədəfə aldıqları düşündürücüdür”


"Milli Şura”nın prezidentliyə vahid namizədi olmuş Cəmil Həsənlinin seçki qərargahının üzvləri "Yeni Azərbaycan” qəzetini məhkəməyə verməyə hazırlaşırlar. Buna səbəb qəzetdə C.Həsənli barəsində "təhqiramiz” yazıların yer alması iddiasıdır.

Məsələyə münasibət bildirən seçki qərargahının həmsədri Arif Hacılı bu barədə ölçü götürüləcəyini deyib: "Biz hüquqşünaslarla məsləhətləşirik, faktla bağlı qısa müddətdə məhkəməyə müraciət ediləcək”. Seçki qərargahının üzvlərindən olan AXCP sədrinin müavini Gözəl Bayramlı isə qeyd edib ki, qərargahda məsələ ilə bağlı müzakirə getmədən, C.Həsənli yazılarla bağlı məhkəməyə müraciət edə bilməz: "Məsələ geniş şəkildə qərargahda müzakirə olunduqdan sonra bu barədə konkret qərar veriləcək. Bu başdan nəsə demək düzgün olmaz”.

İddialardan xəbərdar olduğunu deyən "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu "Şərq”ə açıqlamasında bildirib ki, konkret olaraq hansı yazıdan söhbət getdiyini bilmir: "Düzü, iddianın motivlərini dəqiq bilmirəm. Yəni bizi konkret hansı yazımıza görə ittiham edirlər, bəlli deyil. Ona görə də bu barədə ətraflı danışmaq imkanım yoxdur. Amma bütövlükdə bildirmək istəyirəm ki, "Yeni Azərbaycan” qəzeti heç vaxt peşə etikasını pozmur və təhqiramiz ifadələr dərc etmir. Qəzetimiz ənənəvi olaraq yüksək ictimai mədəniyyətlə, jurnalist etikası çərçivəsində tənqidi, siyasi və diplomatik yazılar verir. Ancaq heç bir halda təhqiredici sözlər işlətmir”. Baş redaktor vurğulayır ki, "Milli Şura” və onun lideri haqqında müxtəlif mətbu orqanlarda ən sərt şəkildə tənqidi yazılar dərc olunub və bu gün də olunur. Amma niyə sadəcə "Yeni Azərbaycan” qəzetini hədəfə aldıqları düşündürücüdür: "Əgər qəzetimizi məhkəməyə vermək qərarına gəliblərsə, qoy versinlər, öz işləridir. Təbii ki, konkret fakt ortaya çıxarsa, müdafiə olunacağıq. Biz daim sağlam və etik müstəvidə siyasi mübarizəmizi aparırıq və bundan sonra da belə davam edəcəyik”.