“Meyvəli”də Ermənistandan gətirilən “xəstə” kartof aşkarlanıb

Eyyub Hüseynov: “Yalnız indi deyil, bir müddət öncə də belə xoşagəlməz vəziyyət yaşanıb”

Gürcüstandan Azərbaycana ixrac olunan kartofda infeksiyalı xəstəlik aşkarlanıb. Azərbaycan gömrükçülərinin və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının "Meyvəli” Ticarət Mərkəzində apardığı araşdırmalar zamanı Gürcüstandan gətirildiyi ehtimal edilən kartofda xəstəlik müəyyən olunduğu üçün yükləndiyi maşınlar möhürlənib. Kartofun Gürcüstandan deyil, Ermənistandan gətirildiyi iddia olunur.

Qeyd edək ki, sözügedən məsələ Gürcüstanla Ermənistan arasında da qalmaqal yaradıb. Ermənistandan Gürcüstana ixrac olunan kartofda bir sıra infeksiyalı xəstəliklərin aşkar olunması iki ölkə rəsmilərinin qarşılıqlı ittihamları ilə müşahidə olunur. 2013-cü ildə Ermənistanın Gürcüstana ixrac etdiyi 3.2 min ton kartofun 1137 tonu infeksion xəstəliyin aşkar olunmasına görə geri qaytarılıb. Gürcüstan tərəfi bildirib ki, Sadaxlı gömrük-nəzarət məntəqəsində Ermənistandan Gürcüstana keçirilən axırıncı partiya yoxlanılarkən ciddi xəstəliklər aşkarlanıb və bu, rəsmi Tiflis ilə İrəvan arasında gərginlik yaradıb. Sözügedən olay səbəbindən Gürcüstan hökuməti Ermənistandan kartof ixracını dayandırıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə Azərbaycana bu cür kartofların gətirilmədiyini deyib. Nazirlik sözçüsü "Şərq”ə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib: "Azərbaycanda istehsal olunan kartof əhalinin tələbatını tam şəkildə ödəyir. Bütün bazarlarda yerli kartoflar satılır. Bunu bazarlarda müşahidə etmək elə də çətin deyil. Əhalinin bu məhsula olan illik tələbatı 400 min tondursa, ölkəmizdə ildə 9 yüz min tondan artıq kartof məhsulu istehsal olunur. Bir daha qeyd edirəm ki, bu, yanlış informasiyadır. Azərbaycana gətirilən hər bir məhsulun keyfiyyəti sanitar nəzarət xidməti və ekspertiza laboratoriyaları tərəfindən yoxlanılır. Həmin nəzarət təşkilatları hadisə haqqında hər hansı bir fakt göstərməyib”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə bu halın mümkün olduğunu qeyd edib: "Yalnız indi deyil, bir müddət öncə də belə xoşagəlməz vəziyyət yaşanıb. Hələ 1990-cı ildə belə analoji hadisələr baş vermişdi. Qarşısını aldıq. Amma yenə də həmin kartoflar Azərbaycan bazarlarına gətirilir. Gürcüstanın Sadaxlı, "Tavuş” bazarlarında yüzlərlə azərbaycanlı alış-veriş edir. Ona görə də Gürcüstan vasitəsilə Ermənistan kartofunun Azərbaycana ixrac olunması istisna deyil”. Birlik sədri vurğulayıb ki, belə proseslərin həllini qanunlarda axtarmaq lazımdır: "Azərbaycanda qidanın təhlükəsizliyi haqqında qanun, mükəmməl ekspertiza və istehlakçı siyasəti yox səviyyədədir. Yalnız biznesin inkişafı siyasəti var. Qanunlarda dəyişiklik olarsa, normal fəaliyyət göstərən ekspertiza qrupu yaradılarsa, gətirilən məhsulu ekspertiza edən orqanla əhalinin sağlamlığında duran orqan bir əldə birləşməzsə, məmurlar bizneslə məşğul olmazlarsa və onlarla AİB kimi maarifçi təşkilatlar təşəkkül taparsa, belə halların qarşısını almaq mümkündür”.