“Etiraf edim ki, təklif gözləyirik”

Tahir Kərimli: “Biz də idarəçilikdə təmsil olunmaq istəyirik”

"Ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi kadr islahatlarından gözləntilərimiz çoxdur. Partiyanın elə bir siyasi şurasının iclası yoxdur ki, sözügedən məsələ orada müzakirə olunmasın. Partiyamızda iqtisadçı, hüquqşünas və digər sahələr üzrə potensiallı şəxslər var. Onlar Azərbaycan üçün çox faydalı işlər görə bilərlər”.

Bu sözləri "Şərq”ə "Vəhdət” Partiyasının rəhbəri Tahir Kərimli Azərbaycan prezidentinin reallaşdırdığı kadr islahatlarına münasibət bildirərkən deyib. Partiya liderinin sözlərinə görə, ölkə başçısının həyata keçirdiyi sistemli islahatlarda ona yardımçı ola bilərlər: "Etiraf edim ki, belə bir təklif gözləyirik. Amma ortada heç nə yoxdur. Bu yöndə təklif alarıqsa, məmnun olarıq. Bəzi mətbu orqanlar dərhal reaksiya verirlər ki, "Vəhdət” Partiyası idarəçilikdə təmsil olunmaq üçün yalvarır. Belə deyil. Biz deyirik ki, vəzifəsiz də keçinə bilərik. Keçinirik də. Hesab edirəm ki, bu, yalvarmaq kimi deyil, ölkəmizə fayda vermək kimi qələmə verilməlidir. Uzun illərdir indiki iqtidarı dəstəklədiyimə baxmayaraq övladlarım işsizdirlər. Bunu pərdə arxasına keçirmirəm. Yenə də sabitlik naminə İ.Əliyevin siyasi kursunu dəstəkləyirik. İctimai mühitin yumşaldılması uğrunda mübarizə aparmışıq. İqtidarın müsbət cəhətlərini bildirmişik. Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsini arzu etmişik. Bu sahələrdə dövlətə və millətə xeyirli işlər görə bilməyimizdən əminik”.

Partiya sədri onu da qeyd edib ki, idarəçilikdə təmsil olunmasalar belə İ.Əliyev iqtidarını dəstəkləyəcəklər: "Dövlət rəhbərliyindən də bilirlər ki, qurumumuzun kifayət qədər sosial bazası mövcuddur. "Vəhdət” Partiyası tarixi partiyadır. Çox önəmli xidmətlərimiz olub. Düşünürəm ki, partiyamızdan kiməsə idarəçilikdə yer verilməsə, partiyada məyusluq olacaq. Amma bu, o anlama gəlməli deyil, biz indiki iqtidarı dəstəkləməyəcəyik. Yenə də İ.Əliyevi müdafiə edəcəyik. Biz Azərbaycanda sabitliyin və sülhün qarantı olan İ.Əliyevin yanındayıq”.