Razılaşdırılmış ssenari...

Ərdoğanla Bülənd Arıncın ziddiyyətli açıqlamaları publikaya hesablanıb



Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanla baş nazirin müavini, hökumət sözçüsü Bülənd Arınc arasında fikir ayrılığı yaranıb. Bülənd Arınc "TRT Türk” kanalına müsahibəsində tələbə yataqxanaları ilə bağlı Rəcəb Tayyib Ərdoğanın və onun söylədikləri arasında təzad olduğunu bəyan edib.

Ərdoğanla mübarizə dostları olduğunu və eyni qədəri paylaşdıqlarını vurğulayan Arınc baş nazirin "yataqxanalarda qız və oğlan tələbələrin birgə qalmaması ilə bağlı qanuna düzəliş edərik” deməsi, bir valinin də bunu dəstəklədiyini bəyan etməsinin düzgün bir davranış olmadığını qeyd edib. Baş nazirin "gənc qız və oğlanların bir yerdə qalması yanlışdır” sözlərinin onun söylədikləri ilə ziddiyyət təşkil etdiyini bildirən Arınc baş nazirdən bu ziddiyyəti aradan qaldırmağı gözlədiyini bəyanlayıb.

Qeyd edək ki, eyni komandada təmsil olunan Ərdoğan və Arınc arasındakı fikirayrılığı ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, AKP rəhbərliyi arasındakı fikir haçalanmasını siyasi priyom kimi dəyərləndirən politoloq Qabil Hüseynli baş nazirlə müavinin səmimiyyətinə inanmadığını deyib. Onun sözlərinə görə, onlar arasındakı bu fikir ayrılığı birmənalı olaraq publikaya hesablanıb:

- Onlar arasındakı fikir ayrılığı əvvəlcədən razılaşdırılmış və ssenariləşdirilmiş addımdır. İctimai rəydə yaranmış qütbləşməni idarə etmək üçün siyasi "priyom”dur. Bülənd Arınc və Ərdoğan hər ikisi eyni cür düşünən və eyni mənsəbə qulluq edən adamlardır. Eyni komandada olmasalar belə Arıncla Ərdoğanın fərqli düşünmələri mümkün deyil. Qaldı ki, yataqxanalarda qız və oğlan tələbələrin birgə qalmaması ilə bağlı qanuna düzəliş məsələsinə, onların fikirləri bu yöndə heç vaxt toqquşa bilməz. Onların hər ikisi yataqxanaların ayrı-ayrı tikilməsinin, hətta oğlanlarla qızların ayrı-ayrı dərs keçməsinin tərəfində olan adamlardır. Bu gün onlar məktəblərin ayrılması prosesində iş görürlər, sabahları da "mollaxana”lar açıb, oğlanlarla qızların bir yerdə dərs almasını birdəfəlik qadağan edəcəklər”.

Bülənd Arıncın avantürist olduğunu vurğulayan politoloq onun müasir dövrlə müqayisədə çox geridə qaldığını bildirib. AKP komandasının islahat adı altında apardığı dəyişiklikləri qəbul etmədiyini deyən politoloqa görə, Ərdoğanla Arınc arasındakı bu razılaşdırılmış fikir ayrılığı AKP rəhbərliyinin ölkəni demokratik dəyərlərlə idarə etmə görüntüsünün yaradılmasına hesablanıb: "Onlar xalqa çatdırmaq istəyir ki, yataqxanalarda qız və oğlan tələbələrin birgə qalmaması ilə bağlı qanun demokratik bir ortamda müzakirə olunub və bütün iradlar dinlənilib. Onlar bununla da adi vətəndaşların gözünə girməyə çalışırlar”.