Akkreditasiya çıxış yolu deyil

Müəllimlərin əməkhaqlarını artırmaq üçün təhsildə köklü dəyişikliyə ehtiyac var



Azərbaycanda müəllimlərin maaşı qaneedici səviyyədə deyil. Bu məsələ problem olaraq dəfələrlə təhsil ekspertləri, millət vəkilləri, eləcə də ayrı- ayrı ictimai xadimlər tərəfindən səsləndirilib. Hətta müəllimlərin əməkhaqlarının həddindən artıq aşağı olması bir neçə dəfə rəsmi şəxslər tərəfindən də etiraf edilib. Ancaq müxtəlif səbəblərdən problem açıq olaraq qalıb. Son günlər isə müəllimlərin maaş azlığı yenidən gündəmə gəlib və bu dəfə problemin aradan qaldırılması üçün ölkədə müəllim ixtisarına ciddi ehtiyac olduğu vurğulanıb. Məlum olub ki, müəllimlərin əməkhaqqısının bir neçə dəfə artması üçün müəllimlərin ixtisarına ehtiyac var. Müəllimlərin ixtisarı üçün isə ən uğurlu variant kimi onların akkreditasiyadan keçirilməsi vurğulanıb. Yəni attestasiya yolu ilə beynəlxalq standartlarla uyğun şəkildə müəllimlərin sayını azalda, digər tərəfdən, onların əmək haqlarını minimum 500 manata qaldırmaq olar.

Təhsil Nazirliyinin texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov da mətbuata açıqlamasında akkreditasiyadan keçən müəllimlərin daha yüksək əməkhaqqı alacağını vurğulayıb. Onun sözlərinə görə, peşəsini yaxşı bilən mütəxəssislərlə yanaşı, işinin məsuliyyəti və tədris etdiyi ixtisas barədə geniş məlumata malik olmayan müəllimlərə də rast gəlinir. Bu da kadr hazırlığına mənfi təsir göstərir, dövlət vəsaitinin səmərəsiz xərclənməsinə səbəb olur. Şöbə müdiri qeyd edib ki, hazırda nazirlik tərəfindən pedaqoji heyət haqqında məlumat toplanır və sistemləşdirilir. Bütün təhsil pillələri üçün akkreditasiya qaydaları müəyyənləşdirildikdən sonra layihə şəklində hökumətə təqdim olunacaq. N.Məmmədov onu da vurğulayıb ki, akkreditasiyanın keçirilməsində əsas məqsəd təkcə müəllimlərin pedaqoji və təhsil səviyyəsinin qiymətləndirilməsi deyil, bu, həm də gələcəkdə diferensiallaşdırılmış əməkhaqqı sisteminin tətbiqi zamanı da faydalı olacaq. Onun fikrincə, yaxşı mütəxəssis yaxşı əməkhaqqı almalıdır və belə olduğu təqdirdə, akkreditasiyadan keçmək istəyən şəxslərin daha çox çalışması üçün stimul yaranacaq. Bu, onların yüksək əməkhaqqı almasına yardım edəcək.

Nazirliyin bu qərarının təqdirəlayiq olduğunu deyən iqtisadçı-ekspert Nazim Məmmədov da müəllimlərin akkreditasiyadan keçirilməsinin məqsədəuyğun olduğu qənaətindədir. Son illər təhsil sistemindəki nöqsanlarla bağlı nazirliyin kəskin tənqid atəşinə tutulduğunu vurğulayan iqtisadçının sözlərinə görə, bu tənqidlər isə əsassız deyildi: "Azərbaycanda Müəllimlər İnstitutu deyilən bir ali təhsil ocağı var və onun da müxtəlif rayonlarda filialları fəaliyyət göstərir. Hansı ki, həmin filiallarda qanunsuz olaraq ixtisas dəyişmələr olurdu və bu proses də adətən qiyabi formada həyata keçirilirdi. Bu da sonda fənnlər üzrə ixtisaslı müəllimlərin olmaması ilə nəticələnirdi. Xüsusən də kəndlərdə bu məsələ böyük problemə çevrilmişdi. Təbii ki, bunun da obyektiv səbəbləri vardı. Bir səbəb də bu idi ki, Azərbaycanda urbanizasiya prosesləri o qədər sürətlə gedirdi ki, demək olar ki, kəndlərdə əhalinin heç 40 faizi qalmayıb. Çox güman ki, şəhərlərə axın edən insanların arasında yüksək ixtisaslı müəllimlərin də olması təbiidir. Həmin müəllimlərin boşluğunu aradan qaldırmaq üçün isə AMİ-nin filialları diplom "peçat”ı ilə məşğul idi. Bu kimi faktlar barəsində nazirlikdə də yetərincə məlumatlar olsa da, nazirlik susurdu. Çünki bu proses onların da maraqlarına xidmət edirdi”.

İndiki mənada nazirliyin atdığı addımları və qərarlarını müsbət qiymətləndirən iqtisadçının sözlərinə görə, təhsil strategiyasının bir hissəsi olan akkreditasiya prosesinin aparılması təqdirəlayiqdir. Hər halda yüksək ixtisaslı müəllimlərin maaşının da diferensasiya olunması çox vacibdir. Mən də o fikirdəyəm ki, akkreditasiyadan keçən müəllimlər digərləri ilə müqayisədə daha çox əməkhaqqı almalıdır. Ancaq bu, elementlərdən biridir. Təhsilin səviyyəsini qaldırmaq üçün bu sahədə köklü dəyişikliklərin aparılmasına böyük ehtiyac var. Bunun üçün isə başlıca şərt təhsilin maliyyələşmə mexanizminin dəyişdirilməsi və şagirdbaşına maliyyələşməyə keçməkdir.

Müəllimlərin akkreditasiyadan keçirilməsinin çox zəruri olduğunu vurğulayan təhsil eksperti Nabatəli Qulamoğlu isə bütün deyilənlərin sadəcə formal xarakter daşıdığını bildirib: "Düşünmürəm ki, akkreditasiyadan keçən müəllimlərin əmək haqlarını artırmaqla təhsildə olan uyğunsuzluğu aradan qaldırmaq olar. Bilmirəm, bunlar akkreditasiyanı hansı səviyyədə həyata keçirəcəklər ki, müəllimlər oradan keçə biləcək. Azərbaycan təhsil sistemində kadr potensialı bərbad vəziyyətdədir. Akkreditasiya məsələsi reallaşsa, Azərbaycan məktəblərində çox ciddi müəllim qıtlığı yaşanacaq. Bu problemlə üzləşməmək üçün isə akkreditasiya prosesi mərhələli şəkildə aparılmalıdır. Yəni əvvəlcə təhsil sistemində tamamilə yararsız olan müəllimləri attestasiyadan keçirmək lazımdır”.

Uzun müddətdir ki, bu istiqamətdə müzakirələrin getdiyini vurğulayan ekspert bildirib ki, dövlət sosial partlayışdan çəkindiyi üçün akkreditasiya məsələsini reallaşdırmır: "Bu gün məktəblərdə fəaliyyət göstərən yararsız və savadsız müəllimlərin hər birini bu sistem qəbul edib, diplom verib və işə düzəldib. İndi isə bu cür müəllimlər bizə lazım deyil deməklə, sudan quru çıxmağa çalışırlar”.

Akkreditasiyadan keçən müəllimlərin daha yüksək əməkhaqqı alacağı ilə bağlı deyilənlərə gəldikdə isə N.Qulamoğlu bildirib ki, bütün bunlar müəllimlərin ixtisarına yönəlik bir prosesdir: "Neçə illərdir maaş artımı ilə bağlı müəllimlərin say çoxluğunu bəhanə gətirirlər. Müəllimlərin sayını yarıbayarı azaltmaqla ümumi büdcədən gələn gəliri qalan müəllimlər arasında bölmək istəyirlər. Halbuki maaşların 2 dəfə artması da heç müəllimlərin zəhməthaqqını ödəmir”.