ABŞ səfirindən izahat tələb olunmalıdır

Azərbaycanın torpaqları işğal olunub, ermənilərə nəyi güzəştə getməliyik?

Uzun müddətdir həlli düyünə düşmüş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq institutlar və dünyanın supergücləri zaman-zaman eyni məzmunlu bəyanatlar verirlər. Bu cür spekulyativ və diplomatik bəyanatlar verərək status-kvonu saxlayırlar. Dağlıq Qarabağ konfliktinin Azərbaycanın xeyrinə həllində maraqlı deyillər. Qarabağ münaqişəsinin çözülməməsi və Azərbaycanın ərazi bütövlüyünün tanınmaması supergüclərin xristian həmrəyliyindən irəli gəlir.

Ona görə də Qərb ölkələrinin bəyanatlarının Azərbaycan üçün heç bir önəmi yoxdur. Oxşar açıqlamalardan birini də Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar verib. Amerikalı diplomat bildirib ki, Azərbaycan və Ermənistan böyük güclərin, böyük dövlətlərin, xüsusi ilə də ABŞ-ın daha çox səy göstərməsini gözləyirlər. Səfir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi asan məsələ olsaydı, bunu həll edərdilər. ABŞ Minsk Qrupunun həmsədr ölkəsi kimi 20 ildir bu sahədə işləyir: "Biz Minsk Qrupu ilə birgə işləyərək, bu məsələnin nizamlanmasına nail olmaq üçün əlimizdən gələni edəcəyik. Hesab edirəm ki, əsas problemlərdən biri hər iki ölkə - həm Azərbaycan, həm də Ermənistanın böyük güclərin, böyük dövlətlərin, xüsusilə ABŞ-ın daha çox səy göstərməsini gözləməsidir. Regionlara səfər edərkən, küçədə insanlar məndən soruşurlar ki, məsələ niyə həll olunmur? Əmin edirəm ki, bu asan olsaydı, biz bunu edərdik. İnanıram ki, bu məsələ yalnız o zaman həll oluna bilər ki, münaqişə tərəfləri problemin birdəfəlik həllinə qəti qərar versinlər”.

Amerikalı diplomatın bəyanatını şərh edən siyasi icmalçı Qabil Hüseynli "Şərq”ə bildirib ki, açıqlamaların fundamentində Minsk Qrupunun vaxtı ilə irəli sürdüyü həll variantının əsas götürülməsi istəyi dayanır: "Hər iki tərəfin kompromisə getməsi məsələsini tez-tez gündəmə gətirirlər. Belə çıxır ki, Azərbaycan kompromisə gedərək torpaqlarını Ermənistana güzəştə getməlidir. Ona görə də Azərbaycan nəyisə güzəştə getməli deyil. Günahların bərabərləşdirilməsi prinsipi təcavüzkarla təcavüzə məruz qalan ölkəyə eyni nöqtədən yanaşma kökündən yanlışdır”.

Q.Hüseynli bildirib ki, Morninqstar sadəcə Amerika tərəfinin nəsihətini göndərir: "Nəsihət ondan ibarətdir ki, tərəflər qarşılıqlı güzəştə getməyi bacarmalıdır. Torpaqları işğal olunmuş bir ölkə hansı konsensusa getməlidir? Azərbaycan üçün yeni kompromiss Dağlıq Qarabağın Azərbaycana qaytarılması ola bilər. Qərb rəsmiləri "tərəflər kompromisə getməlidirlər” fikrini beynimizə yeritməyə çalışırlar. Zənnimcə, Amerika, Fransa və ələlxüsus da Rusiya problemin həllində beynəlxalq hüquq normalarını qətiyyən nəzərə almırlar”.

Ekspertin qənaətinə görə, Rusiya və Qərb ölkələrinin qarşısına qoyduğu məqsəd Dağlıq Qarabağın müstəqilliyinin de-yure tanınmasıdır: "Bu, doğrudan da belədir. Morninqstar ədalətli bəyanat vermək istəyirsə, deməlidir ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilsin. Bunun əvəzinə müxtəlif mülahizələr irəli sürürsə, bu o anlama gəlir ki, səfir Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmir. Dağlıq Qarabağın müstəqillik qazanması xəttini diplomatik dillə ifadə edir. Bu baxımdan hesab edirəm ki, böyük dövlətlərin heç biri prosesdə obyektiv mövqe tutmur. Bu da danışıqlar prosesinin dalana dirənməsinə gətirib çıxarır”.

Morninqstarın "Dağlıq Qarabağ münaqişəsi asan məsələ olsaydı, bunu həll edərdik” bəyanatına münasibət bildirən politoloq söyləyib ki, bu, xristian təəssübkeşliyindən başqa bir şey deyil: "Supergüclərə sual oluna bilər ki, Azərbaycanın ərazisində xristian anklavın yaranmasına niyə səy göstərirlər? Bu problemin həlli niyə çətin olmalıdır? Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bunu onlar gözəl bilirlər. Niyə başqa dövlətlərin ərazi bütövlüyünü tanıyırsan, Azərbaycana gələndə spesifiklik axtarırsan? Arsax sözünün etimologiyasını bilməyə-bilməyə arsax ermənilərinin öz müqəddəratını təmin etməkdən danışırsan. Azərbaycan öz torpaqlarını nəyə görə Ermənistana verməlidir. Dünyada hansı xalq özünün ikinci dövlətini qurub? Heç bir xalq. Dünyada 5500 xalq var. Amma cəmi 200 dövlət mövcuddur. Hansı səbəbə görə 3-5 erməninin iki dövləti olmalıdır? Morninqstar, Ağ Ev rəhbəri və Rusiya prezidenti Vladimir Putin bölgədə ermənilər üçün əlahiddə imtiyazların tanınmasına səy göstərmələrinin səbəbini izah etməlidirlər. Torpaqlarımızın bütövlüyünü istəyirik. Morninqstarın mənasız tövsiyələrinə ehtiyac duymuruq”.